image-1backend

Azərbaycanla Qazaxıstan arasında hərbi saziş imzalandı – FOTO/VİDEO

image-reklam_sirab_01

Azərbaycan və Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb
Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun rəhbərlik etdiyi nümayəndə heyəti İyunun 7-də Azərbaycana rəsmi səfər edib.

Müdafiə Nazirliyindən Modern.az-a bildirilib ki, Qazaxıstan nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonra Müdafiə Nazirliyində təşkil edilən təntənəli qarşılama mərasimində hər iki ölkənin müdafiə naziri Fəxri qarovulun önündən keçib. Nümunəvi Hərbi Orkestrin ifasında Azərbaycan və Qazaxıstan respublikalarının Dövlət himnləri səsləndirilib. Protokola əsasən, general-polkovnik R.Jaksılıkov “Şərəf kitabı”nı imzalayıb.

General-polkovnik Z.Həsənov qazaxıstanlı həmkarını ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycanla Qazaxıstan arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən nazir, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğulayıb.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən general-polkovnik R.Jaksılıkov səmimi qəbula görə azərbaycanlı həmkarına öz minnətdarlığını bildirib. Bu cür səfərlərin xüsusi əhəmiyyətə malik olduğunu və müdafiə sahəsində əməkdaşlığın hər iki ordunun daha da güclənməsinə xidmət etdiyini qeyd edən nazir, general-polkovnik Z.Həsənovu cari ilin iyul ayında Aktau şəhərində keçiriləcək “Birləşdik – 2024” əməliyyat-taktiki komanda-qərargah təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”nə dəvət edib.

Görüşdə hər iki ölkənin hərbi qulluqçularının peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsi məqsədilə birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Alim Bayelin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image