image-reklam-veteninfo
image-1backend

“ABŞ DAYANMAĞIN VACİB OLDUĞUNU ANLADI” – “Rusiya ABŞ-dən nümunə götürməlidir”

image-reklam-veteninfo

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev İran-ABŞ münasibətləri, İrandakı daxili vəziyyət və Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikirlərini bölüşüb.

Vətəninfo.az  xəbər verir ki, partiya sədri İran və ABŞ arasında əldə olunan atəşkəs razılaşmasını şərh edərək bildirib ki, tərəflər faktiki olaraq müharibədən əvvəlki vəziyyətə qayıdıblar.

Deputatın sözlərinə görə, ABŞ bu prosesdə qələbə qazana bilməyib, İran isə ciddi itkilərə baxmayaraq məğlub olmayıb: “Müharibənin başlaması uğursuzluq, sülh isə hər iki tərəfin qələbəsidir. ABŞ Prezidenti Donald Tramp üçün sülhün əldə olunması qarşıdan gələn Konqres seçkiləri və neft qiymətlərinin aşağı səviyyədə saxlanılması baxımından vacib idi. İran üçün də sülh iqtisadi səbəblərdən zəruri olub, çünki ölkənin neft ixracında yaşanan problemlər iqtisadiyyata və əhalinin sosial vəziyyətinə ciddi təsir göstərirdi”.

Bununla belə, deputat memorandumun imzalanmasına baxmayaraq yekun sülh sazişinin əldə olunması yolunda ciddi risklərin qaldığını bildirib. Onun fikrincə, müharibəyə səbəb olan əsas məsələlər üzrə hələ razılıq yoxdur və yaxın müddətdə bunun mümkün olub-olmayacağı sual altındadır.

İrandakı daxili vəziyyətə də toxunan Q.Həsənquliyev bildirib ki, ölkədə genişmiqyaslı islahatlar aparılmasa, gələcəkdə vətəndaş qarşıdurması qaçılmaz olacaq:

“İran beynəlxalq sanksiyaların aradan qaldırılması üçün cəsarətli qərarlar qəbul etməli, daxildə ciddi islahatlar həyata keçirməlidir”, – deyə o vurğulayıb. Deputat hesab edir ki, problemlərin səsləndirilməsini rejimə qarşı çıxış kimi qiymətləndirmək və tənqidçilərə qarşı repressiyalar tətbiq etmək yanlış yanaşmadır. Onun sözlərinə görə, problemləri gizlədən və tənqidi boğan şəxslər həm cəmiyyətə, həm də hakimiyyətə ən böyük zərəri vururlar.

Qüdrət Həsənquliyev İranın daxili barışığa nail olmaq üçün addımlar atmalı olduğunu, həm daxili, həm də xarici siyasətinə yenidən baxmasının vacibliyini qeyd edib. O bildirib ki, Azərbaycan İranın təkamül yolu ilə, qansız qarşıdurmalar olmadan inkişaf etməsini arzulayır.

Rusiya-Ukrayna müharibəsinə münasibət bildirən deputat qeyd edib ki, Moskva da Vaşinqton kimi reallıqları nəzərə almalı və müharibənin dayandırılması istiqamətində addımlar atmalıdır.

“Rusiya ABŞ-dən nümunə götürməlidir. ABŞ gördü ki, istədiyinin hamısını əldə edə bilmir və dayanmağın vacib olduğunu anladı. Rusiya-Ukrayna cəbhəsində hər ay on minlərlə insan həyatını itirir və bu qətliam dayandırılmalıdır. Müharibənin davam etməsi Rusiyaya müsbət nəticə vəd etmir, çünki iqtisadiyyat artıq hərbi xərclərin yükünü daşımaqda çətinlik çəkir”.

Qüdrət Həsənquliyev əlavə edib ki, Ukraynanın Rusiyanın dərinliklərində yerləşən strateji obyektlərə zərbələr endirməsi və uzaqmənzilli dronlardan istifadəsi müharibənin gələcək taleyinə təsir göstərə biləcək amillərdəndir. “XXI əsrin insanı bir-birini öldürməməlidir”, – deyə deputat fikirlərini yekunlaşdırıb.“AzPolitika”




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki