Azərbaycanlı futbolçuların ölkə xaricində niyə legioner həyatı yaşaya bilməməsi ən çox müzakirə olunan mövzudur.
Nəriman Axundzadəyə Avropanın bir neçə klubundan ciddi təkliflər olması xəbərinin əsası varmı, ya bu futbolçuya son aylar həm klubunda, həm də milli komandadakı zəif çıxışından sonra artan tənqidləri səngitmək üçün düşünülmüş piardır, bunu demək çətindir. Ötən yazılarımın birində də qeyd etmişdim ki, Nərimanın gedəcəyi barədə xəbərlər yalandırsa gerçək olsun, hansı kluba getsə sevinəcəyik, onu meydanda mütləq izləyəcəyik.
Yeri gəlmişkən, ona tənqidləri bölüşmək olar, amma “Tik-Tok”da bəzi təhqiredici videolar da var ki, bunlara son qoymaq lazımdır. “Azərbaycanlıdır, gəncdir, onu küsdürməmək lazımdır”, hətta “paxıllıq edirlər” kimi rəyləri boş verin. İstedadlı futbolçunun qarşısını meydanda belə dedi-qodularla almaq mümkünsüz işdir. Həm də tənqidlər futbolçunun əl-ayağını meydandan soyudacaqsa, gedib otursun ehtiyat heyətdə, maaşını alsın…

Xəbərlərdə deyilir ki, Nəriman özü də legioner həyatı yaşamağa can atır, amma baş məşqçi Qurban Qurbanova ona uyğun zamanı gözləməyi məsləhət bilib. Maraqlıdır ki, “Qarabağ”ın Çempionlar Liqasında uğurları fonunda digər klublarımızdakı azərbaycanlı futbolçular da bu cür arzularını tez-tez dilə gətirirlər. Ruslar bu yerdə deyirlər: “Ən yaxşı əsgər general olmaq istəyəndir”. Yəni arzulamaq yaxşıdır, amma reallıq…

Əvvəl ondan başlayaq ki, azərbaycanlı futbolçuların xarici ölkə klublarında nə qədər ehtiyac var, onu birmənalı söyləmək çətindir. TOP-5 ölkələrin çempionatlarını hamımız izləyirik, məsələn, orada gözdə klubumuz “Qarabağ”da oynayan futbolçuların yeri görünürmü? Obyektiv danışsaq, cavab neqativdir. Üstəlik, hazırkı sürətli futbolda “hücumçu bazarında” ciddi rəqabət var. “Yaxşı futbolçunun həm də yaxşı meneceri olmalıdır” deyimi artıq köhnəlib. Menecer kobud desək, “bazar”ı tapa bilər, amma oyunçunu Avropa klublarına transferi çətin işdir. Bunu çoxdan yazmaq istəyirdim. Şəxsi qənaətimə görə, konkret “Qarabağ”ın yalnız bir futbolçusu indilikdə Avropa klublarının diqqətinə düşə bilər. O da müdafiəçi Bəhlul Mustafazadədir. Zənnimcə, Bəhlulun həm də ona görə şansı var ki, əksər Avropa klubları yaxşı müdafiəçi sarıdan axsayırlar. “Çelsi” kimi klubla “Qarabağ”ın heç-heçə etməsinin səbəbi həm də ingilis klubunun xüsusilə müdafiənin orta xəttindəki zəifliyi idi. Müdafiə problemi hətta “Real”da, “Barselona” da var, ona görə müdafiəçiyə indi həm də elə hücumçu qədər pul təklif edirlər. Bilmirəm, rekord təzələnibmi, məsələn, xorvatiyalı Yoşko Qvardiol futbol tarixinin ən bahalı müdafiəçisi olmuşdu. “Mançester Siti” Almaniya klubundan transferi üçün 100 milyon avro ödəmişdi.

Azərbaycanlı futbolçuların ölkə xaricində niyə legioner həyatı yaşaya bilməməsi də ən çox müzakirə olunan mövzudur. Xaricə getmək arzusunu dilə gətirənlər onu xüsusi vurğulayır ki, legioner həyatına hazırdırlar və s. Vəli Qasımov müstəqil Azərbaycanın ölkə xaricindəki ilk azərbaycanlı futbolçu olub, həm də İspaniyanın məşhur “Betis” klubunda(sonra başqa klublarda da oynayıb). Onu “Neftçi”dən aparmamışdılar, o vaxt artıq Moskva “Dinamo”sunda oynayırdı və oradan İspaniyaya çağırılmışdı. Rusiya klublarındakı aralıq dövr görünür, onun legioner həyatı üçün yaxşı sınaq olmuşdu, ona görə gəncəli balası üçün İspaniyaya uyğunlaşmaq çətinlik yaratmadı. İndi isə azərbaycanlı futbolçuların xaricdə möhkəmlənməsi ciddi problemdir. Yadımda qalanları deyirəm: Vaqif Cavadov 2010-cu ildə “Tvente”yə keçəndə sevindik, kommunikasiya indiki kimi əlçatan deyildi, Hollandiya çempionatını izləmək imkanı məhdud idi. Təəssüf ki, Vaqif klubda yerini qoruya bilmədi, 2011-də geri qayıtdı. Musa Qurbanlı üçün xaricə getmək bəlkə də tez idi, amma özünü sınadı, futbol oynamaq üçün ən yaxşı şəraiti olan İsveçdə çox da tanınmayan “Yurqorden” klubu ilə üç illik müqavilə imzaladı, amma heç ili başa vura bilmədi…

Mənim 18 yaşım yox idi Bakıda tələbə olanda, hər yeməyi, həm də hər yerdə (kafedə, tələbə yeməkxanasında) yeyə bilmirdim, iki ilə ancaq “ev yeməyindən” ayrıldım, uyğunlaşdım. İndi dövr başqadır, futbolçu səhər yeməyini bir ölkədə, axşamı başqa ölkədə yeməyə öyrəşir. Amma problem təkcə yemək-içmək deyil. Açıq deyilməsə də, xüsusilə dindar azərbaycanlılar üçün xaricdə kluba uyğunlaşmaq problem yarada bilən səbəbdir.

Azərbaycanda oynayan əcnəbi futbolçuların da problemləri olur, amma biz məsələn, irqçi deyilik. İrqçilik də müasir futbolda ciddi problem kimi qalır. Xaricdə bizə təəssüf ki, hələ də irqçi münasibət var. Mahir Polşa “Legiya”sında həm də belə irqçi münasibətə görə duruş gətirə bilmədi. Görünür, həm də Azərbaycan futbolunun səviyyə probleminə görə azərbaycanlı futbolçulara xaricdə “yuxarıdan aşağı baxmaq” da var. Şəxsi xarakter məsələsi də var, çünki getdiyin klub yeni ailəndir. Burada təkcə futbol oynamırlar, dostluqlar, münasibətlər və əlbəttə ki, rəqabət yaranır. Getdiyin ölkənin dilini mənimsəmək, adət-ənənəsinə, hətta havasına öyrəşmək də problemdir. Ona görə legioner azərbaycanlının həm də güclü xarakteri olmalıdır…
Nərimandan başladıq, ona uğur arzulamaqla yekunlaşaq. Yolu açıq olsun.
Nazim SABİROĞLU


























