image-15589-1614075907backend

Azərbaycan Ordusunun Zəngəzura daxil olmasının hüquqi əsası var

image-reklam_sirab_01

8Yunus Oğuz: “Ermənistana demək lazımdır ki, nə ilə gəlmisənsə, onunla da çıx get”

Yazıçı-publisist, Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz Qarabağda baş verən son hadisələrlə bağlı müsahibə verib. “Olaylar” həmin müsahibəni təqdim edir.

Yunus bəy, son günlər Ermənistan tərəfindən Azərbaycan ərazilərinin atəşə tutulması halları müşahidə olunur. Xüsusən, Paşinyanın Rusiya səfərindən sonra belə hallar daha da intensivləşib. Sizcə atəşkəsin pozulması hallarının arxasında hansı məqamlar dayanır?

-Ermənistan tərəfindən atəşkəsin pozulmasının arxasında çoxlu sayda məsələlər dayana bilər. Məsələn, Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa bəyənnaməsi, Şuşa bəyənnaməsində Rusiya ilə razılaşdırılmamış müddəalar, siyasətçilərin, jurnalistlərin, səfirlərin Şuşaya səfərləri Ermənistanın və bu dövlətin havadarlarının qıcıqlanmasına səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, Şuşaya, Ağdama, Füzuliyə təşkil olunan səfərlər ən azından Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına dəlalət edir. Eyni zamanda, dövlət başçısı tərəfindən gözəl açıqlamalar verilir. Prezident İlham Əliyevin vətəndaşlarımızın Zəngəzura qayıtması kimi açıqlamaları ərazi bütövlüyünün təminatına əsas verir. Bəlkələr içində itməyək, faktiki olaraq Qarabağla bağlı proseslər bizim xeyrimizə gedir. Hazıda atəşkəs pozulsa da, əslində heç atəşkəs haqqında müqavilə də yoxdur, ortada kapitulyasiya aktı var. Məlum olduğu kimi 10 noyabr razılaşmasında vətəndaşların öz doğma yurd-yuvalarına qayıtması məsələsi əksini tapıb. Bu gün həmin sənədin şərtləri pozulursa, deməli onun arxasında beynəlxalq güclərin durduğu aydındır. Şuşaya da ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsinin səfirlərinin getməməsi bir daha sübut edir ki, nə Rusiya, nə Fransa, nə də Amerika bölgədə sülhün bərqərar olunmasında maraqlı deyillər. Baxmayaraq ki, bu üç dövlətin üçü də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Həmçinin nəzərə almaq lazımdır ki, 10 noyabr razılaşmasına görə, bütün erməni silahlı qüvvələri Qarabağ ərazisindən çıxarılmalıdır. Bu baş verməsə də əraziyə Rusiya sülhməramlıları yerləşdirilib. Çox güman ki, hadisələri sülhməramlılar özləri qarışdırırlar. Bu baxımdan baş verən hadisələr bir daha göstərir ki, Azərbaycan dövlətinin və onun Prezidentinin həm bölgədə, həm də dünyada nüfuzunun artması, Türkiyənin nüfuz dairəsinin genişlənməsi, Liviyadan sonra Əfqanıstan hadisələrində də Türkiyənin rolunun artması bəzi maraqlı dairələrin narahatçılığına səbəb olub. Artıq Əfqanıstanda hökumət qoşunları  hücuma keçib. Çox  güman ki, Türkiyənin PUAları orada da işləyir.

–  Paşinyanın Rusiya səfərindən, Fransanın Qarabağın statusu ilə bağlı açıqlamasından sonra atəşkəsin pozulması deməyə əsas verirmi ki, bölgədə münaqişənin qızışmasında beynəlxalq güclərin marağı var?

–  Başa düşə bilmirəm ki, söhbət hansı statusdan gedir. Azərbaycanda ermənilərdən başqa talış və ləzgilər və başqa xalqlar da yaşayır, onların sayı ermənilərdən daha çoxdur, daha kompakt halda yaşayırlar. Bizim Konstitusiyada Azərbaycan unitar dövlətdir. O status məsələsindən dünyanın güc dövlətləri bölgələrdə  gərginliyi, münaqişə ocaqlarını saxlamaq, ayrı-ayrı dövlətləri özlərinə işlətmək üçün bir vasitə kimi istifadə edirlər. Status məsələsi birmənalı olaraq bitdi, Azərbaycan müharibədən qalib dövlət kimi çıxdı, Ermənistan da kapitulyasiya aktını imzaladı. İndi hansı statusdan söhbət gedə bilər? Prezidentin fərmanına görə, 14 iqtisadi zona yaradılıb ki, onlardan biri də Qarabaq və Şərqi Zəngəzur iqtisadi rayonudur. Bununla məsələ tamamilə bitdi. Ancaq məsələni siyasiləşdirməklə çalışırlar ki, prosesə kənar qüvvələr cəlb edilsin. Necə ki, Ermənistan-Azərbaycan müharibəsində prosesə böyük gücləri cəlb etmək istəyirdilər ki, yeni bir müharibə ocaqı yaratsınlar. Azərbaycan böyük ustalıqla bunun üzərindən keçdi və prosesləri öz xeyrinə həll etdi.

-Azərbaycan var gücü ilə çalışır ki, Zəngəzur dəhlizi məsələsi reallaşsın. Təbii ki, bu məsələdə həm Ermənistanın, həm də xarici dairələrin öz maraqları var. Demək olarmı ki, həmin maraqların fonunda Qarabağda gərginlik davam edir?

– Vətən müharibəsi öncəsi də bölgədə gərginlik hökm sürürdü. Tovuz döyüşləri baş vemişdi, Ohanyanın “Yeni müharibə – yeni ərazilər” iddiası var idi. Ardınca Füzuli və Tərtər rayonlarının atəşə tutulması son nəticədə müharibənin başlanmasına səbəb oldu. Bu gün isə Naxçıvanın atəşə tutulması, sıradan bir məsələ deyil. Məsələ orasındadır ki, atəşkəslə bağlı razılaşma olsa antiterror əməliyyatına başlamaq mümkün olmayacaq. Bu gün isə bizim əlimizdə antiterror əməliyyatı üçün güclü bir arqument var. Hətta Ermənistan ərazisində müharibə olsa belə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı proseslərə müdaxilə edə bilmir. Çünki Azərbaycanla Ermənistan arasında hələ ki sərhədlər müəyyənləşməyib. İki dövlət arasında sülh müqaviləsi, siyasi sənəd yoxdur,  delimitasiya və demarkasiya prosesi aparılmayıb. Əgər sabah Naxçıvandan qoşunlar Zəngəzura girsə, kimsə bir söz deyə bilməyəcək. Ona görə ki, iki dövlət arasında sülh müqaviləsi yoxdur. Belə bir şəraitdə hətta Şuşaya atəşin açılması bizim xeyrimizədir. Artıq Şuşaya atəşin açılması Şuşa bəyənnaməsini işə saldı. (Dünən 180 nəfərlik xüsusi təyinatlılar təyyarə ilə Naxçıvana gəldilər. Bundan sonra Şuşaya da gələcək.) Hələ ki, Monitorinq Mərkəzinin apardığı monitorinqlərin nəticələri ortada yoxdur. Əgər Ermənistan normal qaydada inkişaf yoluna qədəm qoymaq istəyirsə, iki dövlət arasında sülh müqaviləsi bağlanmalıdır, Azərbaycanın ərazü bütövlüyünü tanımalıdır və Zəngəzur dəhlizini açmalıdır. Prezident İlham Əliyev hələ iki ay öncə demişdi ki, “Ermənistan istəsə də Zəngəzur dəhlizi açılacaq, istəməsə də”. İndi istəməsə təbii ki, zor gücünə olacaq, istəsə lap yaxşı, Ermənistanın özünün xeyrinə olacaq.

-Faktiki olaraq Qarabağda erməni silahlı birləşmələri var. Rusiya sülhməramlılarının bölgəyə nəzarət etməsinə baxmayaraq erməni silahlı birləşmələri Azərbaycan ərazilərini mütəmadi atəşə tuturlar. Hazırki vəziyyət imkan verirmi ki, Azərbaycan Qarabağda antiterror əməliyyatına başlasın?

– Mən dəfələrlə demişəm ki, Azərbaycan Qarabağda antiterror əməliyyatına hazırlaşmalıdır. Naxçıvanın atəşə tutulması deməyə əsas verir ki, tərəflər müharibəyə hazır olmalıdır. Çünki, burada həm də Qars müqaviləsinin şərtləri pozulur. Hansı ki, bu müqaviləyə Türkiyə Gürcüstan, Ermənistan, Rusiya, Azərbaycan imza atıb. Bu tərəfdən, 10 noyabr razılaşmasına görə, eməni silahlıları Qarabağı tərk etməlidir, ancaq onlar geri çəkilmir. Görünən odur ki, Ermənistan müharibə istəyir. Sülhməramlıların yanında Şuşaya atəş açılırsa deməli, ya onlar özləri buna icazə verirlər, ya da özləri atəş açırlar ki, gərginlik yaransın. Ona görə, Qarabağda antiterror əməliyyatı aparılmalıdır. Laçın dəhlizi də bağlanmalıdır. Erməni diversantları məhkəmədə açıq şəkildə dedilər ki, sülhməramlıların yanından sakitcə Qarabağa silah keçiririk. Sülhməramlılar bölgədə sabitliyi pozmaq üçün ermənilərdən istifadə edirlər.

Həmçinin,  Putinin “Tvitter” dəki çıxışından irəli gedərək antiterror əməliyyatına başlamaq olar. Putin Sobçakdan bir misal çəkərək dedi ki, “nə ilə gəlibsənsə onunla da get”. Söhbət 1922-ci ildə SSRİ-nin qurulmasından gedir. Düzdür, Putin özü də böyük bir səhv elədi, baxmayaraq ki, bunu düşünmədən Ukrayna üçün demişdi. Amma Orta Asiya SSRİ-yə 1936-cı ildə girib, o biri respublikalar işğal olunub və sair. Azərbaycan isə 1922-ci ildə Zaqafqaziya Federativ Respublika adı ilə SSRİ-nin tərkibinə daxil olab. O vaxt ərazimiz tamam başqa olub, faktiki olaraq Zəngəzur bizim ərazimiz olub. İndi Ermənistana demək lazımdır ki, nə ilə gəlmisənsə, onunla da çıx get. SSRİ-yə daxil olmaq haqqında razılaşmaya görə, Zəngəzur bizimdir. Beynəlxalq hüquqa görə, bu sənəd imkan verir ki, torpaqlarımızı özümüzə qaytaraq, öz qoşunlarımızı sakitcə bu ərazidə yerləşdirək. Bu baxımdan cəmiyyətə real vəziyyətlə bağlı məlumat verilməli və antiterror əməliyyatına hazır olmaq lazımdır. Görünür ermənilər bizim PUAlar üçün darıxıblar.

-Belə məlum olur ki, antiterror əməliyyatı keçirilməyənə qədər Ermənistan sülh müqaviləsi masası ətrafında oturmayacaq?

-Yeganə məsələdir ki, Rusiya, Fransa və ABŞ Qarabağ məsələsində birgə hərəkət edirlər. Dünyada hər hansı məsələ ilə bağlı belə bir ortaq mövqe yoxdur. Həm də Rusiya Qərbi, xüsusən  də Fransa və Amerikanı bölgəyə buraxmaq istəmir. Təzad bundan ibarətdir, məlum deyil ki, bunu Rusiya necə həll etmək isyir. 30 il vəziyyəti sabit saxladılar, bölgəyə gəldilər-getdilər, “konyak diplomatiyası”nı həyata keçirdilər. Bu 30 ildə görmədilər ki, Qarabağda hansı dağıntılar baş verir, hansı istehkamlar qurulur, nə qədər mina basdırılıb. İndi isə hər şeyi görürlər, Azərbaycan xırda bir şey etsə dünya onu görür, Ermənistan isə nə etsə görmür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki