“İlk dəfə Azərbaycanın Avropa İttifaqına işlənmiş dərinin ixracına icazə verilib. Bu, əlamətdar hadisədir”.
Veteninfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, heyvan mənşəli qidalardan ilk dəfə dəri ixracına icazə verilir: “Növbə ilə digər heyvan mənşəli qidaların Avropa İttifaqına ixracı istiqamətində tədbirlər həyata keçiriləcək. Bu təbii ki, sadə proses deyil. Qida Təhlükəsizliyi Agentliyi yarandığı andan etibarən üç il ərzində bu sahədə tədbirlər həyata keçirirdi.
Bu, Azərbaycanda heyvan xəstəliklərinin nəzarətdə olmasına dəlalət edir. Növbəti addım kimi, yun, bal və digər heyvan mənşəli məhsulların mərhələlərlə Avropa İttifaqına ixracı üçün addımlar atılacaq”.
O əlavə edib ki, artıq Azərbaycanda iki şirkətin işlənmiş dərinin ixracı ilə bağlı müsbət cavab alınıb.