image-img-20240715-wa0002backend

Azərbaycan və Türkiyə Kəşmirin haqq işini dəstəkləyən dost və qardaş ölkələrdən olmuşdur

image-reklam_sirab_01

Azərbaycanın həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında yerləşən dövlətləri ilə ikitərəfli əlaqələri onu qitələrarası qovşağa çevirir. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir.

Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib.
Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib, Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb. Bir məqamı da xüsusi qeyd etməliyik ki, 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib.
Bu gün Azərbaycanla Pakistan müxtəlif sahələrdə əməkdaşlıq edir və iki ölkənin münasibəti strateji müttəfiqlik münasibətindən də irəliyə gedir.
İyulun 11-də Azərbaycan Prezidentinin Pakistana səfərində iki ölkə arasındakı dərin qardaşlıq əlaqələrinin nə qədər yüksək səviyyədə olduğunu növbəti dəfə görmüş olduq. Azərbaycanla Pakistan bir çox məsələlərdə, beynəlxalq münasibətlər səviyyəsində hər zaman bir-birinə dəstək olub. Bunun ən bariz nümunəsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpası zamanı Pakistanın dəstəkləməsi idi.
Dövlətimizin başçısının Pakistana səfəri zamanı Kəşmir məsələsində növbəti dəfə dəstəklədiyini vurğulayıb. Eyni zamanda, bu əməkdaşlıq hərbi sahədə də özünü göstərir. Ən əsası da Azərbaycanla Pakistanın ordularının birgə təlimləri, Pakistanın Azərbaycana qırıcı təyyarələrin növbəti tədarükü ilə bağlı imzalanmış müqavilə əməkdaşlığın daha da dərinləşəcəyini göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev İslamabadda Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib ki, “Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır”. Bu bağlantının böyük sərvət olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır. Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq”.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatında deyib ki, “Pakistan həmişə Azərbaycanın Qarabağla bağlı mövqeyini dəstəkləyib və sizin Qələbəniz ədalətin hərtərəfli təntənəsinin nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə sizin haqq işinizi dəstəkləyib”.
Azərbaycanın da həmişə kəşmirlilərin haqq işini dəstəklədiyini vurğulayan Baş nazir bildirib: “Mən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq öz müqəddəratını təyin etmək hüququna nail olmaq üçün yetmiş ildən artıq böyük qurbanlar vermiş milyonlarla insanı nəzərdə tuturam. Yaxın Şərqdə digər ölkələrlə yanaşı, Azərbaycan və Türkiyə Kəşmirin haqq işini dəstəkləyən dost və qardaş ölkələrdən olmuşdur”.
Keçirilən görüşlər zamanı iki ölkə arasında 2 milyard dollarlıq müqavilə imzalanıb. Bu da iki ölkə arasında iqtisadi, ticarət əlaqələrinin daha da artacağını göstərir.

Metin Hüseynov – siyasi sərhçi, politoloq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki