May ayının 14-də Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüssel formatında sayca beşinci görüş Azərbaycan üçün müsbət məqamlarla yadda qaldı. Bu görüş iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlü hesab edilir.
İlk əvvəl Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bu dəfə Avropa İttifaqı platformasında etiraf etdi. Üçtərəfli görüşdə Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha digər tərəfin diqqətinə çatdırıldı. Xüsusilə dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət daşıyır.
Mayın 14-də Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarına dair Brüssel formatı bərpa olundu. Məlumdur ki, Fransanın müdaxiləsi nəticəsində Praqa görüşündən sonra bəzi suallar ortaya çıxırdı. Ermənistan Parisin də prosesə qoşulmasına can atırdı. Amma Azərbaycan qəti şəkildə buna imkan vermədi, Paşinyan əvvəlki üçtərəfli formata qayıtmalı oldu.
Görüş zamanı Ermənistan Azərbaycanın ən azı 86,6 min kvadrat kilometr ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən və açıq şəkildə tanıyır. Bu dəfəki görüşün ən vacib tərəflərindən biri Mişelin bəyanatının mətnində Laçın yolu ilə bağlı qeydin olmamasıdır. Bu, bir daha 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Böyük Qələbənin yaratdığl yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini təsdiqləyir. Həmçinin, 5-ci Brüssel görüşündə Zəngəzur dəhlizinin dəmir yolu hissəsinin açılması ilə bağlı irəliləyiş də nəzərə çarpır.
Danışıqlar zamanı Bakı Azərbaycan ərazilərinin minalanması və Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi mövzusunu fəal şəkildə qaldırdı. Bu məsələ ilə bağlı dialoq davam etdiriləcəkdir.
Ümumilikdə növbəti Brüssel görüşünü uğurlu hesab etmək olar. Azərbaycan bu dəfə də danışıqlar masasında üstünlüyünü qorumuş oldu.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü