image-keremova-ulviyyebackend

    1 dekabr Laçın rayonunun işğaldan azad olunmasından 1 il ötür

image-reklam_sirab_01

Adını relyefinin valehedici qayalıqlarından alan Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir və bədnam düşmənlə sərhəddə yerləşmək zamanla Laçının müsibətlər yaşamasına səbəb olmuşdur. 1905–1907 və 1914–1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində təxminən yarım milyon müsəlman həlak olmuşdur. Azərbaycan Xalq Cumhuriyyəti dövründə quldur Andronikin terrorçu əməllərinə qarşı partizan hərəkatının görkəmli lideri Sultan bəy Sultanov və qardaşı Xosrov paşa bəy Sultanovun layiqli cavab verdiyi “Qanlı dərə”- Zabıx dərəsi adlı məşhur məkan da Laçınımızda yerləşir.

Kiçik Qafqaz dağlarının qartalı – Laçın rayonu, zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir.

Birinci Qarabağ müharibəsində strateji əhəmiyyətə malik Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Bu dəhliz tarixi Zəngəzur torpaqlarından keçid kimi Dağlıq Qarabağı birləşdirirdi və düşmənə sonradan digər torpaqlarımızı da işğal etməyə imkan yaradırdı.

İşğalın nəticəsində rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirilib. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.

Qarı düşmən Ermənistan işğalçı tərəf olaraq, Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevirməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Azərbaycan hökümətinin dəfələrlə etiraz etməsinə baxmayaraq işğal müddətində qarşı tərəf Livandan və Suriyadan gəlmələri tarixi Azərbaycan torpaqlarında məskunlaşdırmaqdan çəkinmirdi.

Düşməni ilə münasibətdə belə öz insanpərvərliyini nümayiş etdirən Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi.

2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib və 5775 nəfər igid Azərbaycan oğlu bu fəxri ada layiq görülüb.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2021-ci ilin 14 fevral və 16 avqust tarixlərində Laçın rayonuna səfərləri olmuşdur. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı.

Erməni işğalından azad olunan digər Vətən parçalarımız kimi Laçın royuna da müasir formada yenidən qurulur və 30 illik həsrətdən bu yerlərin doğma sakinlərinə təhvil verilir. Regionun strateji əhəmiyyətini artıran, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır.

Sevgini ilahi eşqə çevirən, məzarında qibləyə yox sevgisinə doğru yatan müqəddəs ruhlardan olan Sarı Aşığı və yüzlərlə dahini yetişdirən Laçın artıq Azərbaycanındır və ərazi tamlığımızın simvoludur.

Laçın Azərbaycandır!

Qarabağ Azərbaycandır!!!

 

Suraxanı rayonu, R.Ənnağıyev adına 141№li tam orta məktəbin tarix müəllimi  Kərəmova Ülviyyə Rafiq qızı

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki