image-3backend

Azərbaycan və Rusiya müttəfiq, dost və mehriban qonşudurlar

image-reklam_sirab_01

Tarixi Zəfərimizdən sonra Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri daha yüksələn xətlə inkişaf edir. Buna əsas verən amillərdən biri dövlətimizin xarici siyasətinin prinsiplərinin dəyişməzliyidir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında münasibətləri inkişaf etdirən Azərbaycanın qonşu dövlətlərlə əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsinə göstərdiyi maraq atdığı davamlı addımlardan daha aydın görünür. Bu gün Azərbaycan-Rusiya münasibətlərinin timsalında qonşuluq münasibətlərinin inkişafının prioritetliyini daha gaydın görmək mümkündür. Rusiya Prezidenti Vladimir Putinin avqustun 18-də ölkəmizə dövlət səfəri, imzalanan sənədlər, Prezidentlərin məhdud və geniş tərkibdə keçirdikləri görüşdə, həmçinin mətbuata bəyanatlarında səsləndirdikləri fikirlər iki dost ölkənin mümasibətlərinin dünəninə, bu gününə və gələcəyinə işıq saldı. Qarşılıqlı səfərlər fonunda bu əlaqələr daha da möhkəmlənir, yeni çalarlar əlavə olunur.

Dövlət başçısı İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Rusiya Prezidenti Vladimir Putin ilə mətbuata birgə bayanatında onu da bildirdi ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən bu mühüm məqamı xüsusi qeyd edir: “Bizim xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Əlbəttə, hesab edirəm ki, biz, ilk növbədə, qonşularımızla əlaqələrimizi daha yüksək pilləyə qaldıra bilmişik… Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir… Həm regional təhlükəsizliyin inkişafı, eyni zamanda, nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli, o cümlədən qonşularımızla münasibətlərdən asılıdır.”

Azərbaycan və Rusiya Prezidentlərinin mətbuata birgə bəyanatlarında “Azərbaycan və Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, Prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır. Bütün sahələrdə müsbət dinamika görürük. Həqiqətən də müzakirə, qarşılıqlı fəaliyyət üçün çoxlu mövzular var və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi ildən-ilə genişlənir. Bütün sahələrdə qarşılıqlı fəaliyyətimizi gücləndirmək əzmindəyik. Səfər ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq istiqamətində növbəti mühüm addım olacaq.

Qeyd edək ki, Rusiya regionun böyük ölkələrindən biridir, Azərbaycanla tarixən sıx iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrə malikdir. Rusiya dünyanın aparıcı dövlətləri sırasına daxildir, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir və çoxqütblü dünya nizamında öz yerini qoruyub saxlayır. Azərbaycan-Rusiya əlaqələri dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluq və bir birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulub və inkişaf edir. Rusiya Prezidentinin ölkəmizə səfərində bu kimi reallıqlara bir daha aydınlıq gətirildi. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafına gəldikdə, 2023-cü ilin nəticələrinə görə 2022-ci illə müqayisədə ticarət dövriyyəsi 17 faiz artaraq 4.5 milyard dollar səviyyəsinə yüksəlmiş, 2024-cü ildə daha yüksək nəticənin əldə ediləcəyi gözlənilir. Burada sənaye, kənd təsərrüfatı, turizm və tranzit axını, yük daşımalarının həcminin artmasını xüsusi qeyd etməliyik. İqtisadi-ticarət əlaqələrinin yüksəlməsi iki ölkənin mövcud potensialına əsaslanır.

İki ölkə arasında fəal siyasi dialoq mövcuddur, Azərbaycan və Rusiya prezidentləri arasında mütəmadi görüşlər münasibətlərin çoxvektorluluğunu təyin edir və bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafına təkan verir. Qeyd etdiyimiz kimi, Azərbaycan ilə Rusiyanın qədim və möhkəm dostluq, mehriban qonşuluq ənənələri ilə bağlı olması dövlətlərarası əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır. “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” iki ölkə arasında siyasi dialoqu, ticari-iqtisadi inkişafı, investisiya qoyuluşu məsələlərini, yeni nəqliyyat dəhlizlərinin yaradılması, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və digər sahələr üzrə yol xəritələrini özündə əks etdirir. Dövlətimizin başçısı İlham Əliyev qarşılıqlı səfərlər zamanı keçirdiyi görüşlərdə bu məqamı daim böyük əminliklə ifadə edir ki, “Yol xəritələri”nin reallaşdırılması əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq. Rusiya Azərbaycanın ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalına görə birinci yeri tutur. İstər keçirilən görüşlərdə, istərsə də mətbuata birgə bəyanatlarında Azərbaycanın tolerantlıq təcrübəsi, multikultural dəyərlərin inkişafına verdiyi töhfələr də müzakirə olunan məsələlər sırasında olub. Müxtəlif mədəniyyətlərin, dinlərin qovuşağında yerləşən Azərbaycan daim ölkələr, xalqlar arasında dostluq körpüsü kimi dəyərləndirilir.

44 günlük İkinci Qarabağ münaqişəsində Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasında üçüncü tərəf məhz Rusiyadır. Prezident İlham Əliyevin beynəlxalq arenada yürütdüyü siyasət, məharətli diplomatiyası, həm də Rusiya ilə qurulmuş düzgün münasibətlər nəticəsində Azərbaycan qarşısında duran tarixi vəzifələri həllinə nail oldu, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

Tarixi Zəfərimizdən sonra Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqların təşəbbüskarları sırasında Rusiya var. Rusiya Prezidenti Vladimir Putin mətbuata bəyanatında onu da qeyd etdi ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək göstərəcək: “Biz, həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq.”

Münasibətlərimizin dünəninə baxış əsasında bu qənaət səsləndirilir ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da davamlı inkişafı regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir. Hazırda ölkələrimiz arasında münasibətlər öz tarixi ərzində ən yüksək səviyyədədir.

Metin Hüseynov-  siyasi sərhçi, politoloq

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki