image-10backend

ABŞ-ın Prinston Universitetinin erməni tələbələrinin təxribatı uğursuz olub

image-reklam_sirab_01

Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Birləşmiş Ştatların ən qədim və nüfuzlu təhsil ocaqlarından olan Prinston Universiteti tərəfindən təşkil olunan “Qafqaz regionu yol ayrıcında: Sülh və əməkdaşlıq üçün çağırışlar və perspektivlər” (“The Caucasus Region at a Crossroads: The Challenges and Prospects for Peace and Cooperation”) adlı vebinarda iştirak edib.

Vətəninfo.az xəbər verir ki, ali təhsil ocağının internet səhifəsi vasitəsilə canlı yayımlanan vebinara təkcə Prinston Universitetinin deyil, digər ali təhsil müəssisələrinin müəllim və tələbələri də qatılıb.

Prinston Universitetinin Yaxın Şərq araşdırmaları üzrə professoru Bernard Haykelin idarəçiliyi ilə baş tutan paneldə çıxış edən X.İbrahim şərqlə qərb arasında yerləşən Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin və dinlərin mehriban birgə yaşayış məskəni olduğunu qeyd edib, mədəni müxtəlifliyin, multikulturalizmin xalqımızın ənənəvi dəyərləri olduğunu, tarixin bütün dövrlərində müxtəlif etnik dinlərə və qruplara məxsus xalqların sülh və barış içində yaşadığını deyib.

Ölkəmizin təkcə milli səviyyədə deyil, beynəlxalq səviyyədə də mədəniyyətlərarası dialoqun və sülhün fəal təbliğatçısı olduğunu vurğulayan səfir Azərbaycanın Ermənistan istisna olmaqla, yerləşdiyi regionun bütün ölkələri ilə müxtəlif platformalarda iki və çoxtərəfli əməkdaşlıq əlaqələri barədə ətraflı danışıb.

X.İbrahim izləyiciləri Ermənistanın ölkəmizdə 30 ilə yaxın həyata keçirdiyi işğalçı siyasətin ağır nəticələri, Vətən müharibəsi nəticəsində beynəlxaq səviyyədə tanınan ərazi bütövlüyünün bərqərar olunması barədə məlumatlandırıb.

Səfir baş verənlərə baxmayaraq Azərbaycanın Ermənistanla sülh şəraitində münasibətlərin bərpasını hazır olduğu bildirib. O, bölgədə sülhün bərqərar olunmasının sadəcə Ermənistan üçün deyil, regionun digər ölkələri üçün də faydalı olacağını bildirib:

“Biz hər zaman coğrafyamızda sülhü dəstəkləmişik. Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır. 10 noyabr 2020 və 11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli bəyanatların icrası da elə məhz buna xidmət edir”.

Səfir bir saat davam edən paneldə müxtəlif mövzularda Pr.B.Haykelin və tələbələrin suallarını cavablandırıb, xarici mətbuatda ermənilərin diktəsi ilə yayımlanan bir sıra xəbərlərdəki yalanlara aydınlıq gətirib.

Qeyd edək ki, Prinston Universitetində təhsil alan erməni tələbələr X.İbrahimin qatıldığı konfransının ləğv olunması üçün müxtəlif təxribatlara əl atıblar. Onlar sosial şəbəkələrdə yaratdıqları qruplardan ali təhsil ocağına müraciətlə vebinarın ləğv olunmasını tələb ediblər. Ancaq ermənilərin təxribatı uğursuz olub və universitet baş verənlərə məhəl qoymadan vebinarın uğurla keçməsinə şərait yaradıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki