Və ya İslahatların kölgəsində qərəzli informasiya oyunu
Son dövrlə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və onun tabeliyində fəaliyyət göstərən qurumların fəaliyyətinin işıqlandırılmasında müəyyən media subyektlərinin qeyri-obyektiv, bəzi hallarda isə qərəzli yanaşması diqqət çəkir. Ayrı-ayrı problemlərin təqdimatında seçici mövqe, görülən işlərin nəticələrinin diqqətdən kənarda saxlanılması və neqativ məqamların birtərəfli şəkildə qabardılması obyektiv informasiya mühitinə dair suallar yaradır.
Təbii ki, heç bir dövlət qurumu tənqiddən kənarda deyil. İctimai nəzarət, jurnalist araşdırmaları və problemlərin işıqlandırılması sağlam cəmiyyətin vacib elementləridir. Lakin tənqid faktlara, balanslı yanaşmaya və obyektivliyə əsaslanmalıdır. Bir problemin qabardılması ilə yanaşı, onun aradan qaldırılması istiqamətində görülən işlərin də təqdim edilməsi informasiya məsuliyyətinin tələbidir.
Bu gün ölkənin su təsərrüfatında infrastrukturun yenilənməsi, magistral və təsərrüfatdaxili kanalların təmizlənməsi, suvarma sistemlərinin bərpası, yeni su və kanalizasiya xətlərinin çəkilməsi, işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı su layihələrinin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Bu proseslərin miqyası və əhəmiyyəti danılmazdır. Əlbəttə, bütün problemlərin qısa müddətdə həllini gözləmək real deyil. Çünki illərlə yığılıb qalmış infrastruktur problemlərinin aradan qaldırılması zaman, resurs və sistemli yanaşma tələb edir.
Belə bir şəraitdə ayrı-ayrı media platformalarında oxşar məzmunlu neqativ materialların dövri şəkildə gündəmə gətirilməsi, görülən işlərin nəticələrinin kölgədə qalması və ictimai rəydə yalnız mənfi təsəvvür formalaşdırılması cəhdləri diqqətlə təhlil olunmalıdır. Bu yanaşmanın təsadüfi olub-olmadığı, yaxud dövlət maraqlarının təmin olunmasına maraq göstərməyən marginal dairələrin koordinasiyalı informasiya xəttinin tərkib hissəsi kimi ortaya çıxması sual doğurur.
Dövlət qurumlarının fəaliyyəti təkcə tənqid prizmasından deyil, görülən işlərin real nəticələri və qarşıya qoyulan hədəflər kontekstində də qiymətləndirilməlidir. Çünki məqsəd problemləri gizlətmək yox, onları həll etməkdir. Müsbət dəyişiklikləri görməzdən gəlmək isə nə ictimai nəzarətə, nə də obyektiv jurnalistikaya xidmət edir.
Ən əsası, ictimaiyyətin doğru məlumat almaq hüququ var. Bu hüquq nə qurumların özünüreklamına, nə də birtərəfli neqativ informasiya axınına qurban verilməlidir. Su təsərrüfatında aparılan islahatların nəticəsi də, mövcud problemlər də cəmiyyətə olduğu kimi təqdim edilməlidir.


























