Vəsait sərhəd infrastrukturunun yenilənməsinə, müasir nəzarət avadanlıqlarının quraşdırılmasına və yeni gömrük laboratoriyasının yaradılmasına yönəldiləcək.
Ermənistan sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 19,6 milyon avroyadək kredit cəlb edəcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ermənistan Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ermənistanın maliyyə naziri Vahe Ovannisyan AYİB-in Davamlı İnfrastruktur Qrupunun Avrasiya üzrə direktoru Yekaterina Miroşnikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Ermənistanla AYİB arasında uzunmüddətli əməkdaşlıq, həyata keçirilən layihələrin gedişatı və yeni təşəbbüslərin reallaşdırılması imkanları müzakirə olunub.
Tərəflər strateji infrastrukturun inkişafı, regional əlaqələrin gücləndirilməsi, sərhəd və logistika infrastrukturunun modernləşdirilməsi, su anbarlarının tikintisi, eləcə də bərk məişət tullantılarının idarə olunması sisteminin yaradılması məsələlərinə toxunublar.
Görüş çərçivəsində Ermənistan Respublikası ilə AYİB arasında Dövlət Gəlirləri Komitəsinin sərhəd-keçid məntəqələrinin modernləşdirilməsinə dair kredit sazişi imzalanıb. İmzalanma mərasimində Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Hakobyan da iştirak edib.
Ermənistan Maliyyə Nazirliyinin açıqlamasına əsasən, kredit iki tranş şəklində təqdim olunacaq və ümumi məbləği 19,6 milyon avroyadək təşkil edəcək.
Layihə çərçivəsində sərhəd-keçid məntəqələrinin infrastrukturu yenilənəcək, müasir sərhəd nəzarəti avadanlıqları quraşdırılacaq və yeni gömrük laboratoriyası yaradılacaq.
Rəsmi məlumata görə, proqramın əsas məqsədi Ermənistanın sərhəd və gömrük idarəçiliyi imkanlarını gücləndirmək, eləcə də gömrük prosedurlarının səmərəliliyini artırmaqdır.


























