image-1backend

Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

image-reklam_sirab_01

İyulun 2-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiks ilə görüşüb.

Müdafiə Nazirliyindən Vətəninfo.az-a verilən xəbərə görə, qonağı salamlayan Baş Qərargah rəisi onu ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. NATO ilə münasibətlərin cari vəziyyətinin yüksək səviyyədə olduğunu bildirib.

Azərbaycan-NATO əməkdaşlığının bundan sonra da hər iki tərəf üçün faydalı olacağı və səmərəli görüşlərin davam etdiriləcəyi əminliklə qeyd edilib.

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Şimali Atlantika Alyansının bölmələrimizin hazırlığına böyük töhfə verdiyini bildirən general-polkovnik Kərim Vəliyev bunun yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.

General-mayor Fiks isə öz növbəsində Azərbaycana növbəti səfərindən məmnun olduğunu qeyd edib. Azərbaycan ilə qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda, eləcə də NATO ilə tərəfdaşlıq çərçivəsində digər sahələrdə peşəkar fəaliyyətinin müsbət qiymətləndirildiyi qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image