image-zengezurbackend

Azərbaycan Avrasiyanın nəqliyyat habına çevrilir

image-reklam_sirab_01

Son illərdə ölkədə nəqliyyat sisteminin yenidən qurulması dövlətin məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfransın yekununda Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib.

Əsas Çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınıb və 2001-ci il fevralın 21-də rəsmi açılışı olub. Beləliklə, Azərbaycan tarixi İpək Yolunun bərpa edilməsinə öz töhfəsini verməklə, əsas inkişaf trayektoriyalarının müəyyənləşdirilməsində mühüm rol oynayıb.

Hazırda Azərbaycan Çinin təşəbbüsü ilə gerçəkləşən “İpək Yolu iqtisadi kəməri” layihəsinin iştirakçısıdır. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviq edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin etməklə, qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.

2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindən keçir.

Bakı-Tbilisi-Qars dəmir yolu Çindən Avropaya yüklərin çatdırılması müddətini dəniz daşımalarına nisbətən iki dəfədən çox azaldır. Sabitlik və təhlükəsizliyə xidmət edən Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, ikinci mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Bu layihənin tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, Mərkəzi Asiya ölkələrinin  Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, onların ticarət əlaqələrinin, iqtisadiyyatlarının inkişafında, inteqrasiyasında mühüm əhəmiyyət daşıyır.

Bakı-Tbilisi-Qars layihəsinin əsas üstünlüklərindən biri də odur ki, Azərbaycan Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinə sahib olur, bu isə iki dövlət arasında münasibətləri daha da möhkəmləndirməyə xidmət edir. Digər məsələ bu layihənin Naxçıvan Muxtar Respublikasına qədər uzanmasıdır. Gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində salınan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla yaradılan Azad Ticarət Zonasının da Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi əhəmiyyəti olacaq. Azad Ticarət Zonası beynəlxalq yükdaşıma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, yerli istehsalın təşviqi, “Made in Azerbaijan” brendinin dünya üzrə tanınmasında müstəsna xidmət göstərəcək. Azad Ticarət Zonasının regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusiya və Türkiyənin bir hissəsinin daxil olduğu və 130 milyon insanı əhatə edən bir bazara xidmət göstərməsi planlaşdırılır.

Azərbaycan Dövlət Pedaqoji Universiteti. Fatimə Talıbzadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki