image-yunus_oguz_300318_-1backend

Azərbaycan üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirir

image-reklam_sirab_01

Yunus Oğuz: “Paşinyan bu vəziyyətdən salamat çıxsa, yaxın müddətdə sülh müqaviləsi imzalanacaq”

Azərbaycan Qarabağda qeyri-qanuni erməni silahlı birləşmələrinin tərkisilah edilməsi istiqamətində lokal xarakterli antiterror tədbirlərinə başladı və uğurla sona yetirdi. Görünən odur ki, Azərbaycan Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması məsələsində çox ciddidir. Yaranmış vəziyyətlə bağlı suallarımızı “Olaylar” qəzeti və “Olaylar” informasiya Agentliyinin baş redaktoru, siyasi şərhçi Yunus Oğuz cavablandırıb.

-Yunus bəy, Azərbaycanın Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri keçirməsinə səbəb nə oldu?

-Ermənistanın himayə etdiyi Qarabağdakı terrorçu təşkilatlar Azərbaycan dövlətinə, Azərbaycan ordusuna heç bir şans buraxmadılar. Azərbaycan dövləti Qarabağda yaşayan erməniləri iki dəfə danışıqlara dəvət etsə də bundan imtina etdilər, ermənilərə göndərilən humanitar  yardımı qəbul etmədilər, ən nəhayət terror aktı törətməyi rəva bildirlər. Bu terror aktı nəticəsində 2 mülki vətəndaş və 4 polis əməkdaşı şəhid oldu. Qanunsuz seçki keçirdilər. Bu faktlar bir daha əminlik yaratdı ki, qanunsuz erməni silahlı dəstələrini yalnız antiterror tədbirləri ilə zərərsizləşdirmək olar. Əslində bu lokal xarakterli antiterror tədbirləri 9 noyabrda imzalanmış üçtərəfli Bəyanatın müvafiq müddəasının həyata keçirilməsidir. Üç il idi ki, biz buna dözürdük. 30 il BMT, ATƏT-in Minsk qrupu bizi aldadaraq başımızın altına yastıq qoydu, indi də  3 ildir ki, eyni proses davam edir. Erməni tərəfi ən müxtəlif bəhanələrlə sülh müqaviləsi imzalamaqdan yayınır. Gah müəyyən şərt irəli sürürlər, gah statusdan danışırlar, gah da təhlükəsizlik məsələsini ortaya atırlar. Yəni, müxtəlif bəhanələrlə mövcud status kvonu hələ bir 30 il də uzatmaq istəyirdilər. Təbii ki, BMT-nin qərarlarını həyata keçirən bir ordu, Ali Baş Komandan üçtərəfli Bəyanatın da şərtlərini icra etməyə qadirdir.

-Azərbaycanı antiterror tədbirləri keçirməkdə qınayanlar da var.   

– Keçən il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Həmin bəyannamənin şərtlərindən biri də antiterror tədbirlərinin keçirilməsilə bağlıdır. Sənədin 18-ci maddəsində göstərilir ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Həmçinin 9 noyabr üçtərəfli Bəyanatın 4-cü bəndinə görə, bölgədə Rusiya sülhmərmalılarının yerləşdirilməsilə paralel olaraq erməni silahlı birləşməlri ərazini tərk etməlidirlər. Lakin 3 ildir ki, erməni silahlı birləşmələri ərazidən çıxarılmır. Əksinə, getdikcə xarici ölkələrin dəstəyi ilə həmin silahlı birləşmələr və separatçı rejim daha da həyasızlaşır. Bunun da cavabı antiterror tədbiri olmalı idi. Hazırda Azərbaycan 9 noyabr Bəyanatının şərtlərini yerinə yetirir. Burada söhbət mülki vətəndaşlara qarşı tədbirlərdən getmir. Vaxtilə Nardaranda da antiterror tədbiri keçirilib. Deməli, Azərbaycanın istənilən ərazisində dövlətin təhlükəsizliyi üçün təhdid yarandıqda antiterror tədbiri keçirilə bilər. Hardaki, Azərbaycanın dövlət təhlükəsiziliyi üçün təminat yoxdur, haradaki ölkənin ərazi bütövlüyünün parçalanmasına təhdid var, orada belə tədbirlərin keçirilməsi normal haldır. Azərbaycan Prezidentinin ABŞ dövlət katibi Blinkenlə telefon danışığından da belə başa düşdük ki, erməni silahlı birləşmələri ağ bayraq qaldırırlar, silahları təhvil verirlər, bundan sonra antiterror tədbirləri dayanır. Ali Baş Komandan hətta Blinkenə bunu deyibsə, deməli, antiterror tədbiri axıra kimi gedəcək. Azərbaycan icazə  verə bilməz ki, öz ərazisində “boz zona” yaransın. Dünyada belə zonalar çoxdur ki, onu böyük dövlətlər, imperiyalar yaradırlar. Lazım olan vaxt o “boz zona”ları işə salırlar. Biz o “boz zona”nı istəmirik. Odur ki, uğurlu antiterror tədbirləri aparılır.

-Makron Paşinyanın müraciəti əsasında söz verib ki, BMT-də bu məsələni qaldıracaq. Belə halda Azərbaycanı nə gözləyir?

– Makronun BMT-də məsələ qaldırması ilə Azərbaycanı heç nə gözləmir. BMT-nin iclası 22 sentyabrda bizim vaxtla gecə yarısı olacaq. Biz isə məqsədimizə çataraq o vaxta qədər antiterror tədbirlərini başa çatdıracağıq. 44 günə İkinci Qarabağ müharibəsini qurtardıq, çox güman ki, 44 saata da bunu bitirəcəyik. Azərbaycanı ona görə heç nə gözləmir ki, faktlar ortalıqdadır. Qarabağda silahlı birləşmələr var, Azərbaycan ərazisinə qanunsuz silahlar daşınır, terror aktları törədlilir və sair. Bunlar Azərbaycan dövlətinə, ərazi bütövlüyü və suverenliyinə qəsddir. Makron ermənilərə yaxşı görünmək üçün bu addımları atır. Əvvəl “humanitar fəlakət” məsələsini ortalığa atmışdı, indi də çox güman ki, “etnik təmizləmə” məsələsini qabardacaq. Əslində isə bunlar hamısı məqsədli şəkildə edilir. Lakin bunun Azərbaycana heç bir təsiri ola bilməz. Ən yaxşı halda bir bəyanat veriləcək ki, atəşkəs təmin olunsun, dialoqa başlansın. Biz isə bu dialoqu dəfələrlə erməni tərəfinə təklif etmişik. Hətta Azərbaycan ərazisindəki silahlı birləşmə üzvləri üçün amnistiya da elan olunub. Sözsüz ki, bu amnistiya separatizmi qızışdıranlara, dövlətə qarşı cinayət törədənlərə şamil edilməyəcək. Elə onları qorxudan da budur. Separatçıların içərisində ən hiyləgəri Arayik çıxdı. Pullarını yığdı, istefa verdi, bəlkə də heç Xankəndində də yoxdur. Rusiya sülhməramlılarının xətti ilə oranı tərk edib. Çünki o bildi ki, artıq antiterror tədbirləri labüddür. Vardanyan isə çıxa bilməyib, ilişib orada qalıb. Ona da cinayət işi açılıb ki, sən Qarabağ, Ermənistan vətəndaşı da deyilsən, Rusiya vətəndaşı olaraq bu ərazidə nə edirsən?

-Qarabağın erməni əsilli vətəndaşları ilə reinteqrasiya məsələsində razılığa gəlinməsini mümkün hesab edirsinizmi?

-Əslində, ermənilərin qanında bizə qarşı nifrət hissi var. Elə bu səbəbdən də hansı ərazi boşalırsa, orada evləri yandıraraq tərk edirlər. Şuşaya mina atırlar, tarixi abidələri dağıdırlar, flora və faunanı məhv edirlər. Bunlarla razılığa gəlmək  mümkün deyil. Odur ki, Azərbaycan tərəfi bəyan edir ki, kim bizim qanunları qəbul edib yaşamaq istəyirsə buyursun. Yəqin ki, sadə, kasıb ermənilər, əli qana batmayan, azərbaycanlılara qarşı cinayətdə iştirak etməyən şəxslər qalacaq. Əksəriyyət isə çıxıb gedəcək. Artıq bunun üçün müvafiq dəhliz də açılıb. Burada heç bir halda etnik təmizləmədən söhbət gedə bilməz. Çünki etnik təmizləmə insanları öldürmək deməkdir, onların çıxışı üçün dəhliz açmaq yox. Bakıda 30 min erməni ailəsi yaşayır, etnik təmizləmə siyasəti aparsaydıq, elə bunları Bakıdan çıxarardıq da. Onlar bilmirlər  nə desinlər.

-Antiterror tədbirlərinin nəticəsi olaraq sülh müqaviləsinin bağlanması gözlənilir?   

– Antiterror tədbirləri bitsin, Xankəndində Azərbaycan bayrağı dalğalansın, Paşinyan da etiraz aksiyalarından canını qurtara bilsə, dərhal sülh müqaviləsi imzalanacaq. Paşinyan da gözəl başa düşür ki, Ermənistanın inkişafı Qarabağın buxovundan azad olmasından keçir. Amma radikallar, revanşistlər bunu başa düşmək istəmirlər. Çünki mövcud vəziyyətdən pul qazanırlar. Burada Rusiya, Fransa, Avropa, Amerika marağı var. Məlumdur ki, Rusiya Paşinyanı cəzalandırmaq istəyir. Mən elə belə demədim ki, “Paşinyan bu vəziyyətdən salamat çıxsa”. Medvedevin sözünü xatırlayaq. Deyirdi ki, Paşinyanın arvadı gedib Ukraynada peçenye paylayır. Bunlar təsadüfi deyilmiş sözlər deyil. Paşinyanın bu kimi addımları, Amerikanın Ermənistanda hərbi təlim keçirməsi Rusiyaya od vurub. Ermənistanın hər şeyi Rusiyanın əlindədirsə, ondan necə imtina etmək olar? Amma mer seçkilərində Paşinyanın partiyasının 32 faiz səs toplaması deməyə əsas verir ki, hələ də ölkədə onun dayaqları var. Ona görə deyirəm ki, Paşinyan bu vəziyyətdən salamat çıxsa, yaxın müddətdə sülh müqaviləsi imzalayacağıq.

Artıq məğlubiyyətin əsaslarını görən, heç bir yerdən siyasi və hərbi dəstək, o cümlədən silah-sursat ala bilməyən qeyri-qanuni hərbi birləşmələr ağ bayraq qaldırdılar. Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməyə razı oldular. Sabah da Yevlax rayonunda görüş keçiriləcək. Azərbaycanın bütün şərtləri  həyata keçəcək. Sadəcə silahların təhvil verilməsi, qanunsuz silahlı dəstələrin Azərbaycan ərazisini tərk etməsi üçün vaxt tələb olunur. Çox güman ki, bunun üçün də razılaşdırılmış qrafik müəyyən ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image