image-1backend

Azərbaycan-Misir münasibətlərində yeni inkişaf dövrü başlayır

image-reklam_sirab_01

Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən xarici siyasət nəticəsində dövlətimiz dünyada etibarlı tərəfdaş kimi tanınır. Ən yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlər isə ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfə verir.
Azərbaycanın çoxşaxəli xarici siyasətində əsas vektorlardan biri də ərəb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsidir. İslam həmrəyliyi prinsipini daim rəhbər tutan Azərbaycan bu xüsusda ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.
Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir. Bu əməkdaşlığın qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Ümummilli Lider Heydər Əliyev ilə Misir Prezidenti Hüsnü Mübarək arasında dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaradıb. Bu gün həmin siyasi kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən, Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb.
Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ölkəmizin ədalətli mövqeyini daim müdafiə edib.
Azərbaycan-Misir əlaqələrinin inkişafına təkan verən növbəti səfər isə 2007-ci il mayın 6-8-də reallaşıb. Prezident İlham Əliyevin Misirə rəsmi səfəri zamanı Prezident Hüsnü Mübarəklə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, misirli iş adamlarının Azərbaycana sərmayə qoyulmasına cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və müxtəlif sahələri əhatə edən 12 sənəd imzalanıb.
Ötən il yanvarın 27-28-də Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana rəsmi səfəri də yaddaqalan olub. Prezident İlham Əliyevlə geniş tərkibdə görüş başa çatdıqdan sonra iki ölkə arasında bir sıra sənədlər imzalanıb.
İki ölkə beynəlxalq təşkilatlarda – BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında birgə fəaliyyət göstərir və bir-birini dəstəkləyir. Ölkələrimiz arasında ticari-iqtisadi məsələlər də gündəmdədir. Buraya əczaçılıq, sənaye sahələri, alüminium sənayesi, energetika, neft sənayesi, o cümlədən bərpaolunan energetika sahəsi və sairə daxildir. Bu istiqamətlərdə əməkdaşlıq üçün geniş perspektivlər var.
Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əlaqələr çoxşaxəlidir və bunun genişləndirilməsi üçün tədbirlər həyata keçirilir,
SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələrimiz turizm sahəsində də inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir.
Bu baxımdan Prezident İlham Əliyevin iyunun 7-də Misirə rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verərək, münasibətlərin inkişafında yeni səhifə açır.
Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə Prezident İlham Əliyev arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib. Dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.
İyunun 8-də Qahirədə prezidentlərin iştirakı ilə iki dost ölkə arasında müxtəlif sahələri əhatə edən 7 mühüm sənəd imzalanıb. Təbii ki, imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək.
Mətbuata bəyanatlarında dövlət başçısı İlham Əliyev bildirib ki: “Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Keçən il biz Prezident əs-Sisini Azərbaycanda qəbul etmişdik, bu il mən səfər edirəm. Yəni, bu onu göstərir ki, siyasi dialoq müntəzəm xarakter daşıyır. Biz razılaşdıq ki, bu siyasi dialoq bundan sonra da davam etdirilsin. Mən Prezident əs-Sisini Bakıda keçiriləcək COP29 konfransına dəvət etdim və şadam ki, mənim dəvətim qəbul edilmişdir. Eyni zamanda, bildirdim ki, Misirin COP27 sədrliyi və ev sahibliyi böyük uğurlarla nəticələndi. Bu münasibətlə həmkarımı təbrik etdim və eyni zamanda, Misirin bu sahədəki təcrübəsini öyrənmək üçün müraciət etdim və bizim nümayəndələrimiz daim təmasdadırlar”.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki