image-4backend

Azərbaycan caz sənətinin əfsanəsi Vaqif Mustafazadənin yeni lent yazısı tapılıb

image-reklam_sirab_01

Azərbaycan caz sənətinin əfsanəsi, caz-muğam janrının yaradıcısı, Əməkdar artist Vaqif Mustafazadənin bu günə kimi bəlli olmayan lent yazısı üzə çıxarılıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi öz sosial şəbəkə hesabında məlumat verib. Bildirilir ki, lent yazısı müğənni, caz musiqisi bilicisi Tofiq Həsənsoy tərəfindən aşkar olunub. 1979-cu ildə Vaqif Mustafazadənin son konsertlərindən birində ifa olunan bu əsər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Bəstəkarlıq kafedrasının müdiri professor Aydın Əzim Kərimoğluya məxsusdur.

“Aydın K.Azim mövzusunda fantaziya” adlı əsəri V.Mustafazadə və dostları gitarada Ələsgər Abbasov (Türkiyədə yaşayır), zərb alətində Pərviz Ədib (Almaniyada yaşayır) və bas-gitarada Nazim Quliyev ifa edirlər.

Kamil Şahverdi paylaşımında yazıb: “… 45 il bundan əvvəl ifa olunan şedevr fantaziyanı ilk dəfə sizə təqdim etməkdən qürur duyuram. Bu lent yazısının üzə çıxması üçün dəyərli dostumuz, caz musiqisinin mahir bilicisi və təbliğatçısı Tofiq Həsənsoya təşəkkürlər!”.

Tofiq Həsənsoy isə Vaqif Mustafazadə haqqında kitab üzərində də işlədiyini bildirib: “Vaqif Mustafazadə ilə bağlı çoxsaylı qəzet məqalələri və götürdüyüm müsahibələrin rus dilindən doğma dilimizə tərcüməsi ilə məşğulam. Məqsəd gələn il Vaqif Mustafazadənin 85 illik yubileyinə bu kitabı hazır etməkdir. Həmçinin maestronun “Tallin – 66” və “Tallin – 67” caz festivallarında canlı ifasının lent yazılarından ibarət albomu təqdim etməyi qarşıma məqsəd qoymuşam”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki