image-6backend

“Min bir gecə” baleti yeni quruluşda Pekində ilk dəfə təqdim olunacaq

image-reklam_sirab_01

Dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922–1984) “Min bir gecə” baleti dünya səhnələrini fəth etməkdə davam edir.

Mədəniyyət Nazirliyindən Vətəninfo.az-a verilən xəbərə görə, Sankt-Peterburqdakı Mariinski Teatrı Primorski səhnəsinin (Vladivostok) balet truppası ilk dəfə Çin Xalq Respublikasının paytaxtı Pekində çıxış edəcək. 23-25 avqust tarixlərində gerçəkləşəcək qastrol səfərində truppanın bədii rəhbəri, həmyerlimiz, Rusiyanın Əməkdar artisti Eldar Əliyevin yeni quruluşunda “Min bir gecə” baletinin tamaşası nümayiş olunacaq.

Çinli balet həvəskarları tamaşaları Pekin Milli İfaçılıq Mərkəzinin səhnəsində izləyəcəklər.

Mariinski Teatrı Primorski səhnəsinin yaradıcı heyəti yeni açılmış, müasir memarlığın şah əsərlərindən sayılan Pekin İncəsənət Mərkəzinin səhnəsində belə irimiqyaslı balet tamaşası təqdim edən ilk truppa olacaq.

Tamaşanı Azərbaycan Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Çin Milli Baletinin simfonik orkestri müşayiət edəcək. Tamaşada xor və Mariinski Teatrının Primorski səhnəsi opera truppasının solistləri Anastasiya Kikot və Samirə Qalimova, tarda solistlər – Azərbaycan Opera və Balet Teatrının solisti Ramin Əzimov (Bakı) və Nadejda Medvedeva (Vladivostok) çıxış edəcəklər.

Əsas rolları Mariinski Teatrı Primorski səhnəsinin prima balerinaları Anna Samstrelova, İrina Sapojnikova, Liliya Berejnova, premyeralarda Sergey Umanets və Viktor Mulıgin, solistlər Yuri Zinnurov, Saki Nişida, Lada Sartakova, Aleksandra Şalimova, Şizuru Kato ifa edəcəklər.

Bundan əlavə, avqustun 25-də oynanılacaq tamaşada Şəhriyar rolunu Sankt-Peterburq Mariinski Teatrının aparıcı solisti Azərbaycan Əməkdar artisti Timur Əsgərov canlandıracaq.

Qeyd edək ki, “Min bir gecə” baleti Mariinski Teatrının Primorski səhnəsi truppasının ən parlaq tamaşalarından biridir və geniş qastrol coğrafiyasına malikdir.

Xoreoqraf Eldar Əliyev qarşıdakı qastrol səfəri haqqında deyib: “Min bir gecə” baletinin Pekin ictimaiyyəti tərəfindən rənglərin zənginliyini və misilsiz mədəniyyətinin koloriti əks etdirən irimiqyaslı tamaşa kimi qəbul edilməsi bizim üçün çox vacibdir. Baletin xoreoqrafiyasını quranda mümkün qədər həm ədəbi materiala, həm də müəllifin musiqisinə uyğun olmasına çalışmışam. Ona görə də, ümid edirəm ki, bütün tamaşalar uğurlu olacaq”.

Fikrət Əmirovun məşhur ərəb nağılları əsasında yazdığı “Min bir gecə” baleti ilk dəfə 1979-cu ildə Bakıda, Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulub. “Mən istəyirəm ki, Azərbaycan musiqisi bütün dünyada səslənsin”, deyən bəstəkar Şərq melodiyalarını klassik Avropa formaları ilə uğurlu şəkildə sintez edib.

Tamaşanın librettosu görkəmli Azərbaycan yazıçıları Maqsud və Rüstəm İbrahimbəyov qardaşlarına məxsusdur.

Baletin musiqisində süjetə uyğun olaraq Yaxın Şərqin əzəməti canlanır. Bəstəkar Azərbaycanın milli aləti tarı orkestrə daxil edib və zərb alətlərinin bütün arsenalının (bonqolar, tam-tam, ksilofon, vibrafon, nağara, zəng, timpani, sinc və s.) köməyi ilə ərəb ritmlərinin zənginliyini dolğunluqla tamaşaçıya çatdırmağa nail olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki