İspaniyanın “Barselona” klubu La Liqa tarixində yeni rekorda imza atıb.
Vətəninfo.az xəbər verir ki, Kataloniya təmsilçisi XXII turda “Kadis” üzərində 2:0 hesablı qələbə qazanaraq bunu reallaşdırıb.
Xavinin baş məşqçi olduğu kollektiv cari mövsüm keçirdiyi 22 oyunun yalnız 5-də qapısında qol görüb. 17 matçda qapısının toxunulmazlığını qorumağı bacaran “Barsa” “Deportivo”nun 1993/1994 mövsümündəki rekordunu yeniləyib. La korunyalılar 29 il əvvəl 16 görüşdə qol buraxmayıblar.
İlk 22 oyunda cəmi 7 dəfə mərkəzə dəvət edilən “Barselona” bu baxımdan da rekorda yiyələnib. Buna qədər mövsümün ilk 22 turunda rekord 9 top idi. Bunu isə 1986/1987 mövsümündə “Barselona”, 1993/1994-də “Deportivo”, 2017/2018-də isə “Atletiko” bacarıb.
Qeyd edək ki, hazırda La Liqada turnir cədvəlinə başçılıq edən “Barselona” (59 xal) ən yaxın izləyicisi “Real Madrid”i 8 xal qabaqlayır.