image-photo-2021-12-09-15-11-54backend

     “Dəmir Yumruq” Əməliyyatı

image-reklam_sirab_01

2020-ci il sentyabrın 27-də Ermənistan cəbhə xətti boyunca ağır artilleriya və digər atıcı silahlardan istifadə edərək Azərbaycan Ordusunun döyüş mövqelərini və yaşayış məntəqələrini atəşə tutmuşdur. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etmək məqsədilə Vətən müharibəsinə qalxmışdır.

Qəhrəman əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütün Azərbaycan xalqı birlik və həmrəylik nümayiş etdirərək, işğalçıya layiqli cavab vermişdir. “Dəmir yumruq” əməliyyatı nəticəsində düşmən darmadağın edilmiş və Azərbaycan Ordusu Qələbə qazanmışdır.

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Azərbaycanın mədəniyyət incisi hesab olunan Şuşa şəhərini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan, Talış və Çaylı kəndləri, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Bu torpaqlar Azərbaycan xalqının igid oğullarının, bizim əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qaytarıldı.

Hərbi əməliyyatlar zamanı qazanılmış qələbələr, xüsusilə Qarabağın Tacı olan Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Belə ki, Şuşa işğaldan azad olunandan cəmi bir gün sonra Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini azad etdi və bununla da düşmənə son zərbəni vurdu. Məhz bundan sonra Ermənistan öz məğlubiyyətini etiraf edərək, kapitulyasiya aktını imzalamağa, Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu.

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.

Azərbaycan xalqının əzmi və iradəsi, dövlətimizin iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-Prezident birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi Zəfər çaldı.

Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etmək məqsədilə sentyabrın 27-də başlatdığı və 44 gündən sonra şanlı zəfərlə başa çatdırdığı Vətən müharibəsində kimin dost, kiminsə düşmən olduğunu açıq-aşkar gördük. Hətta səssiz qalmağa üstünlük verib, “nə şiş yansın, nə də kabab” deyiminə uyğun olaraq tərəflərdən heç birini incik salmamaq üçün səsləndirilən çağırışları da eşitdik. İllərlə dost, qardaş dediyimiz ölkələrin bir çoxunun düşmən qarşısında acizliyinin, qorxaqlağının şahidi olmaq bizi çox incitdi, amma nə yaxşı ki, dost, qardaş ölkələrin bir çoxu etimadı yüksək səviyyədə doğrultdu və bizi qələbəyə ilhamlandırdı. Hətta ummadığımız yerdən aldığımız dəstəklər gücümüzə güc qatdı.

Torpaqlarını azad etməsi üçün Azərbaycana ən böyük dəstəyi qardaş Türkiyə dövləti verib. Türkiyə tərəfi Prezident, XİN başçısı, Milli müdafiə naziri, Milli İstikbarat Təşkilatı – bütün səviyyələrdə qələbə gününədək Azərbaycanla birlikdə oldu və müharibədən sonrakı proseslərdə də Azərbaycanın yanındadır.

Haqq-ədalət, Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

(Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev)

 

Adıgözəlova Ayşən1 nömrəli Bakı Tibb Kolleci

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki