image-sorosbackend

Azərbaycan üçün yeni müxalifət: Sorosçu nəşrin verdiyi mesajda hədəf nədir?

image-reklam_sirab_01

Ermənistanın sərhəddəki təxribatı, əsir götürülmüş əsgərlərimizə qarşı qeyri-insani davranışlar, nəhayət İrəvanın ev sahibliyi etdiyi beynəlxalq idman tədbirinin açılışında Paşinyan ailəsi ilə yaxınlığı olan şəxs tərəfindən bayrağımızın yandırılması. Son 10 gün ərazində Ermənistanın qınanması üçün etdiyi cinayətlərin, sülhdən dəm vuran ölkənin agendasına uyğun olmayan davranışların siyahısı daha genişdir. Amma erməni diversantlara, ekofəallara görə öz ölkəsini ittiham edən pasifistlərimizdən, novarçılarımızdan, hələ ki, heç bir reaksiya yoxdur. “No war” kampaniyası fəallarının sülh prosesini, beynəlxalq humanitar hüququ pozan İrəvana qarşı heç bir mövqe ortaya qoymamaları onlar barədə sosial mediada xeyli qınayıcı rəylər yazılmasına da səbəb oldu. Amma görünür, bu mövqesizlik təsadüf deyil.

NATO-nun sabiq baş katibi Аnders Foq Rasmussen martın sonlarında “Project-syndicate”-də müəllif yazısı ilə çıxış edərək Aİ liderlərini Prezident İlham Əliyevə təzyiq etməyə çağırır, Azərbaycan-Ermənistan sərhədi boyunca Aİ missiyasının genişləndirlməsini təklif edirdi. O, ekofəalların aksiyasını da saxta hesab edir: “Biz Azərbaycan Prezidenti İlham Əliyevə açıq şəkildə bildirməliyik ki, o, Beynəlxalq Ədalət Məhkəməsinin məcburi qərarını pozmaqda davam etsə, nəticələri ilə üzləşəcək”..

Martın sonlarında ABŞ-ın nüfuzlu “Newsweek” jurnalı “Dağlıq Qarabağa görə Azərbaycana təzyiq etmək üçün gərəkən alətimiz var” adlı məqalədə iddia edilir ki, 2020-ci ildə Dağlıq Qarabağ uğrunda müharibədən sonra Azərbaycan orada yaşayan 120 min yerli etnik ermənini köçürmək və “Artsax” adlanan bölgəni yenidən “fəth etmək” istəyir. Məqalənin bu hissəsi xüsusi maraq doğurur: “ Kökü kəsilmək təhlükəsi ilə üzləşən dini azlıqların müdafiəsini təmin etməyimiz həm də dini azadlığı təşviq etmək üzrə milli öhdəliyimizə uyğundur”.

Yaxşı, bu alət nədir? Yalnız Avropa Parlamentinin qətnaməsi, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı, 907-ci düzəlişin davam etdirilməsi haqda xəbərdarlıqların effekt vermədiyi göz önündədir.

Belə halda daxildə hökuməti güzəşt müqabilində olsa belə sülhə çağıracaq ciddi siyasi qüvvə də lazımdır. Bəs ölkə daxilində belə təzyiq qrupları və ya siyasi qüvvə varmı? 90-cı illərin sonları Qərb dövlət başçılarından birinin, iqtidar sülh anlaşmasına gedəcəyi təqdirdə daxildə cəmiyyətin sülhə hazırlanmasına kömək edəcəkləri haqda məşhur müraciətinin mediaya sızması böyük səs-küyə səbəb olmuşdu. Bəlli idi ki, söhbət qərbçi müxalifətin Qarabağ mövzusunda iqtidara təzyiqlərinin neytrallaşdırlmasından gedirdi. O müraciətdən bir müddət sonra isə həqiqətən də Qarabağla bağla təyin edilmiş mitinqi təxirə salınmışdı. Düşərgədaxili ittihamlarda təxirəsalmanın səbəbinin Qərb səfirliklərinin birinin sifariş olduğu deyilirdi.

Yada salaq ki, ermənilərin istifadə etdiyi qanunsuz torpaq yolların hərbçilərimiz tərəfindən nəzarətə götürülməsini, əsasən siyasi mühacirlər, müəyyən qədər də ölkə daxilindəki pasifistlər Azərbaycanın təcavüzkar siyasəti kimi izah edirdi. Ənənəvi müxalifət isə bunu Paşinyanın növbəti dəfə cəzalandırılması üçün verilmiş icazə kimi təqdim edir. Amma ənənəvi müxalifətin (istər loyallar, istərsə də dialoqdan kənarda qalanlar) əsas funksionerləri prosesi sona çatdırmağa, eləcə də Ermənistanın həm Rusiya, həm də Qərblə əlaqələrində buraxdığı səhvlərdən maksimum istifadə etməyə səsləyir. Oxşar mövqe İranın Azərbaycana təhdidləri artanda da görüldü. Qərbçi müxalifətin aparıcı funksionerlərindən biri İran rəsmilərinin və mediasının dövlət başçımız barədə təhqir məzmunlu çıxışlarını qınayan mövqe də səsləndirdi. Yəni hökuməti tənqid ruhunu saxlamaqla ümummilli məsələlərə münasibətdə, ən azı zahirən, hökumətlə ənənəvi müxalifətin yanaşmasında kəskin fərqlər yoxdur, ifadə formaları fərqli olsa da, əksər hallarda mövqelər də üst-üstə düşür.

Sanki bu mövqeyə cavab kimi ölkə daxilində yeni müxalifət formalaşdırılmasının anonsu gəlir. “Əlamətdar odur ki, Əliyev rejiminə Azərbaycanın daxilində Qarabağ blokadasına qarşı müxalifət yoxdur” – deyə SOROS Fondunun təsis etdiyi və maliyyələşdirdiyi “Opendemocracy” saytı yazırdı. Dərhal da qeyd edilir ki, “No war” (savaşa yox)- pasifist hərəkatının genişləndirlməsi cəhdləri də xeyli artıb. “Gələcəkdə Ermənistanla müharibənin dayandırılmasında rol oynaya biləcək yeni qüvvələr güclənir”, – deyə sorosçu nəşr təsbit edir. Bəs bu anons edilən yeni müxalifət kimlərdən ibarətmiş? Onun sosial bazası hansı kütlələrdir? O kütlələrə ənənəvi müxalifətdən fərqli hansı ideolgiya(lar) təklif edilir?

Yazıda deyilir ki, Dağlıq Qarabağın blokadasını açıq şəkildə pisləyən yeganə siyasi qrup “Demokratiya 1918” ( D18 ) hərəkatıdır. Sözügedən qrupun rəhbəri Əhəd Məmmədli Azərbaycanı Ermənistana təcavüzdə ittiham edir, ölkədə etnik azlıqların hüquqlarının qorunmadığı haqda iddiaları ilə tanınır, feminist hərəkatın cinsi azlıqların müdafiəçilərinə çevrilməsində də xüsusi rolu var. Rəhbərlik etdiyi qrup, təşkilatçısından asılı olmayaraq az qala bütün etiraz aksiyalarında fəallıq edir, “Volt” taksi və daşıma xidməti işçilərinin etiraz aksiyalarında isə təşkilatçı kimi çıxış edib. Qrup sosial etiraz aksiyalarından yararlanaraq müxalif həmkarlar ittifaqı, yeni sol hərəkat formalaşdırmağa da çalışmışdı.

Bu yaxınlarda “Politico” nəşrində Qarabağ münaqişəsinin həllinə həsr olunmuş yazıda da Azərbaycan müxalifəti adına Əhəd Məmmədli təqdim edilirdi. O, ölkəyə qarşı sanksiyalar tətbiq etməyə çağırır və fikrini belə əsaslandırırdı ki, “Qərbin avtoritar dövlətlərə təzyiqi təbii sərvətlərə mübadilə olunmasa, bu təzyiq hər zaman effektivdir”. Yəni münaqişə və insan hüquqları mövzuları vahid kontekst kimi götürülür, bu mövzularda Azərbaycan qarşısında qoyulan tələb və güzəştlərin nəticə verməsi üçün sanksiyalara getməyə, Azərbaycanla enerji sahəsində əməkdaşlığa yenidən baxmağa çağırılır.

Bu siyahıda başqa isimlər və dərnəklər də (yeni kommunistlər dərnəyi, bəzi siyasi islamçı səhifələr və s.) var. Amma Qərb mediasında xüsusi olaraq yeni siyasi qüvvə kimi təqdim edilən, ideoloji axtarışlar aparan, fərqli sosial qruplara xitab etməyə çalışan əsas təşkilat, hələlik D18-dir.

Yeni müxalifət olmağa iddialı qrupların perspektivləri, ideoloji axtarışları, sosial bazası haqda mövzuya isə sonrakı yazılarda toxunacağıq.

Cəmaləddin Quliyev, siyasi ekspert

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki