image-img-20240720-wa0003backend

“Avropa Siyasi Birliyi” Zirvə toplantısında Azərbaycana olan yüksək diqqət

image-reklam_sirab_01

Azərbaycan Avropanın enerji təhlükəsizliyin təmin olunmasında əvəzedilməz ölkələrdən biridir. Ona görə də Azərbaycanın iştirakı olmadan “Avropa Siyasi Birliyi” Zirvə toplantısında enerji təhlükəziliyi sahəsində müzakirələrin aparılması əhəmiyyətsiz olardı. Bu gün ölkəmiz Avropanın bir neçə ölkəsinə qaz ixrac edir. Avropa İttifaqı ilə Azərbaycan arasında bağlanan razılaşmalara görə, bir neçə il ərzində bu tədarükün həcmi daha da artırılmalıdır. Rusiya–Ukrayna müharibəsinə görə Avropanın özünün enerji təhlükəsizliyini təmin etdiyi vasitələr məhdudlaşıb. Ukrayna ərazisindən keçərək Macarıstana, Sloveniyaya və Avstriyaya gedən Rusiya qazını ilin sonunda kəsəcəyini bəyan edib. Bu da Şərqi Avropa ölkələri üçün enerji təhlükəsizliyi sahəsində əlavə olaraq böyük gərginlik yaradacaq.

İyulin 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak edən Prezident İlham Əliyevə olan yüksək diqqət, səmimiyyət, liderlərin görüş üçün müraciətləri Azərbaycanın qitə üçün önəminin bariz nümunəsidir. Onlar Prezident İlham Əliyevi özlərinin enerji təhlükəsizliyi məsələsində qarantor, xilaskar kimi görür və qiymətləndirirlər. Birliyin Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dövlətimizin başçısının çıxışı da rəğbətlə və maraqla qarşılandı.
Prezident İlham Əliyevin dəyirmi masada söylədiyi “enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir. Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir. Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq” fikirləri Avropa ölkələri üçün böyük dəstəkdir.
Ölkəmiz enerji sahəsi ilə yanaşı nəqliyyat–kommunikasiya sahəsində də böyük imkanlara malikdir, bu istiqamətdə böyük işlərə rəhbərlik edir. Bu gün dünyada gedən müharibələr, siyasi və hərbi münaqişələr səbəbindən Şərq–Qərb ticarət yolları bağlanmaq üzrədir. Lakin Azərbaycan dünyaya iki qitəni birləşdirəcək təhlükəsiz, qısa, şaxələnmiş Orta Dəhliz marşrutunu təklif edir. Prezident İlham Əliyevin siyasəti beynəlxalq enerji və ticarət yollarının keçdiyi ərazilərdə sabitliyin qorunmasına, regionun başqa qüvvələrin münaqişə mərkəzinə çevrilməməsinə yönəlib. Bunun nəticəsində ölkəmiz təkcə özünün deyil, Cənubi Qafqazın, Mərkəzi Asiyanın siyasi və hərbi, Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Bu da Azərbaycana beynəlxalq münasibətlərin, sadəcə, iştirakçısı deyil, qurucusu, istiqamətverici qüvvəsi olmaq imkanı verib.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki