29 iyun – 3 iyul tarixlərində Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək.
Korrekt.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil ediləcək.
“Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyi birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçiriləcək.
Həftənin əsas tədbiri “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqres olacaq. İyunun 29-da Heydər Əliyev Mərkəzində rəsmi açılış mərasimi keçiriləcək konqresdə türk respublikaları daxil olmaqla ümumilikdə 20 ölkənin müxtəlif elmi mərkəzlərindən 80 tanınmış türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələrin iştirakı nəzərdə tutulur. Açılış mərasimində qurultaya həsr olunmuş interaktiv sərgi və qısametrajlı film təqdim ediləcək
İyunun 29-da həmçinin Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
İyunun 30-da AMEA Rəyasət Heyətinin binasında “Türk tarixi hekayələri və ideoloji yanaşmalar” mövzusunda panel müzakirələri təşkil olunacaq. Həmin gün Dənizkənarı Milli Parkda konsert proqramı keçiriləcək.
İyulun 1-də konqres iştirakçıları üçün Qarabağ bölgəsinə səfər təşkil ediləcək. Ağdam, Şuşa və Xankəndi şəhərlərini əhatə edən səfər çərçivəsində iştirakçılar regionun tarixi-mədəni abidələri ilə tanış olacaqlar. Həmin gün Ağdam Muğam Mərkəzində dahi Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin eyniadlı pyesi əsasında “İblis” tamaşası nümayiş etdiriləcək.
İyulun 2-də Qarabağ Universitetində “Birinci Türkoloji Qurultayın mədəni və elmi mirası” mövzusunda panel müzakirəsi keçiriləcək. Müzakirələrin yekununda “Türk Dünyası Həftəsi” çərçivəsində gerçəkləşən plenar və panel sessiyaların nəticələrini əks etdirən, türkologiya sahəsində növbəti yüzillik üçün prioritet istiqamətləri, strateji çağırışları və ortaq əməkdaşlıq perspektivlərini müəyyənləşdirən yekun sənədin qəbul edilməsi nəzərdə tutulur.
Həmin gün eyni zamanda Bakıda Milli Azərbaycan Tarixi Muzeyində yubiley sərgisi, Azərbaycan Milli Kitabxanasında isə Türk Dünyası Milli Kitabxanaları Birliyinin konfransı və yeni nəşrlərin təqdimatı keçiriləcək.
“Türk Dünyası Həftəsi”nin sonuncu günü – iyulun 3-də Azərbaycan Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” mövzusunda elmi seminar və sərgi təşkil olunacaq. Nizami Kino Mərkəzində film nümayişi ilə həftənin bağlanışı olacaq.
“Türk Dünyası Həftəsi” “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında qeyd edilən qlobal trendlər kontekstində türk xalqlarının ortaq mədəni irsinin öyrənilməsi, qorunması və təbliği baxımından əhəmiyyətli platforma olacaq.


























