image-97backend

Balakənin içməli su təchizatı sistemi yenidən qurulur

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində daha bir şəhərdə içməli su təchizatı infrastrukturunun yenidən qurulmasına başlanılıb. Balakən sakinlərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə su mənbələrinin yaradılması və anbarların inşası işləri həyata keçirilir.

Azərbaycanın ucqar yaşayış məntəqələrindən olan Balakən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri 1960-70-ci illərdə yaradılıb. İndiyədək şəhərə içməli su çaylardan götürülüb duruldularaq və subartezian quyularından verilib. Şəhərin mövcud paylayıcı su şəbəkəsi uzun illər istismar olunaraq yararsız vəziyyətə düşüb və tələbatı tam ödəmir. Buna görə də sakinlər içməli suyu fasilələrlə alır.

Balakən şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə dövlət investisiyaları hesabına həyata keçirilən layihənin ilkin mərhələsi su mənbəyi və anbarları əhatə edir. Layihəyə əsasən, Balakənçayın məcrasında subartezian quyuları qazılacaq, həcmi 2000 kubmetr olan yeni su anbarı tikiləcək, 500 kubmetr tutumu olan mövcud su anbarı isə yenidən qurulacaq. Hazırda subartezian quyusunun qazılması və mövcud anbarın təmiri işləri həyata keçirilir.

Layihənin növbəti mərhələlərində şəhərin içməli su və tullantı su sistemləri tamamilə yenidən qurulacaq. Gələcəkdə Balakən şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Siltikçay mənbəyində suqəbuledici qurğu tikiləcək və 6 subartezian quyusu qazılacaq, Su mənbəyindən şəhərə 7,6 km uzunluğunda magistral su kəməri çəkiləcək. Şəhərin relyef şəraiti nəzərə alınaraq ümumi tutumu 10 min kubmetr olan 8 su anbarının tikintisi və yenidən qurulması nəzərdə tutulub. Layihəyə əsasən, Balakən şəhərində 139 km içməli su və 77 km tullantı su şəbəkəsi yaradılacaq. Layihənin əhatə etdiyi ərazilərdə bütün istifadəçilər yeni şəbəkəyə qoşulacaq və sayğacla təmin olunacaq. Bu layihədən 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 31 mindən çox sakin faydalanacaq.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki