Balakənli fermerlər bu il 7 min 577 hektar sahədə qarğıdalı yetişdiriblər. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 62 hektar artırılıb. Hazırda təsərrüfatlarda qarğıdalı yığımı davam edir. İndiyədək 1270 hektar sahənin məhsulu yığılıb, 7,7 min tondan çox dən qarğıdalı istehsal olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 61 sentner təşkil edir. Bu il rayonda dən qarğıdalı istehsalının 46 min tona çatacağı gözlənilir.
Bu barədə Veteninfo.az -a Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qeyd edək ki, hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada birincilər sırasındadır. Ötənilki mövsümdə balakənli fermerlər 7 min 515 hektar sahədən 46 min 288 ton dən qarğıdalı tədarük ediblər. Hər hektardan orta hesabla 61,6 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 2 min 115 ton artıb.