image-1backend

Azərbaycanda keçirilən növbəti tədbir ölkəmizə böyük etimadın nümayişidir

image-reklam_sirab_01

Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Dövlət başçısı  İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.
İyunun 4-də  öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimində dövlət başçısı İlham Əliyev bir daha bu reallığı diqqətə çatdırdı ki, “bu tədbir ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayıb.  Həmin vaxtdan bəri bu tədbirin miqyasının genişləndiyini və artıq Bakı Enerji Həftəsi adlandırıldığını vurğulayan dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd etdi ki, Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji”.
Tədbirdə  37 ölkədən 300-dək şirkətin iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Dövlət başçısı İlham Əliyev bu tədbirin sərgilərinin açılış mərasimində bir daha qeyd etdi ki, qaz təchizatımızın coğrafiyası bundan sonra da genişlənəcək.
Bu il Bakı Enerji Həftəsi Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynayan «Əsrin müqaviləsi»nin imzalanmasının 30 illiyinə təsadüf edir, bu halda  sazişin ötən dövrdə  ölkəmizə qazandırdığı uğurların təhlili bir zərurət kimi qarşıda dayanır. «Əsrin müqaviləsi» ilə  iqtisadi və siyasi müstəqilliyini  möhkəmləndirən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. «Əsrin müqaviləsi»nin imzalanması ilə qısa  müddətdə Azərbaycan böyük investisiyalar məkanına çevrildi. Bu müqavilə Azərbaycana yeni dostlar və tərəfdaşlar qazandırdı. Ölkəmiz etibarlı və arzuolunan tərəfdaş kimi mövqeyini möhkəmləndirdi.
«Əsrin müqaviləsi»nin imzalanmasından ötən 30 ilə yaxın dövrdə Azərbaycanın enerji sektorunda qazandığı uğurların qısa  xronologiyası onu deməyə əsas verir ki, ölkəmizin  enerji siyasəti uğurludur, iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dövlətləri, xalqları  bir araya gətirir, dostluq körpüsünü yaradır.  2006 və 2007-ci illərdə çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrildi. Bununla da Azərbaycan regional əməkdaşlığın aparıcı qüvvəsinə çevrildi. Bu fikir daim qeyd edilir ki, əməkdaşlıq regional çərçivədə başlayaraq illər keçdikcə beynəlxalq miqyas aldı. Bu, Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin, həmçinin əməkdaşlıqda maraqlı olmasının göstəricisidir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri  dünyanın enerji xəritəsinin yenidən tərtibində əhəmiyyətli rol oynayır. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycan təşəbbüsləri reallığa çevirir. Bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir.  Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bu reallığı xüsusi qeyd edir ki, əgər əvvəlki dövrlərdə dediyim məsələlər  öz həllini tapmasaydı, bu gün  Cənub Qaz Dəhlizindən söhbət belə  gedə bilməzdi. Cənab İlham Əliyev Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin icrası nəticəsində  həm Azərbaycanın, həm də  qonşu və Avropa ölkələrinin böyük fayda götürəcəyini, ölkəmizin bu sahədə də  liderlik keyfiyyətlərini göstərdiyini diqqətə çatdırmışdır.  Belə bir əminlik də xüsusi qeyd edilmişdir ki,  imzalanmış sənədlər uğurla  həyata keçiriləcək və  Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı  və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcəkdir.  Bu tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaq.
Artıq    ölkəmizin neft-qaz  sahəsində əməkdaşlıq təcrübəsi nümunə göstərilir. Yeni yataqların aşkarlanması neft-qaz ehtiyatlarının həcminin artmasına geniş imkanlar açır ki, bu da yeni layihələrin gündəmə gətirilməsini zərurətə çevirir. Bu gün enerji inkişafımızın  yeni bir mərhələsindəyik. Avropa təsisatları ilə münasibətlərimiz   çox əhəmiyyətlidir. Yeni qaz yataqlarının kəşfi  ölkəmizin qaz potensialına böyük töhfədir. Öz çıxışlarında dövlət başçısı İlham Əliyev belə bir əminliyi də ifadə edir ki,  Cənub Qaz Dəhlizi birgə tarixi nailiyyətimizdir. 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyində,  enerji şaxələndirilməsində müstəsna rol oynayır: «Mən hər il Xəzər Neft-Qaz Sərgisində çıxış edəndə deyirdim ki, enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, bu, mənbələrin şaxələndirilməsidir. Bu gün hamı bunu artıq aydın görür ki, bizim halda bu, hər iki məsələdir – həm marşrutlar şaxələndirilir, həm də mənbələr şaxələndirilir. Bizim bu işə çox sadiq olan bir heyətimiz var – beynəlxalq maliyyə institutları, biz hər birimiz vahid komanda kimi çalışırıq ki, enerji təhlükəsizliyini gücləndirək, bir-birimizə müəyyən çətinliklərin öhdəsindən gəlmək üçün dəstək olaq… Mən çox fəxr edirəm ki, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır.»
Azərbaycanın bu il ən mötəbər tədbirə – COP29-a ev sahibliyi  cənab İlham Əliyevin Beynəlxalq Neft və Qaz Sərgisindəki çıxışında da xüsusi vurğulandı. Bildirildi ki, COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün üstünlüklərini və çətinliklərini çox yaxşı dərk edirik. İqlim dəyişikliyinin təsirinin ölkəmizdə də hiss olunduğunu, Xəzər dənizinin səviyyəsinin ildən-ilə aşağı düşdüyünü vurğulayan  Prezident İlham Əliyev qeyd  etdi ki,  Xəzər dənizinə axan çaylar başqa ölkələrdə qaynaqlanır. Bizim bu təbii fəlakətlə bağlı heç bir məsuliyyətimiz yoxdur. Biz buna çox ciddi yanaşmalıyıq. Biz əlimizdən gələni edəcəyik ki, yeni su bəndləri və kollektorları inşa edək.
Ölkəmizdə keçirilən növbəti mötəbər tədbir ölkəmizə və Prezident İlham Əliyevə böyük etimadın nümayişidir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki