image-cavansirbackend

2021-ci il Qarabağ münaqişəsinin bitdiyini dünyaya sübut etdi

image-reklam_sirab_01

Xalqımız Vətən müharibəsində tarixi qələbədən son­ra daha bir uğurlu ili də yola saldı. Keçən bir il bütün dünyaya göstərdi ki, artıq Ermənistan–Azərbaycan münaqişəsi başa çatıb. Prezident İlham Əliyevin Dün­ya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza müraciətində bildirdiyi kimi, ötən bir ildən artıq müddətdə bütün dünya İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etdi. Müharibədən sonra cərəyan edən proseslər Azərbaycanın haqlı, onun işğalçı Ermənistana qarşı apardığı hərbi əməliyyatların ədalətli və zəruri olduğunu bütün dünyaya bir daha sübut etdi.

Ötən ilin sonlarında keçirilmiş Soçi, Moskva və Brüssel görüşləri təcavüzkar Ermənistanın məğlub ölkə kimi Azərbaycanın qələbəsinin yarat­dığı reallığı qəbul etməli olduğunu qəti şəkildə bu oyuncaq dövlətin qarşısında qoydu. Azərbaycan rəhbərinin dediyi kimi, bu, Ermənistan üçün məcburi ev tapşırığıdır və bu ölkənin rəhbərliyi qəbul edilmiş üçtərəfli qərarları mütləq yerinə yetrməlidir.

Azərbaycan rəhbəri yeni il açıq­lamasında bu danılmaz gerçəkliyi nəzərdə tutaraq bildirdi: “İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul edərək Ermənistan da regional çərçivədə öz rolunu artıra bilər. Hər halda noyabr və dekabr aylarında Soçi və Brüssel şəhərlərində keçirilmiş görüşlər ümidve­ricidir və ümid edirəm ki, bu görüşlərdə əldə edilmiş razılaşmalar 2022-ci ildə real həyatda öz əksini tapacaqdır”.

Lakin döyüş meydanında olduğu kimi, diplomatiya masası arxasın­da da dayaqlarını itirmiş bu məğlub ölkənin hərbi-siyasi dairələri sərhəd təxribatlarına xitam vermək istəmir. Ermənistanla sərhəddə və xüsusilə Qarabağ ərazisində davamlı olaraq təxribatların həyata keçirilməsinin iki səbəbi ola bilər. Birincisi, bu təxribatlar Paşinyanın iradəsindən xaric müxalif qruplar tərəfindən təşkil oluna bilər. Bu Ermənistan daxilindəki siyasi mübarizə ilə əlaqədar olub, Paşinyan hökümətinin hakimiyyətdən uzaqlaşdırılması məqsədilə təşkil oluna bilər. Çünki bəzi hallarda, sanki, ölkə rəhbərliyi bu təxribatlardan xəbərsiz kimi görü­nür. İkincisi, Paşinyan hakimiyyətinin düşünülmüş planları əsasında da belə təxribatlar təşkil oluna bilər.

Ermənistan 44 günlük müharibə zamanı Azərbaycanla üz-üzə qaldı və nəticə bəllidir. Müharibə dövründə bü­tün səylərinə baxmayaraq, Ermənistan xarici qüvvələri öz tərəfinə çəkə bilmədi.

Amma müharibədən sonrakı vəziyyət də Paşinyan hakimiyyəti üçün olduqca ağırdır. Artıq çox ciddi və Ermənistan üçün taleyüklü məsələlər barəsində qərar vermək lazımdır. Ermənistan rəhbərliyi isə bu qərarları təkbaşına verməyə qorxur. Odur ki, mümkün qədər digər dövlətləri, məsələn, heç olmasa, Minsk qrupunun həmsədrləri olan dövlətləri və eləcə də mümkün olan bütün beynəlxalq təşkilatları qalan məsələlərin həllinə cəlb etməyə çalışır.

Özünün Azərbaycanla birbaşa danışıqlarda əldə edə bilməyəcəklərini digər dövlətlər və ya beynəlxalq təşkilatlar vasitəsilə əldə etməyə çalışır. Müharibədən keçən dövr onu göstərir ki, artıq Ermənistan–Azərbaycan münaqişəsi başa çat­mışdır və beynəlxalq təşkilatlarıın gündəliyində belə bir məsələ yoxdur. Bu isə Ermənistana sərf etmir. Odur ki, vaxtaşırı təxribatlar törətməklə Ermənistan, guya, Qarabağda yaşayan ermənilər üçün həyati təhlükə olduğunu beynəlxalq birliyə təlqin etməyə və bu bəhanə ilə yenidən dünyanın diqqətini bölgəyə cəlb etməyə çalışır.

Təcavüzkar ölkə müharibədən sonra Azərbaycan üçün ağrılı nəticələr qoyub getmişdir. İrimiqyaslı dağıntıları aradan qaldırmazdan əvvəl Azərbaycanın qar­şısında işğaldan azad edilmiş ərazilərin minadan təmizlənməsi kimi ağır və zəruri bir problem dayanır. Azərbaycan dövləti minaların təmizlənməsi və xəritələrin əldə edilməsinin də öhdəsindən uğurla gələcək.

Bu işdə artıq bir sıra dövlətlər və beynəlxalq təşkilatlar da özlərinin maddi və texniki yardımını göstərirlər. Amma istənilən halda Ermənistanın mina xəritələrini təqdim etməkdən imtina etməsi və dəqiq olmayan xəritələr verməsi hərbi cinayətdir. 30 il ərzində çoxsaylı cinayətlər, o cümlədən Xocalı soyqırımını törətmiş Ermənistandan mina xəritələrinin xoşluqla verilməsi kimi bir addımı gözləmək sadəlövhlük olardı. Ermənistan o xəritələri yalnız məcbur edilməklə verə bilər.

O ki qaldı erməni separatizminə və revanşizminə dəm tutan bəzi dövlətlərin açıq-gizli mövqeyinə, bu, bizim üçün heç təəccüblü deyil.

30 il ərzində 1 milyon soyadşımızın öz torpağında qaçqına və köçkünə çevrilməsi ilə nəticələnən işğal fak­tına göz yuman dövlətlərdən nə gözləmək olar? Əgər bütün dövlətlərin və beynəlxalq təşkilatların apardıq­ları siyasət humanizm prinsiplərinə əsaslansaydı, o zaman heç müharibələr də olmazdı, dağıntılar və itkilər də baş verməzdi.

Amma məlumdur ki, son 2 yüz ildə dünyanın müharibəsiz günü, demək olar ki, olmayıb. Bütün bunlar siyasətin özünün ədalət, humanizm, beynəlxalq hüquq kimi prinsiplərdən kənarda aparılmasının nəticəsidir. Yəni humanizmdən və ya ədalətdən danışmaq hələ humanist və ədalətli siyasət yürütmək demək deyil. Qlobal siyasətdəki mövcud durum budur.

Azərbaycan liderinin dönə-dönə vurğuladığı kimi xalqımız artıq dünyada müzəffər xalq kimi, Azərbaycan dövləti isə müzəffər ölkə kimin tanınır: “Ötən bir ildə Azərbaycana olan ənənəvi dəstək və hörmət daha da artdı və bunun başlıca səbəbi İkinci Qarabağ müharibəsindəki Zəfərimiz, müharibə dövründə bütün müharibə qaydalarına riayət etməyimiz və müharibədən sonra özümüzü ləyaqətlə aparmağımız idi”.

Prezident İlham Əliyevin Yeni il müraciətində bəyan etdiyi kimi, Azərbaycan dövləti hərbi gücü­nü bundan sonra da artıracaq. Vətən müharibəsində bütün dünya Azərbaycanın hərbi gücünü gördü. Ordumuzun qəhrəmanlığı, fədakarlığı, peşəkarlığı dastana çevrildi.

Ermənistan dövləti və onun ipə-sapa yatmaq istəməyən davakar dairələri uduzmuş siyasət və dağıdılmış ordu ilə bu gücün qarşısında nə edə biləcəyinin fərqində olmalıdır. Əks halda, torpedo­ların dəlik-deşik etdiyi gəmiyə bənzəyən Ermənistan bir dövlət kimi sulara qərq ola bilər.

Cavanşir FEYZİYEV,

Milli Məclisin deputatı,

fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki