image-reklam-veteninfo
image-374946633_10159047632417691_4197794195369487523_nbackend

Dövləti Bayanduriyə yoxsa Ağqoyunlu

image-reklam-veteninfo

Qalarda-qoparda yigit, yerin nə yerdir?
Qarannu dün içində yol azsan, umun nədir?
Qaba aləm götürən xanınuz kim qırış günü öndin?
Qaranu dün içrə yol azsam, umum Allah!
Qaba aləm götürən xanımız – Bayındır xan!
Qırış güni öndin dəpən alpımız Salur oğlı Qazan!
Kitabı Dədə Qorqud

Bu yazını hazırlamazdan öncə tarixçi, ərəb, fars, Osmanlı və Çağatay dillərində böyük araşdırmalar aparan dostum Bayram Quliyev -ə zəng etdim. Məsləhət aldım.
Tədiqatçı Rizvan Hüseynov yazır: “Ağqoyunlu sülələsini idarə edən Bayandur tayfasının ləqəbi qədim türk dilindən tərcümədə – “boran, baran, tufan” mənasını daşıyırdı. Bu da səhvən “baran” kimi tərcümə olunurdu. Yalnış tərcümə ilə Belıye Baranı” kimi dövlət adları ortaya çıxmışdı”
Bu rusların bizim tarixə, bizim kimliyə təhqirdir. Tarix elmində əsla əsla dövlət adları tərcümə edilmir və olduğu kimi yazılır.
Qaynaqlarda Ağqoyunlu və Dövləti Bayanduriya adı çəkilir. Bu dövlətin rəsmiləri və xalqı özlərinə Bayandurlar deyiblər.

Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda İrəvan xanlığının ərazisində cərəyan etmişdir. Bayanduriya dövlətinin başçısı Həsən Padşahın tapşırığı ilə yazılmış Oğuznamədə — Əbu Bəkr Tehraninin “Kitabi-Diyarbəkriyyə”sində oğuz türklərinin soy kökündə duran Oğuz xaqanın məhz burada — Göyçə dənizi ətrafındakı torpaqlarda yaşadığı, dünyasını burada dəyişdiyi və burada da dəfn olunduğu qeyd edilir. Xanlar xanı Bayandur xaqan və bir çox digər oğuz-türk sərkərdələri də özlərinin ata-baba yurdu olan bu diyarda fəaliyyət göstərmiş, burada da dünyalarını dəyişmiş, dəfn olunmuşlar.

Bayandur tayfasının adı həm ümümtürk abidələrində, M. Qaşğari, Rəşidəddin, Yazıcıoğlu Əli, Əbdülqazi xan Xivəlinin əsərlərində, həm də Azərbaycan xalqının ən qədim dil-tarix abidəsi olan “Kitadi-Dədə Qorqud” dastanlarında çəkilir.
Onlar Anadolu və Cənubi Azərbaycan ərazilərini dövrünə qədər idarə edən Bayandur tayfasının başçılığı ilə birləşmiş oğuz tayfalarından ibarət bir dövlət olmuşdur.
Əslində bu Ağqoyunlu yox Ağ-qoyonlar olmalıdır. Qeyd edim ki, Çingiz xan dövründə Qoyon hərbi bir titul idi. Çingiz xanının özünün ulu babalarının Bayandurlu elinin qaratatarlar boyundan olması onu göstərir ki, bu titul daha öncələr də bu coğrafiyada istifadə edilib. Qoyon titulu seçilən Xanın sağ tərəfində duran, döyüş zamanı sağ cinahı qoruyan şəxslərin hərbi rütbəsi, titulu idi.

Rus və Çin lüğətlərinə nəzər salanda belə nəticə yazılır:
-QOYON -“böyük və hörmətli”. Çingiz xan dövləti yaradandan sonra təsdiq etdiyi hərbi titul. Oğuzlar, uyğurlar və qara-çin (xitay, katai) türk boyları arasında “Qoyon” sözü – “böyük və hörmətli” mənasındadır.-
Türk dünyasında Qoyon titulu dövlətin və dövlət başçısının ən yüksək aristokratiya statusu hesab edilirdi.

Lakin ərəb, fars, Osmanlı və rus qaynaqlarında bu Ağ-qoyanlar deyil Ağqoyunlu kimi yazılır və səbəbi də bəlli deyil, bəlkə tərcümə xətası, bəlkə sözün düzgün tələffüz edilməsi, bəlkə də qəsdən.

Topqapı Saray Muzeyində saxlanılan və Həsən Padşaha aid olduğu göstərilən ağ bayraq üzərərində qoyun rəsminin olmadığını görmək olar..
O bayrağın şəklini paylaşıram.
Ağ parçadan hazırlanmış bayraq uzunsov üçbucaqlı formadadır.
Üzərində “Sultan Həsən Bahadur” sözləri yazılmış, Həsən Padşahın tuğrası təsvir olunmuş, kənarlarında isə Quran ayələri (“Bəqərə” surəsinin 255-ci, “Ali İmran” surasinin 181-ci, “Fath” surəsinin ilk iki ayəsi) verilmişdir.

Tarixçi alim Tofiq Nəcəfli yazır : “Fransız J.Dögininin fıkrincə, Qaraqoyunlu və Aqğqoyunlu sözü ona görə yaranıb ki, guya bayraqlarının üzərində qoyun şəkli olub. XVIII əsrin ortalarında irəli sürülmüş bu fikir Türkiyə, Azərbaycan və Sovət tarixşü­naslığında uzun illər qəbul olunmuşdur Lakin onların fıkri ilə razılaş­maq çətindir. Çünki tayfa və sülalənin öz adını bayraqdakı qoyun rəsminə görə alması fikri həqiqətdən uzaqdır. Belə çıxır ki, tayfa öncə bayrağını, sonra isə adını seçmişdir. Əslində, əksinə olmalıdır. Hər bir tayfa öz adını rəsmi bayraqlarında, hökmdarın möhüründə, rəsmi məktublarında bu və ya digər formada yaşatmışdır”
Fəzlullah bin Ruzbihan Xunci, “Târîx-i Âləm-âray-i Əminî” əsərində Bayandurları belə təsvir edir:
-Onlar tamahkarlıqdan çəkinərdilər.
-Bayandur sultanı və döyüşçüləri dost və düşmənin şərəfinə hörmət edərdilər.
-Onlar, onların arvad və uşaqlarını əsir alardılar, ancaq incitməzdilər
-Onlar mərhəmətli idilər və xaric və xərac bəhanəsi ilə heç kimin malına və mülkünə göz tikmirdilər.

Ağ-qoyanlar dövləti türk mənbələrində Bayındırlu, farsca əsərlərdə isə Bayındıriyyə adlanır. Bayandur tayfasının damğasını dövlətlərinin rəsmi nişanı kimi qəbul etdilər. Belə ki, Bayandur damğası dövlətin sikkələrində, rəsmi sənədlərdə, silahlarda və bayraqlarda öz əksini tapıb.
Bayandur dövlətinə 39 türk boyu daxil idi ki, bura əfşarlar, qaramanlar və şairlərin adını çəkmək olar. XVII əsr tarixçisi Əbu-l-Qazi qeyd edir ki, Bayandır tayfası 24 qədim türkman tayfasından biri – Oğuz xanın birbaşa nəslindəndir:
“Oğuz xanın oğullarının və nəvələrinin adları haqqında… Göy xanın böyük oğlunun adı Bayındır, ikinci Beçene, üçüncüsü Çavuldur, dördüncüsü Çepnidir… Bayındırın mənası odur ki, dünya malına sahib olan ..”

Çox faktlar yazmaq olar. Yazıda əsas məqam odur ki, qaynaqlarda Dövləti Bayanduriya adı keçən, Aqqoyon kimi yazılan bir dövləti fransız səyyahı və tarixçisinin Ağqoyunlu kimi yazmasından sonra ona istinad edib belə yazmağa son qoymaq lazımdır. Əlbətdə Ağqoyunlu sözünün yazılmasında heç bir qəbahət yoxdur, bu bizə utanc da gətirmir.

Məlumdur ki, türklər təkcə döyüşkən xalq olmaqla yanaşı maldarlıq və qoyunçuluqla da məşğul olublar. Amma bu o demək deyil ki, döyüşkən xalq öz dövlətini və bayrağını qoyun sözü ilə adlandırsınlar. Bizim əksər tarixçilər də orjinal sənədə, qaynağa, əlyazmaya baxmadan hansısa fransız tarixçisinin uydurma sözünə istinad edirlər ?
Dünyanın hansı muzeyinə gedəndə dövləti Bayanduriyə dövrünə aid bayraq, sancaq, damğa, simgədə qoyun şəkli və yazısı yoxdursa buna niyə biz əksər alimlər istinad edirlər ? Məgər tarix elmi qaynaq və abidəyə istinad etmir? Buyurun, gedin tanış olun və düzgün yazmaq lazımdır da. Yoxsa böyük bir xalqa, böyük bir tayfaya və böyük bir dövlətə ağ qoyunlu demək nə dərəcədə doğrudur ?

Dövləti Bayanduriyə,Ağ-Qoyon ( ağ sərkərdə) adı düz olmaz yazmaq ? Tarix kitabları və dərslikləri həqiqətlər ilə qeyd etmək bizə ucalıq gətirməz məgər ?
Biz niyə hansısa fransıza istinad etməliyik gül kimi qaynaqlar və abidələr dura dura ? Çox çətindir Dövləti Bayanduriyə yazmaq ? Çox çətindir Ağ-Qoyon yazmaq? Niyə tariximizə belə nifrət var əksər alimlərdə. Qorxurlar ?

Osmanlı sultanı məktubunda həqarət mənasında Həsən Padşaha “Hasan draz” kimi müraciət edibsə niyə Həsən Padşah Bayandur yazmaq əvəzinə Uzun Həsən yazırıq ?
Məgər bizim tariximiz və bizim burda yaşayan xalqlar hörmətə və sevgiyə layiq deyil ki, başqalarının təhqir və uydurma adlarından istifadə edirik ?

Tarixdə olan hər şeyi öz adı ilə çağırmaq daha doğru deyilmi?

Zaur Əliyev, dosent




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki