image-foto-1-1backend

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

image-reklam_sirab_01

 

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Tədbirdə müzakirəyə çıxarılan birinci məsələ Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurasının tərkibi haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, hazırda dövlət siyasətinin mühüm istiqamətlərindən birini etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların  ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunması istiqamətindəki tədbirlər təşkil edir.

Akademiya rəhbəri qeyd edib ki, həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, AMEA Rəyasət Heyətinin 16 yanvar 2023-cü il tarixli qərarı ilə Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurası yaradılıb. Diqqətə çatdırıb ki, şuranın yaradılmasında əsas məqsəd Qərbi Azərbaycan icması ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, respublikada və AMEA-da Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların əlaqələndirilməsi və sistemli koordinasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsindən ibarətdir. Şuranın fəaliyyətinin daha da gücləndirilməsini təmin etmək üçün AMEA Rəyasət Heyəti tərəfindən Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurasının tərkibinə yeni üzvlərin daxil edilməsi qərara alınıb.

Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə dərin məzmunlu çıxışı digər sahələrlə yanaşı, humanitar və ictimai elmlər, tarixşünaslıq, arxeologiya, mədəniyyətşünaslıq, dilçilik, folklorşünaslıq, sosiologiya, sosial antropologiya, fəlsəfə kimi elmlərin qarşısında yeni vəzifələr müəyyənləşdirib. AMEA Rəyasət Heyətinin 23 fevral 2023-cü il tarixli iclasında “AMEA-nın Qərbi Azərbaycanın tədqiqi və təbliği ilə bağlı Tədbirlər planı”nın təsdiq edilməsi haqqında” qərarında “Qərbi Azərbaycan Ensiklopediyası”nın hazırlanması əksini tapıb. İclasda ensiklopediyanın hazırlanmasını təmin etmək məqsədilə AMEA-da müvafiq İşçi qrupu yaradılıb.

Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyi ilə bağlı da çıxış edən AMEA rəhbəri qeyd edib ki, Azərbaycan elminin tarixində müasir standartlar əsasında təşkilatlanması və institutlaşma ilə xarakterizə olunan yeni mərhələnin əsası XX əsrin əvvəllərində qoyulmuşdur: “Bu sırada ilk ümumazərbaycan elmi mərkəzi olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin xüsusi yeri var. 2 noyabr 2023-cü ildə Cəmiyyətin yaradılmasının 100 illiyi tamam olur. Cəmiyyət Azərbaycanın tarixi və etnoqrafik baxımdan öyrənilməsində, diyarşünaslıq araşdırmalarının aparılmasında, iqtisadi və təbiət elmlərinin inkişafında mühüm işlər həyata keçirib. Cəmiyyətin ən mühüm tarixi xidmətlərindən biri də 1926-cı ildə I Türkoloji Qurultayı keçirməsi olmuşdur. Azərbaycanda akademik elmin inkişafı sahəsində Cəmiyyətin əldə etdiyi nailiyyətlər bu sahədə strukturlaşmanın daha da təkmilləşdirilməsinə ehtiyac yaratmışdır. Bunun nəticəsində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 9 noyabr 1929-cu il tarixli qərarı əsasında Azərbaycan Elmi-Tədqiqat İnstitutunun Əsasnaməsi təsdiq edilmişdir. Məhz bu İnstitutun bazasında sonralar SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi, daha sonralar isə Azərbaycan filialı və nəhayət, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təşkil olunmuşdur”.

İclasda Cəmiyyətin 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar keçiriləcək tədbirlər haqqında məlumat verilib.

Tədbirdə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında daxili imkanlar hesabına əlavə maliyyə vəsaiti tələb olunmadan Arxeologiya və Antropologiya İnstitutunun yaradılması haqqında da müzakirələr aparılıb. Akademik İsa Həbibbəyli bildirib ki, yeraltı maddi mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan arxeologiya elmi ilə xalqların adət-ənənələrinin, maddi və mənəvi mədəniyyət nümunələrinin tədqiqi ilə məşğul olan etnoqrafiya elminin vahid elmi-təşkilati strukturda fəaliyyət göstərməsi bir çox hallarda özünü doğrultmur. Xalqların adət-ənənələrinin, mədəniyyət nümunələrinin tarix, etnoqrafiya və mədəniyyətşünaslığın nəzəri-metodoloji baxışlar sistemi əsasında araşdırılmasına daha çox ehtiyac olduğunu deyən AMEA prezidenti Rəyasət Heyətinin 26 may 2023-cü il tarixli qərarı ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun etnoqrafik profilli şöbələrinin AMEA-nın Tarix İnstitutunun strukturuna verildiyini bildirib. Qeyd edib ki, bundan sonra institutda yalnız arxeologiya və antropologiya elmləri sahəsində fundamental və innovativ elmi tədqiqatlar həyata keçirilməkdədir.

Akademik İsa Həbibbəyli struktur dəyişikliyinin ölkəmizdə aparılan arxeoloji tədqiqatlara diqqətin daha da artırılmasına və onu yeni inkişaf mərhələsinə qaldırmasına təkan verəcəyini söyləyib.

Müzakirələrdən sonra AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında mövcud ştat vahidi və daxili maliyyə imkanları hesabına AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun yaradılması haqqında AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.

Rəyasət Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələ AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun bazasında Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun yaradılması haqqında olub. Məsələ ilə bağlı çıxış edək akademik İsa Həbibbəyli vurğulayıb ki, AMEA-nın Tarix İnstitutunda həyata keçirilən tədqiqatların etnoqrafik və etnoloji araşdırmalarla əlaqəli inkişafının təmin edilməsi, xalqımızın maddi və mənəvi mədəniyyət abidələrinin, adət-ənənələrinin tarixi aspektdən kompleks tədqiqinin reallaşdırılması məqsədilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun etnoqrafiya elmi istiqamətini əhatə edən şöbələri Tarix İnstitutunun strukturuna keçirilmiş, bununla əlaqədar olaraq institutda yeni elmi istiqamət yaradılmışdır: “Bu yeni elmi istiqamət etnoqrafiyanın ümumi elmi problematikasına uyğun olaraq, Azərbaycan xalqının və dünyа хаlqlаrının məişət və mədəniyyəti, аdət-ənənələri, еtnik birliklərin yаrаnmаsı və inkişаfı, оnlаrın yаyılmаsı və qаrşılıqlı mədəni əlаqələri kimi məsələləri əhatə edir. Etnoslararası və etnomədəni proseslərin bir çox müasir aktual və mürəkkəb olan problemlərin öyrənilməsi, bu sahədə müsbət nəticə verə biləcək yeni konsepsiyaların hazırlanması və tətbiqi üçün digər ictimai elmlərlə yanaşı, etnoqrafiya və etnologiya böyük əhəmiyyətə malikdir”.

Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix  İnstitutunun bazasında mövcud ştat vahidləri əsasında və daxili maliyyə imkanları hesabına AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun yaradılması haqqında AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.

İclasda həmçinin AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Qarabağ  arxeoloji ekspedisiyasının yaradılması haqqında məsələ də müzakirə olunub. AMEA prezidenti diqqətə çatdırıb ki, hazırda Azərbaycanda dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin mühüm bir hissəsini Qarabağın və Şərqi Zəngəzurun qədim və zəngin mədəniyyətinin öyrənilməsi təşkil edir. Bu məqsədlə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Qarabağ və Şərqi Zəngəzur ekspedisiyası fəaliyyət göstərir. Ekspedisiya hazırda işğaldan azad olmuş ərazilərdə, Qarabağ və Şərqi Zəngəzurda arxeoloji qazıntıların və tədqiqatların həyata keçirilməsi, maddi mədəniyyət abidələrinin müəyyənləşdirilməsi, eyni zamanda erməni vandalizminin izlərinin aşkarlanması sahəsində uğurla fəaliyyət göstərir. Həyata keçirilən arxeoloji qazıntıların və tədqiqatların ardıcıl və sistemli şəkildə təşkil edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.

İclasda Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda daimi fəaliyyət göstərən Qarabağ  ekspedisiyası haqqında qərar qəbul olunub.

Həmçinin AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Xəzər arxeologiyası şöbəsinin yaradılması haqqında çıxış edən akademik İsa Həbibbəyli Azərbaycanda sualtı arxeoloji tədqiqatların sonuncu dəfə 1968-1986-cı illərdə həyata keçirildiyini, 20 ilə yaxın müddət ərzində Xəzər sahillərində və adalarda 4000-dən artıq maddi-mədəniyyət qalığının aşkarlandığını deyib. Bildirib ki, bu gün Xəzər dənizində suyun səviyyəsinin enməsi ilə əlaqədar dənizdə və sahilboyu ərazilərdə sualtı arxeoloji istiqamətdə tədqiqatların aparılması üçün yenidən əlverişli şərait yaradıb. AMEA rəhbəri ölkə başçısının Xəzər hövzəsi ilə əlaqədar çağırışlarını və mövcud reallığı nəzərə alaraq, Xəzər dənizində və sahilboyu ərazilərdə arxeoloji qazıntı işlərinin aparılmasının Azərbaycanın tarixinin və qədim mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu nəzərə çatdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki