image-resadbackend

Deputat: Heydər Əliyev xilaskarlıq missiyası ilə Azərbaycanın müstəqilliyini qorudu

image-reklam_sirab_01

İstər sovet dönəmi, istərsə də müstəqillik illərində xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında baş verən yüksək inkişaf ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik siyasəti ilə gerçəkləşib. Təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən ağır və mürəkkəb sınaqlarına mətinliklə sinə gərərək, bugünkü müstəqil Azərbaycanı qurub, respublikamızın gələcək tərəqqisi üçün möhkəm təməl yaradıb. Dahi şəxsiyyət zəngin mədəniyyəti, şərəfli tarixi keçmişi ilə həmişə qürur duyduğu, fərəh hissi keçirdiyi doğma Azərbaycanı bir dövlət kimi dövrün ən sərt sınaqlarından uğurla çıxararaq, xalqımıza əmanət edib.

Ümummilli liderin vəfatından bizi müəyyən zaman məsafəsi ayırsa da, o ağır gündən sürətlə uzaqlaşdırsa da, dahi rəhbərin ideyalarının ölməzliyini, əbədiliyini bu gün də hər an görür, hiss edirik. Çünki Azərbaycanın indiki inkişafı, tərəqqisi, ölkəmizin ərazi bütövlüyünün bərpası məhz ulu öndərin təməl prinsiplərinə Prezident İlham Əliyev tərəfindən dönmədən əməl olunması ilə reallaşıb. Bu, birmənalı olaraq belədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Rəşad Mahmudov deyib: “Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci mərhələsində geridə qalan, tənəzzül yaşayan respublikamızı böhran vəziyyətindən çıxarıb, sənayeni dirçəldib, kənd təsərrüfatına dinamizm gətirib və mədəni quruculuğu əsaslı surətdə yaxşılaşdırıb. Xalqın tarixi yaddaşının özünə qaytarılması istiqamətində gördüyü misilsiz işlərlə isə milli ruhun oyanmasına, azərbaycançılıq məfkurəsinin zənginləşməsinə böyük təsir göstərib. Azərbaycan dilinin respublikanın dövlət dili olması ilə bağlı müddəanın 1978-ci il Konstitusiyasına daxil edilməsinə nail olub.

Həmin illərdə dahi rəhbər respublikanın ali və orta ixtisas təhsili şəbəkəsini genişləndirib, azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərilməsini diqqət mərkəzində saxlayıb. Ulu Öndər təkcə bu xidməti ilə sonralar müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi və təhlükəsizliyinə öz töhfələrini verəcək yüksək ixtisaslı kadr bazası formalaşdırıb. Eyni zamanda, gənclərimizin hərb sənətinin sirlərinə yiyələnmələrinə əlverişli şərait yaradıb, bu sahədə kadrların yetişdirilməsinə, hərbi təhsilin inkişafına mühüm önəm verib.

Bütün bunlarla bərabər, respublikada dövlət və əmək intizamının möhkəmləndirilməsi, kadrların məsuliyyətinin artırılması və korrupsiyaya qarşı ciddi mübarizə məsələlərində prinsipial xəttə sadiqliyini təsdiqləyib. Həmçinin, həyata keçirdiyi tədbirlərlə xalqın rifahının yaxşılaşmasını təmin edib, səhiyyə xidmətlərinin səviyyəsini yüksəldib, mövcud səhiyyə ocaqlarının abadlaşdırılmasına, yeni tibb müəssisələrinin tikilməsinə xüsusi önəm verib, bu sahənin yüksək səviyyəli kadr potensialı ilə təminatını reallaşdırıb”.

Rəşad Mahmudov daha sonra ötən əsrin sonlarında Azərbaycanın üzləşdiyi bəlalardan, dərin böhrandan xilasının da Ümummilli Liderin adı ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında, xarici əlaqələrində dönüş yaranıb, beynəlxalq norma və prinsiplərə uyğun olaraq müstəqil dövlət quruculuğu prosesinə başlanıb.

Bütün bunlarla yanaşı, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın karbohidrogen ehtiyatlarının dünyanın ən qabaqcıl neft şirkətləri ilə birlikdə hasil olunması və xarici bazarlara nəqli məqsədilə 1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi haqqında “Əsrin müqaviləsi” imzalanıb.

İlk beynəlxalq neft müqaviləsi çərçivəsində Bakı-Novorossiysk boru kəməri əsaslı təmir və bərpa olunub, Bakı-Supsa boru kəməri inşa edilib. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikilməsi haqqında saziş imzalanıb və onun təməli qoyulub.

Bu dövrdə bəzi daxili və xarici qüvvələr tərəfindən hazırlanan dövlət çevrilişi planlarının, sui-qəsd və terror cəhdlərinin qarşısı da qətiyyətlə alınıb, silahlı yolla hakimiyyətə gəlmək iddialarına birdəfəlik son qoyulub. Bir sözlə, Azərbaycan dövlətçiliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb, respublikada ictimai-siyasi sabitlik bərqərar edilib. İşğalçı Ermənistan ilə müharibənin gedişində də ciddi dönüşə nail olunub. Azərbaycan qoşunları Füzuli rayonu istiqamətində uğurlu əməliyyat keçirərək, Horadiz qəsəbəsini və ətraf kəndləri işğalçılardan azad edib. Beləliklə, erməni silahlı qüvvələrinin işğalı genişləndirmək planlarının qarşısı alınıb, Ermənistan 1994-cü ilin mayında cəbhə xəttində atəşkəs elan edilməsinə və danışıqlar masasına qayıtmağa məcbur olub.

Deputat sonda qeyd edib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı qələbəsinin əsaslarını da vaxtılə ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə formalaşdırıb. Belə ki, dahi şəxsiyyət Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması, torpaqlarının 20 faizindən çoxunun işğalı, 1 milyondan çox yerli sakinin didərgin salınaraq çadırlarda yaşaması və digər dövlət əhəmiyyətli məsələlər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, mövcud problemlərin həlli sahəsində çox gərgin və genişmiqyaslı fəaliyyət göstərib. Heydər Əliyevin fəal diplomatik səyləri nəticəsində dünyanın böyük dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişib. BMT Təhlükəsizlik Şurasında, ATƏT-in Budapeşt (1994) və Lissabon (1996) sammitlərində, İƏT-in üzv dövlət başçılarının zirvə toplantılarında düşmən dövlətin işğalı pislənilib və Qarabağ probleminin beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair sənədlər imzalanıb.

Vətən müharibəsində əldə etdiyimiz qələbəyə görə də xalqımız ümummilli lider Heydər Əliyevə minnətdardır. Çünki onun siyasi-iqtisadi, ordu quruculuğu sahələrində həyata keçirdiyi bütün islahatlar, demək olar ki, bu məqsədə yönəlmişdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dahi öndər tərəfindən Azərbaycanın qələbəsi üçün çox gözəl hüquqi baza, hüquqi zəmin yaradılmışdı.

Bunun real nəticəsini biz 44 günlük Vətən müharibəsində gördük: Hər bir Azərbaycan vətəndaşının gözlədiyi həmin gün gəlib çatdı və torpaqlarımız işğaldan azad olundu. Dövlətimizin başçısının qeyd etdiyi kimi, artıq “Dağlıq Qarabağ münaqişəsi ifadəsi” yoxdur, İkinci Qarabağ savaşı ilə Azərbaycan bu sözün üstündən birdəfəlik xətt çəkdi.

Təbii ki, qeyd etdiyim kimi, ən böyük azərbaycanlı Heydər Əliyev vətəndaş olaraq hər birimizin üstündə haqqı olan, bizə dövlət, Vətən miras qoyaraq ölməzliyə qovuşan böyük tarixi şəxsiyyət, əvəzolunmaz liderdir. Xalqımız ona görə xoşbəxtdir ki, onun Heydər Əliyev kimi lideri var. Onu sevmək, qədirbilənliklə anmaq hər birimizin müqəddəs amalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki