image-reklam-veteninfo
image-images-4backend

 “TÜRK DÖVLƏTLƏRİ BİRLİYİ: QLOBAL İNTEQRASİYANIN TÜRK MODELİ” KİTABI HAQQINDA BİR NEÇƏ SÖZ

image-reklam-veteninfo

(Altıncı yazı)
Milli Məclisin deputatı Cavanşir Feyziyev Bütöv Azərbaycanı vahid türk dünyasının tərkib hissəsi kimi təqdim edir və türk dövlətlərinin ərazisi son yüzilliklərdə Türk dünyasının daha geniş etno-coğrafi ərazisi ilə müqayisədə xeyli dərəcədə daralmışdır deyir. Lakin nə qədər ağır və faciəli olsa da biz etiraf etməli və tarixi reallıqdan nəticə çıxarmalıyıq ki, türk dövlətlərinin ərazisinin, təqribən, son iki yüz ildə daralma prosesində ən böyük itkiyə məruz qalan Azərbaycan olmuşdur: tarixi Azərbaycan dövlətinin ərazisi iki yerə parçalanaraq iki ayrı dövlətin-İranın və Rusiyanın ərazisinə qatılmış İranda Cənubi Azərbaycan Rusiyada Şimalı Azərbaycan tamamilə fərqli siyasi-ideoloji yollarla gedilməyə məcbur edilmiş, hətta Quzey Azərbaycan – bugünki Azərbaycan Respublikası müstəqilləşəndən sonra da ona ikinci böyük zərbə vurulmuş-vətənimizin Qarabağ torpaqları elə eyni təgavüzkar siyasətin nəticəsində işğal edilmişdir. Kitabın yazıldığı dövürdə hələ Qarabağ işğaldan azad olunmamışdır. Feyziyev o zamankı vəziyyətə adekvat yazıb fikirlərini…
Feyziyev 18-ci əsrin sonu, 19-cu əsrin əvvəlində Avrasiyada türk imperiya dövlətlərinin zəifləməsi və Qərb imperializminin qüvvətlənməsilə müşayiət olunan proseslərdə Rusiya imperiyasının da Şərqə doğru ekspansiya siyasətinə qoşulması və bu məqamda hətta Qərbin özünü də üstələməsi Qafqaz regionunda Azərbaycan dövlətçiliyi üçün təhlükə yaratmışdır fikrini xüsusi vurğu altına salaraq sözünü belə davam etdirir: Açıq etiraf edək ki, bu zaman öz ünitarlığını saxlaya bilən Osmanlı imperiyasından başqa Azərbaycan da daxil olmaqla bütün türk ölkələri işğal edilmək üçün “yetişmişdi”. Avrasiyanın bütün türk dövlətləri xırda feodal “dövlətciklərə” – xanlıqlar parçalanmış, özlərini dezinteqrasiya bataqlığına salmışdır. Bu zaman dünya imperializminin “Böyük oyun” deyilən siyasətinin həyata keçirilməsi üçün əla şərait yaranmışdır. Səfəvi imperiyası da (1501-1736)xanlıqlara parçalandıqdan sonra İran və Azərbaycan ərazisi 19-cu əsrin əvvəllərində Rusiya İran, İngiltərə-İran müharibələrinin tapdaq meydanına çevrilmişdir. Ümumtürk tarixinin saxtalaşdırılmasının “yeni dövrü” də elə bu zamandan başlayır…
Belə ki, bu zamanda Rusiyaya qarşı vuruşan tərəf əsasən Azərbaycan xanlıqları idi, ancaq bu müharibələr rəsmi sənədlərdə “Rusiya-İran müharibələri” adlanırdı. Halbuki bu ərazilərdə Atabəy dövründən (12-ci əsr) Səfıvilə dövrünə qədər, hətta ondan sonra da yalnız türk dövlətləri, imperiyaları movcud olmuşdur. Qərb dünyası, Rusiya isə bu zamandan başlayaraq həmişə bu həqiqəti bir yerdə ört-basdır etmək üçün İran faktorunu qabartmışdır. Elə bu səbəbdən də Böyük Britaniya və Rusiya İmperiyaları bu ərazilər uğrunda bir-birilə nə qədər amansız rəqabətdə olsalar da Türk dünyasının geopolitik ərazi bütövlüyünü dağıtmaq siyasətində çəkici bir yerə vururdular. Onlar yaxşı bilirdilər ki, Osmanlı torpaqları ilə Mərkəzi Asiya regionunu birləşdirən Xəzər dənizinin cənub qövsüdür. Burada Qafqazdan Türküstana qədər uzanan ərazidə isə Azərbaycan yerləşir. Onlar İranı yox, məhz Azərbaycanı – Türk dünyasının bu region üzrə bütünlüyünü yaradan Azərbaycanı ələ keçirmək istəyirdilər. Nəhayət, 1820-ci illərdə Hindistanın Böyük Britaniyanın müstəmləkəsinə çevrilməsi “müqabilində” Azərbaycanın şimalını, Cənubi Qafqazın türk torpaqlarının Rusiyaya qatılmasına nail olundu. Yağılarımızın arzuları, beləcə, pərvazlanmağa başladı. Azərbaycan xanlıqları ayrı-ayrılıqda Rusiya imperiyasına qarşı nə qədər müqavimət göstərsələr də, vahid dövlətçilik mənafelərini müdafiə edə bilmədiklərindən Rusiyanın əsarətinə düşdülər. Feyziyev bu məqamda ürək ağrısıyla həqiqəti bu şəkildə oxucusuna çatdırır ki, Osmanlı imperiyasının Avropada və Qara dəniz hövzəsində zəifləməsi prosesi də bu zamandan daha da güclənir. Bundan sonra davam edən, təqribən yüz illik dövr türk dövlətlərinin bütün tarixlərində ən acınacaqlı vəziyyətə düşdüyü, bir-birinə kömək edə bilmədikləri, tamamilə dağınıq hala salındıqları, Avrasiya boyunca tarixi düşmənlərinin (çin, fars, ru, erməni və yunan) bu fürsətdən istifadə etdikləri müdhiş bir zaman kəsiyidir…
Beləliklə, uzun mübarizınin nəticəsində ( təqribən 23 il) 1828-ci ilin 10 fevralında 16 maddədən ibarət “Türkmənçay” müqaviləsi imzalandı. Özü də bu müqavilə türk adıyla bağlı olan Türkmənçay kəndində dünyaya göz açdı. Türk dünyasının Azərbaycan ərazisi Rusiya və İran arasında zorən İkiyə bölünməsi hadisəsi başa çatdı. Bu müqavilədə tərəflər “ümum-Rusiya imperatoru” və “fars şahı” dır. Elə bu təkzib olunmaz faktın özü göstərir ki, Azərbaycanı iki yerə bölən farslar və ruslardlr. Bu yerdə Feyziyev qaranlıq mətləblərin üstünə işığı bir az da bol salır. Bu müqavilə bağlanandan ta indiyədək İranda hər dəfə Cənubi Azərbaycan müstəqilliyi zərurəti meydana çıxanda fars hakimiyyəti haray-qışqırıq salır ki, simallı-cənublu bütün Azərbaycan elə əzəldən İran olub. Əgər Azərbaycan bütövlükdə İranın ərazisinin “bir hissəsi” olubsa, onda bəs nə üçün bu dövlət heç bir zaman “öz torpaqlarının” Şimali Azərbaycan hissəsinin Rusiya tərəfindən işğal edilməsinə etiraz etməyib, bir dəfə də beynəlxalq səviyyədə bu məsələni qaldırmayıb. Əksinə, Türmənçay müqaviləsinin şərtlərinə həmişə məmuniyyətlə əməl edib. Rusiya ilə İran arasında həmin müqavilə bağlandıqdan sonra həmişə dost və qardaşlıq münasibəti qorunub saxlanılıb. Bir-birinin “ərazi bütövlüyünə” nəinki işdə, hətta sözdə belə toxunmayıblar. Beynəlxalq situasiyanın dəyişən vəziyyətlərində də bir-birini canı-dildən müdafiə ediblər…
Buna qarşı mübarizə aparan yalnız Azərbaycanın özü və Azərbaycan türkləri olub. Yalnız onlar Azərbaycanın şimalında Rusiyaya, cənubunda İrana qarşı mübarizə apararaq müstəqillik və birləşmə hərəkatı yolunda canlarından keçiblər. Rusiya ilə İran isə həmişə bu işıqlı mübarizəni yüz illər boyu çox amansızlıqla susdurublar. Həmişə eyni məqsədə xidmət ediblər. İranın bu ayrılmadakı perspektiv düşüncəsi ona əsaslanıb ki: birincisi, İran hakimiyyətini (keşmişdə Səlcuqlur, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi) daim əlində saxlayan türklərdən canını qurtaracaq, ikincisi, qonşuluğundakı Türk dünyasının ayrılmaz parçası olan Böyük Azərbaycan təhlükəsini aradan qaldırıcaq, üçüncüsü, Rusiya işğal etdiyi torpaqları əldən verməmək üçün heç bir zaman Azərbaycanın bütövləşməsinə imkan verməyəcək. Rusiya isə burada daha maksimalist geopolitik planını həyata keçirə bilmişdir: O, Azərbaycanın Cənubi Qafqazdakı ərazisini ələ keçirməklə, İslam-Şərq dövlətlərilə öz arasında “Qafqaz təhlükəsizliyi” zolağı yaratmış, Osmanlı Türkiyəsini Mərkəzi Asiya Türküstanına bağlayanTürk dünyasının geopolitik halaqsını qıra bilmişdir. Deməli, iki əsr ərzində vaxtaşırı alovlanan rus-türk müharibələri heç zaman Rusiyanın istədiyi nəticələrə gətirib çıxarmırdı. Amma bu ayrılmadan sonra Azərbaycanın bir hissəsini ələ keçirməklə Rusiya Altaylardan Balkanlaradək uzanan və Bütün Avrasiya məkanında dominant rol oynayan türk zolağını parçalamışdır. Məhz bu illərdən sonra ermənilər, İrandan, Suriyadan, Türkiyədən işğal edilmiş ərazilərə köçürülərək məskunlaşdırmış (artıq bu siyasətin nəticəsində 1878 – ci ildə ermənilərin sayı Azərbaycan sənaye siqmentindəki payı Azərbaycan türklərindən 10 dəfə çox idi. 1910-cu ildən buraya köçürülən erməni əsilli Mirzoyev, Mailov, Liznov, Armiyants, Taveyətisyan və Mantaşyan ailələri Bakı quberniyası sənaye müəssisələrinin üçdə ikisinə saib idilər) və 1920 – ci ildə ona dövlət yaratmaqla yeni yaranmış status-kvonu daim əlində saxlamağa nail olmuşdur…
Feyziyev bundan sonra Cüney və Quzey Azərbaycanında baş verən hadisələri paralel şəkildə izləyir. 20-ci əsrin əvvəllərində İranda Məşrutə hərəkatına, ondan sonra baş tutan Şeyx Məhəmməd Xiyabanı mübarizəsinə diqqət yetirir. Səttarxan hərəkatının yatırılmasında İngiltərənin əndişəsinin səbəblərini təhlil edir, çəkdiyi “əməyini” İç üzünü açır, onun türkə qarşı apardığı murdar siyasətinin yaxasından ikiəlli yapışır. Eyni zamanda, Şeyx Məhəmməd Xiyabanı hərəkatına qarşı İran hakimiyyətinin Rusiya, İngiltərə, Almaniya dövlətlərlə birlikdə “işbirliyini” faş edir. Eyni prosesin şimalda da davam etməsini, Rusiyanın yaramaz siyasəti nəticəsində 1905-ci ildə rusların və ermənilərin müsəlmanlar üzərində birgə törətdikləri qırğının və buna qarşı Azərbaycan türkünün apardığı mübarizənin nəticələrini ön planda göstərir. Azərbaycan Xalq Cümhuriyyətinin hansı siyasi şəraitdə qurulmasına diqqət yetirir. 2-ci Dünya Müharibəsindən sonra Təbrizdə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Azərbaycanın Milli Hökumətinin (1945-1946) yaradılmasının və onun əldə etdiyi nəticələrin nədən ibarət olmasına aydınlıq gətirir. Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın bu milli hökumətin devrilməsindəki siyasətini, sovetin Qərbə güzəştə getməsini, Stalinin məkrli niyyətini faktlarla yadımıza salır. (Haşiyə: Bəlkə də, İngilislər bu gün Feyziyevdən bunun hayıfını çıxmaq istəyirlər. Bu səbəbdən araya Nifaq alması ataraq Feyziyevlə Azərbaycanın digər ləyaqətli aliminin arasına girirlər, iki türk sevdalısını üz-üzə qoyurlar). Ardınca, 1979-cu ildə baş verən İran inqilabına və onun hardan haraya varmasına diplomatik dildə don biçir. Ötən əsrin 70-80-ci İllərində güneydə ruslaşdırma, cənubda farslaşma siyasətinə qarşı “Vahid Azərbaycan ideyasının” yaranmasında söz açır. Və bütün bunları qeyd etdikdən sonra Feyziyev belə bir nəticəyə gəlir ki, Türk dünyasının bütövlüyü farsların əlində qalan Güneyin və erməni işğalında olan Qarabağını özünə birləşdirəcək Vahid Azərbaycan ərazisindən keçir. Şükürlər olsun ki, artıq Qarabağ azadlığının sevincini yaşamışıq. O biri istək də mütləq yerinə yetəcək…
Yeri gəlmişkən, burada kitabdan kənara çıxaraq bir neçə məsələyə şəxsən öz münasibətimi bildirmək istəyirəm. Birincisi, mənə görə Feyziyev bu kitabı yazarkən öz obyektivliyini 99 faiz qoruyub saxlayıb. Çox fədakarlıq edib. Bir akademiyanın görə biləcəyi işin öhdəsindən təkbaşına gəlib. Və yenə də mənə görə ancaq 1 faiz subyektivizmə yol verib. O, subyektevizim bundan ibarətdir ki, vahid türk dünyası ideyası yolunda can qoyan bütün tarixi şəxslərin əməyinə Feyziyev layiqincə dəyər verib. Hətta bəzilərini bu ideyaya verdiyi töhvələrdən daha artıq şəkildə tərifləyib. Olsun, bunda işim yox. Amma mən hesab edirəm ki, Feyziyev bu kitabda türk dünyası və türkçülük ideyası uğrunda min bir əziyyətə qatlaşan iki nəhəng türk fədaisinin, iki böyük dövlət rəhbərinin, iki azman İctimai-siyasi xadimin -Məhəmmədəmin Rəsulzadənin və Əbülfəz Elçibəyin əməyinə heç bir dəyər verməyib. O əməyin üstündən sükutla keçib…
Məhəmmədəmin Rəsulzadə Şərqdə ilk demokratik Cumhuriyyəti yaradan, qadına seçib seçilmək hüququ verən, bir daha yüksəlib bir daha enməyən bayrağımıza türklük, islamçılıq, müasirlik rəmzini hopduran, öldüyü günə qədər müstəqil Azərbaycan Respublikasının yolunda mübarizə aparan, Atatürkün “mın səndən üç sinə erkən dünyaya göz açmışam, ancaq bütün türk aləmində türk Cumhuriyyəti bayrağını ilk dəfə sən qaldırmısan” dediyi şəxsiyyətdir. 1938-ci ildə Atatürkün öldüyü gün Polşada aralarındakı incikliyə baxmayaraq, bunun nədən qaynaqlandığını dərk edərək Atatürkün türk və dünya məkanında durduğu uca yeri və məqamı hamıdan daha aydın və dəqiq göstərən siyasi xadimdir. Sovet imperiyasının
yıxılmasının və türk dünyasının yenidən atlanacağını öncədən xəbər verən mütəfəkkirdir…
Əbülfəz Elçibəy Məhmmədəmin Rəsulzadə yolunun davamçısı olmaqla yanaşı, özünün dediyi kimi Atatürkün əsgəridir. Bütöv Azərbaycan ideyası ona məxsusdur. Sovet imperiyasına qarşı sovet rejimində mübarizə aparan disidentdir. Hələ ötən əsrin 70-ci illərində məhkəmədə mühakimə olunarkən belə fikir söyləmişdir: “Fil nə qədər böyük olur olsun, onu iki yerə parçalasan yeriyə bilməz. Qarışqa isə kiçik olsa da parçalanmadığına görə hərəkət edər. Bu səbəbdən parçalanmayan kiçik xalq belə irəliyə bilir, Azərbaycan isə böyük olmasına baxmayaraq parçalandığına görə 100 ildir irəliləyə bilmir”. O, keçən əsrin 70-ci illərindən Sovetin yıxılacağlnı hiss edirdi,90 -cı illərin sonuna yaxın belə bir aqibətin İranı da izləyəcəyinin söyləyirdi. O günə hazır olmağımızı istəyirdi. Böyük Turan yolunun Bütöv Azərbaycandan keçəcəyini proqnozlaşdırırdı. Cənubla bizim birliyimizi dilimizin eyniyətində, ədəbiyyatımızın bütövlüyündə, tariximizin vahidliyində, mədəniyyətimizin bütövlüyündə, inac və mənəvi birliyimizdə, milli kimlik şüurumuzun vahidliyində, qəhrəmanlarımızın və qəhrəmanlığımızın, dərdlərimizi eyniyyətində görürdü…
(ardı olacaq)




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki