Azərbaycanda plastik tullantıların həcminin sürətlə artması və bunun ətraf mühitlə yanaşı insan sağlamlığı üçün yaratdığı təhdidlər ekoloji gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. WUF13 çərçivəsində təşkil edilən “Plastik çirklənmə ilə mübarizə: yaşayış üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” sessiyasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun səsləndirdiyi rəsmi rəqəmlər də vəziyyətin ciddiliyini ortaya qoyur. Belə ki, son 15 ildə ölkəmizdə plastik qabların istifadəsinin 5 dəfə artması, qlobal miqyasda isə hər il istehsal olunan 430 milyondan çox plastik qabın cəmi 10 faizinin təkrar emala cəlb edilməsi qlobal ekoloji fəlakətin miqyasından xəbər verir. Ölkədə tullantıların idarə olunması üzrə xüsusi agentliyin yaradılması və 2027–2030-cu illəri əhatə edən strateji fəaliyyət planının hazırlanması bu sahədə köklü islahatların anonsu olsa da, mağaza və marketlərdə 1-5 manat kimi olduqca ucuz qiymətə təklif olunan plastik məhsulların kütləvi istehsalı və satışı hələ də yüksək templə davam edir. İnsan orqanizminə birbaşa toksiki təsir göstərən bu qabların istehsalının bu dərəcədə genişlənməsinin səbəbləri və onların daha təhlükəsiz alternativlərlə əvəzlənməsi yolları isə cəmiyyəti düşündürən əsas suallardandır.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan qida eksperti Nazim Məmmədsoy qeyd edib ki, plastik qabların qida sektorunda bu qədər geniş yayılmasının və istehsalının stimullaşdırılmasının arxasında tamamilə iqtisadi amillər, yəni aşağı xərc və dözümlülük faktoru dayanır: “Plastik materialların istehsal xərcləri digər alternativlərə nisbətən dəfələrlə ucuzdur, daşınması rahatdır və qırılma riski yoxdur. Məhz bu səbəbdən kommersiya qurumları və istehsalçılar insan sağlamlığı faktorunu arxa plana keçirərək bu materiallara üstünlük verirlər. Lakin marketlərdə ucuz qiymətə satılan bu qablar qida ilə təmasda olduqda, xüsusilə isti, turş və ya yağlı qidaların saxlanması zamanı tərkibindəki bisfenol-A (BPA), ftalatlar və digər zərərli kimyəvi birləşmələri birbaşa qidaya ötürür. Bu maddələr insan orqanizmində toplandıqca endokrin sistemin fəaliyyətini pozur, hormonal disbalans yaradır və uzunmüddətli perspektivdə xərçəng xəstəliklərinin yaranma riskini kəskin şəkildə artırır. Qiymətinin ucuz olması vətəndaşları aldadır, lakin bu qabların sağlamlığımıza vurduğu ziyanın müalicəsi gələcəkdə daha baha başa gəlir”.
Onun sözlərinə görə, plastik qabların istehsalını və istifadəsini minimuma endirmək üçün həm qanunvericilik səviyyəsində sərt addımlar atılmalı, həm də bioloji parçalana bilən alternativlərin istehsalı təşviq edilməlidir:
“Plastik məhsulları tamamilə həyatımızdan çıxarmaq birdən-birə mümkün olmasa da, onları qida sənayesində şüşə, keramika, paslanmaz polad və karton qablaşdırmalarla əvəz etmək tamamilə realdır. Xüsusilə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabların yerinə qarğıdalı nişastası, şəkər qamışı lifi və ya bambukdan hazırlanan, təbiətdə qısa müddətdə parçalanan ekoloji təmiz qablaşdırmaların tətbiqi genişləndirilməlidir. Dövlət tərəfindən ekoloji qablaşdırma istehsal edən müəssisələrə vergi güzəştlərinin tətbiq olunması və plastik istehsalına tətbiq edilən rüsumların artırılması bu keçidi sürətləndirə bilər. 2027–2030-cu illəri əhatə edən məişət tullantılarının idarə olunması proqramı çərçivəsində maarifləndirmə işləri elə qurulmalıdır ki, istehlakçılar marketdən mal alarkən ucuz plastikə deyil, sağlam və təkrar emalı mümkün olan qablaşdırmalara yönəlsinlər”.


























