“Kommunal xidmətlər dövlət tərəfindən tənzimlənən sahələrdir. Yəni bununla bağlı hər hansı qərar qəbul olunacaqsa, bu, Nazirlər Kabinetinin və onun nəzdində olan Tarif Şurasının qərarı ilə olacaq. Bunun üçün iqtisadi əsaslandırma və yaxud dünya bazarlarında baş verən proseslərin heç bir aidiyyəti yoxdur. Dövlət büdcəyə əlavə pul cəlb etmək üçün belə bir addım ata bilər. Ola bilsin ki, il sonuna yaxın kommunal xidmətlərin qiymətində artım olsun”.
Vətəninfo.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib.
O bildirib ki, Azərbaycandakı reallığı nəzərə alsaq, həmişə bir neçə ildən bir kommunal xidmətlərdə artım olur. Bunun ehtimalı kifayət qədər yüksəkdir:
“Əgər hökumət belə bir addım atacaqsa, deməli, düşünülmüş şəkildə, büdcəyə əlavə pul cəlb etmək üçün atacaq. Bu qərar verilirsə, Nazirlər Kabinetinin qərarı olacaq. Hazırda elə bir vəziyyətdir ki, dövlət tərəfindən tənzimlənən qiymətlərin artması insanların sosial vəziyyətinin daha da gərginləşməsinə səbəb ola bilər. Təbii qazın, elektrik enerjisinin, yanacağın qiymətinin artması istər-istəməz bütün sahələrdə özünü göstərir. Dövlət tərəfindən tənzimlənən qiymətlərin artması ölkədəki inflyasiya prosesini daha da sürətləndirə bilər. Təbii qazın qiyməti qaldırılsa, qaz istifadə edən istehsalçıların, kiçik və orta sahibkarların öz biznesini bağlamasına səbəb ola bilər”.