Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və Türk İnternet Media Birliyinin Xarici Əlaqələr Şurasının sədri Aqil Ələsgər Almaniyanın Hamburq şəhərində fəaliyyət göstərən türk medi quruluşlarının rəhbərləri ilə bir araya gəlib.
Vətəninfo.az xəbər verir ki, görüş Hamburq Türk Mətbuat Birliyinin dəvəti və təşkilatçılığı ilə baş tutub.
Hamburq Türk Mətbuat Birliyinin sədri Əhməd Durmuş, Türk İnternet Media Birliyinin Almaniya Təmsilçiliyinin rəhbəri, “Post” qəzetinin Hamburq təmsilçisi Ərdal Altundaş, “Türksəs” qəzetinin baş redaktoru Emin Sağlıq, Hamburqun ictimai radiosu “Tide”ın proqram aparıcısı və “Anılar FM”in sahibi Rıza Atamtürk və digər jurnalistlərlə bir araya gələn Aqil Ələsgər Azərbaycan və Türkiyə mediasının ortaq fəaliyyətini, və Qarabağ savaşından sonra regionda dəyişən mənzərəni müzakirə ediblər.
Azərbaycanın 44 günlük Vətən savaşının türk dünyası üçün yeni bir mərhələnin başlanğıcı olduğuna diqqət çəkən Aqil Ələsgər Qərbi Azərbaycana qayıdış siyasəti ilə bağlı da türk jurnalistlərə geniş məlumat verib. “Biz niyə Qərbi Azərbaycan qayıdış istəyirik? Bu qayıdış bölgədə əbədi sülhə necə təsir göstərəcək? Biz qayıdış dedikdə, Ermənistana qarşı ərazi iddiası edirik?” kimi çoxsaylı suallara cavab verib.
Görüşdə Almaniyada yaşayan türk jurnalistlərlə əməkdaşlıq perspektivləri də geniş müzakirə olunub, həm Türk İnternet Media Birliyi, həm də Mətbuat Şurası ilə birlikdə görülə biləcək işlərdən danışılıb.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Belçikanın Brüssel, Hollandiyanın Amsterdam və Rotterdam, Almaniyanın Hamburq, Köln, Duisburq, Düsseldorf, Obenhausen şəhərlərində türk media qurumlarının rəhbərləri ilə keçirilən görüşlər Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin “Avropa Türk Mediasında Qərbi Azərbaycanın təbliği” layihəsi çərçivəsində baş tutub.
Səfərlə bağlı geniş məlumat veriləcəkdir.