image-1backend

Avropanın ən böyük qastronomiya turizmi tədbiri “QastroShow” İstanbulda

image-reklam_sirab_01

İstanbulda Avropanın ən böyük qastronomiya turizmi tədbiri olan “QastroShow” başlayıb.

Türkiyə və dünya qastronomiya dünyasının tanınmış nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanı Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov təmsil edir.

Tədbir Türkiyənin Turkuvaz Media Qrupu və Qastronomiya Turizm Dərnəyinin əməkdaşlığı ilə təşkil olunub.

Mərasimdə çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy son illər turizm tendensiyalarında böyük dəyişikliyin olduğunu deyib.

Bildirilib ki, keçmiş və indiki turizm anlayışları arasında böyük fərq var. Bu baxımdan beynəlxalq tendensiyalar izlənilir. Bu gün dünyada yeni bir turizm var. Türkiyə bu perspektivi ən yaxşı analiz edən və yeni yanaşmaya uyğun bazis hazırlamağa çalışan ölkələrdəndir.

Nazir Türkiyənin zəngin qastronomiya keçmişinin olduğunu və hazırda dünya turizmi reytinqində ilk beşlikdə yer almağa başladığını bildirib. 2023-cü ildə Türkiyənin turizm gəliri əvvəlki ilə nisbətən 12 faiz artaraq 56 milyard dollara çatıb.

Tədbirin “Dünya qastronomiya turizmi və Türkiyənin gücü” mövzusunda panel iclasında çıxış edən Dünya Qastronomiya Assosiasiyasının prezidenti Erik Volf UNESCO-nun yemək sənətini bir mədəniyyət nümunəsi olaraq tanımasının vacibliyini qeyd edib.

E.Volfla həmfikir olduğunu bildirən Tahir Əmiraslanov Azərbaycanın dünya mətbəxinə böyük töhfələr verdiyini vurğulayaraq, azərbaycanlıların qidanın insanı xoşbəxt etmək üçün çox vacib olduğuna inandığını deyib.

Tədbir “Sağlam qidalanma və dünyada iqlim dəyişikliyinin qidaya təsiri” və “Qastronomiya turizmində yeni tendensiyalar” mövzularında panel iclaslarla davam etdirilib.

İki gün sürəcək tədbirdə qastronomiya turizminin bütün aspektləri, eləcə də mövcud tendensiyalar, yeni məhsul və xidmətlər, sektordakı ən son nailiyyətlər müzakirə olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki