image-cavansirbackend

Cavanşir Feyziyev: “Heç kim Azərbaycanın yaratdığı yeni reallıqları Ermənistanın xeyrinə dəyişə bilməz” -MÜSAHİBƏ

image-reklam_sirab_01

Milli Məclisin deputatı Cavanşir Feyziyev gündəm məsələləri ilə bağlı Turkustan.az-ın suallarını cavablandırıb.  

– Cavanşir müəllim, Praqa dördlü görüşünün yekunu ilə bağlı elan edilmiş bəyanatla müxtəlif yanaşmalar var. Xüsusilə, Azərbaycanın tərkib hissəsi olan Qarabağa gələcəkdə subyektiv yanaşmaların ola biləcəyi, bu bölgəyə gələcəkdə hansısa müşahidə missiyalarının daxil olması haqda iddialar səsləndirilir. Ümumən, sizin dəyərləndirməniz necədir?

– Praqa görüşü Azərbaycan üçün çox faydalı və səmərəli oldu. Ermənistanın 12-13 sentyabr təxribatlarından sonra iki ölkə arasında münasibətlərin normallaşdırılmasına yeni təkan vermək baxımından belə bir görüşə ehtiyac var idi. Şübhəsiz ki, Fransa prezidenti Makronun da bu görüşdə iştirakı yeni siyasi çalarlar ortaya çıxarır. Makron həmin görüşdə Aİ- nin monitorinq missiyası adı altında öz müşahidəçilərini əraziyə daxil etməyə və burada gedən proseslərə müdaxilə imkanı əldə etməyə çalışırdı. Lakin onun təklifi Azərbaycan prezidentinin qətiyyətli mövqeyi ilə rədd edildi. Nə indi, nə də gələcəkdə Qarabağın statusunu müzakirə obyektinə çevirmək mümkün olmayaq. Buna Azərbaycan yol verməyəcək. Ona görə də, bu barədə səslənən iddiaları əsassız hesab edirəm.

– Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə missiya göndərmək qərarı və nəzərdə tutulan missiya sizcə nə qədər şəffaf olacaq? 

– Aİ-nın Ermənistanın ərazisinə müşahidəçi missiya göndərməsi artıq Aİ ilə Ermənistanın problemidir. Bu ilk növbədə Ermənistanın müstəqil dövlət olmadığının göstəricisidir. Bizim tərəfimizdən belə bir təklifin qəbul olunmaması missiyanın Azərbaycana heç də xoş münasibət bəsləməyəcəyi ehtimalını yaradır. Xüsusən də, missiyanın ekspert üzvləri Fransa və bir neçə digər Avropa ölkələrinin nümayəndələri olacaqsa, o missiyadan ancaq qərəzli və şantaj xarakterli hesabatlar gözləməliyik. Amma, bu bizi qətiyyən qorxutmur. Heç bir qərəzli yanaşma Azərbaycanın yaratdığı yeni reallıqları Ermənistanın xeyrinə dəyişə bilməz. Cəmiyyətimiz də bundan əmin olmalıdır.

– Praqa görüşünün iştirakçılarından biri Fransa ermənipərəst mövqeyini daha da şiddətləndirib. Prezident Makronun yerli TV-yə müsahibəsində  Azərbaycanı Qarabağı “işğal edən” tərəf kimi təqdim etməsi də bu qəbildəndir. Fransanın bu cür formatlarda iştirakının bundan sonrakı perspektivlərini necə görürsünüz?

– Əslində Ermənistanla münasibətləri normallaşdırmaq üçün bizə heç bir format lazım deyil. Bu məsələ Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar yolu ilə daha tez öz həllini tapa bilər. Amma əgər Ermənistan özü öz taleyi ilə bağlı qərar verə bilmirsə, biz istənilən formatda sülh danışıqları aparmağa hazırıq. Bütün hallarda Azərbaycanın mövqeyi dəyişməz olaraq qalacaq. Prezident Makronun Azərbaycan əleyhinə saxta faktlara söykənən açıqlamaları isə əvvəllər də olub. Vətən müharibəsinin gedişində də erməni yalanlarının təbliğatının Fransada dövlət və parlament səviyyəsində aparıldığının şahidi olmuşuq. Bu ilk növbədə Fransa dövlətinin özünün siyasi çəkisini azaldan və beynəlxalq səviyyədə onun nüfuzuna xələl gətirən ədalətsiz mövqedir. Digər tərəfdən, Fransa dövləti və parlamenti tərəfindən beynəlxalq səviyyədə Azərbaycana qarşı göstərilə biləcək təzyiqləri neytrallaşdırmaq üçün Azərbaycan diplomatiyasının da əlində kifayət qədər kəsərli vasitələr var. Lazım gəldiyi zaman Azərbaycan o vasitələrdən səmərəli şəkildə faydalanacaq və nəticə heç də Fransanın xeyrinə olmayacaq.

– Bu arada, Azərbaycanın ABŞ-dakı səfirliyinin avtomobili silahlı hücuma məruz qaldı. Son dövrlər xüsusilə Qərb ölkələrində Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumlar intensivləşir. Amma, nədənsə, beynəlxalq təşkilatların qınayıcı bəyanatları eşidilmir.

– Bu da bizim üçün yenilik deyi. Tarixin bütün dönəmlərində erməni terrorundan əziyyət çəkmiş xalq kimi terrorçuluğun Ermənistanda dövlət siyasəti səviyyəsində aparıldığını biz hamıdan yaxşı bilirik. Ona görə də beynəlxalq təşkilatların erməni terroru qarşısında susmasını da dözümlə qarşılayırıq. Erməni terrorçu təşkilatlarının bütün dünya boyunca şəbəkələnməsi hələ keçən əsrin əvvəllərində baş vermişdi və onlar bu günə qədər də  müxtəlif adlar altında maskalanaraq fəaliyyət göstərirlər. Bu erməni tayfasının sivil dünyanın sivil yaşam tərzi ilə uyğunlaşa bilməməsinin göstəricisidir. Bu bir ictimai şüur məsələsi olduğundan bu barədə biz onlara heç bir köməklik etmək iqtidarında deyilik. Özləri gərək şüurlu insan olmağa çalışsınlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image