image-385847_res_01backend

Azərbaycan ordusunun Ağdama daxil olmasından bir il keçdi

image-reklam_sirab_01

Bir il əvvəl, noyabrın 20-nə keçən gecə gecə yarısı Azərbaycan ordusunun hissələri 28 ildən artıq işğal altında olan Ağdam şəhərinə və rayonun işğal edilmiş digər ərazilərinə daxil olub. Ağdamın döyüşsüz təhvil verilməsi 10 noyabr üçtərəfli bəyanatının şərtləri əsasında baş tuturdu.

Bəlli olduğu kimi, uzun illər Ermənistan ordusu Azərbaycanın Qarabağı azad etmək üçün əsas hücum istiqamətinin Ağdam olacağını təxmin edirdi və bu istiqamətdə keçilməz hesab edilən müdafiə sədləri yaratmışdı.

 

44 günlük müharibə zamanı isə Azərbaycan istiqaməti bu istiqamətdə hücuma keçməyib müəyyən qüvvə cəmləşdirərək aldadıcı manevr etmişdi və erməni qüvvələri müharibənin sonuna qədər orada xeyli qüvvə saxlamalı olmuşdu.

Nəhayət erməni ordusunun qalıqları uzun illərdir keçilməz hesab edilən müdafiə sədləri, yüz mindən çox piyada və tank əleyhinə minalar, beton bunkerlər və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtələri ilə əhatələnmiş, “Qafqazın Xirosiması”ına çevirdikləri, bir vaxtlar isə Azərbaycanın ən abad şəhərlərindən biri olan Ağdamı kapitulyasiyanın şərtlərinə uyğun olaraq döyüşsüz tərk etməli oldular.

Sonradan Ağdamda Azərbaycan bayrağını qaldırarkən prezident İlham Əliyev hərbi planların bəzi məqamlarını açıqlayaraq bildirmişdi ki, Azərbaycan ordusu onsuz da Ağdamı alacaqdı və Şuşanın azad edilməsindən sonra əsas qüvvələri bu istiqamətə cəmləşdirməklə hücum əməliyyatı planlaşdırılmışdı. Lakin düşmən təslim oldu və Ağdamı döyüşsüz geri qaytardı.

Və noyabrın 20-i saat 00.00-dan etibarən əvvəlcə Azərbaycan ordusunun xüsusi təyinatlı bölmələri istehkam bölmələrinin dəstəyi ilə Ağdama gedən yolu açdı, ardınca isə ordumuzun tank və motoatıcı bölmələri şəhərə daxil oldu, şəhərdə yeganə salamat tikili (qismən) olan Ağdam Cümə Məscidində Azərbaycan bayrağı qaldırıldı, azan səsləri yüksəldi.

 

Ötən bir il ərzində Azərbaycan işğaldan azad edilmiş digər ərazilər kimi Ağdamda da bərpa işlərini başladıb, şəhərin baş planı hazırlanıb, “Azərenerji” ASC iki yarımstansiya inşa edib və şəhərə elektrik xətti çəkilib, bir sıra sosial obyektlərin təməli qoyulub. Əsas problem isə minalanmış ərazilərdir və Ermənistan tərəfi Ağdamın mina ərazilərinin xəritəsini təqdim etsə də bu xəritələrin dəqiqliyi çox aşağıdır. Bununla belə Ağdamda o cümlədən Türkiyə hərbçilərinin dəstəyi ilə minatəmizləmə əməliyyatları ara vermədən davam edir, paralel olaraq bərpa işləri gedir.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki