Gələn ilin iyun ayının sonuna kimi “Brent” markalı neftin bir barelinin qiyməti 120 ABŞ dollarına kimi arta bilər.
Veteninfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Bank of America”nın proqnozunda deyilir.
Bankın analitikləri hesab edirlər ki, benzinə olan yüksək tələb, emalla bağlı məhdud güclər fonunda neftin qiymət artımını sürətləndirə bilər.
Qeyd edilir ki, qlobal enerji böhranı dünya üzrə təbii qaz və kömürün qiymətlərinin kəskin artımına gətirib çıxardı. Bu, neft fyuçerslərinin bərpasına təkan verdi. Belə ki, oktyabrın ortalarında “Brent” markalı neftin qiymətləri son üç ildə ilk dəfə olaraq bir barel üçün 86 ABŞ dollarını, ayın sonunda isə “WTI” markalı neftin qiyməti 85 ABŞ dollarını keçdi.
Xatırladaq ki, Beynəlxalq Enerji Agentliyi 2030-cu ilə kimi neftin qiymətlərinin bir barel üçün 36 ABŞ dollarına kimi azala biləcəyini proqnozlaşdırır. Agentliyin hesabatında bu ən radikal ssenari kimi nəzərdən keçirilir. Onun reallaşması üçün enerji sektoru 2050-ci ilə kimi karbohidrogen tullantılarını sıfır səviyyəsinə çatdırmalıdır. Bu ssenariyə görə neftə olan tələb öz pik həddinə 2025-ci ildə çatmalıdır.