image-1684213894_d1f87f93-d309-32ba-922b-92140030564c_850backend

Brüssel görüşü Azərbaycanın növbəti diplomatik uğurudur

image-reklam_sirab_01

Mayın 14-də Brüsseldə Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilən növbəti görüşün məqsədi bir tərəfdən Vaşinqton görüşlərindən sonra Brüssellin yenidən fəallığını artırmağa çalışması ilə bağlı idisə, digər bir məqsədi də ABŞ-da keçirilən görüşlərdə əldə olunan razılaşmaların daha da irəliyə aparılmasından ibarət idi. Azərbaycan dəfələrlə istənilən platformada görüşlərə hazır olduğunu bəyan edib. Çünki ortada üçtərəfli bəyanat və ölkəmizin təqdim etdiyi 5 baza prinsipdən ibarət sülh sənədi var və bütün danışıqlar da məhz bu sənədlər əsasında aparılır. Məlumdur ki, Azərbaycan tezliklə delimitasiya və demarkasiya məsələlərinin həll olunmasında, erməni əsilli vətəndaşların inteqrasiya prosesinin sürətləndirilməsində maraqlıdır.

Azərbaycanın indiyə qədər olan danışıqlarda da əsas tələbləri ölkəmizin ərazi bütövlüyünün tanınmasından, ərazilərimizdən erməni hərbi birləşmələrinin çıxarılmasından, o cümlədən də işğal altında olan 8 kəndimizin geri qaytarılmasından ibarət olub. Bu baxımdan son Brüssel görüşündə əldə edilən razılaşmalar bizim tələblərimizin böyük ölçüdə qəbul olunduğunu göstərir.

Belə ki, açıqlanan rəsmi məlumatlara görə Ermənistan 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə uyğun olaraq Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisinin toxunulmazlığına birmənalı olaraq qəbul edib. Bu o deməkdir ki, birincisi, Ermənistan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkib hissəsi olduğunu, ikincisi, həmin sərhədlər çərçivəsində delimitasiya, demorkasiya işlərinin aparılmasını qəbul edir. Ərazi bütövlüyümüzün 86.6 min kvadrat kilometr çərçivəsində tanınması avtomatik olaraq hələ də işğal altında olan 8 kəndimizin də qaytarılmasını şərtləndirir.

Görüşdə yadda qalan məqamlardan biri də regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə irəliləyişə nail olunması ilə bağlıdır. Avropa İttifaqının prezidenti Şarl Mişelin verdiyi açıqlamadan məlum olur ki, bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Brüsseldə aparılan müzakirələrdə Zəngəzur dəhlizinin, xüsusilə də dəhlizin dəmir yolu hissəsinin açılması ilə bağlı irəliləyişin əldə olunması da müsbət tendensiyadır və göründüyü kimi 14 may görüşündə əldə olunan razılşamalar Azərbaycanın maraqlarına tam cavab verir.

Digər vacib məqam hər iki tərəfdə əsirlikdə olan şəxslərin azad edilməsi ilə bağlı işlərin sürətləndirilməsi ilə bağlıdır. Xüsusilə də yolunu azaraq, bilməyərəkdən qarşı tərəfə keçən əsgərlərin sürətli prosedur vasitəsilə azad olunmalarına dair qarşılıqlı razılaşmanın olması uğurlu nəticədir. Düşünürəm ki, bu razılaşma erməni əsirliyində olan iki əsgərimizin geri qaytarılması ilə bağlı təzyiq imkanlarımızı artıracaq.

Ümumilikdə isə Brüssel görüşünü Azərbaycanın diplomatik uğurunun davamı kimi qiymətləndirilməlidir.

Təranə Tağıyeva – BDU,  Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti,  Tarix üzrə fəlsəfə doktoru

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki