image-reklam-veteninfo
image-arzuman-muradlibackend

Arzuman Muradlı: Paşinyanın seçki üstünlüyü nədən qaynaqlanır?

image-reklam-veteninfo

“Ermənistanın 7 iyun 2026-cı il tarixinə təyin edilmiş parlament seçkiləri ölkənin gələcək xarici siyasət vektorunu və daxili sabitliyini müəyyən edəcək həlledici bir mərhələdir”.

 

Bu fikirləri politoloq Arzuman Muradlı Vətəninfo.az-a açıqlaması zamanı bildirib. Siyasi ekspertin sözlərinə görə, hazırda Ermənistan müxalifəti ciddi bir parçalanma və ideoloji böhran yaşayır: “Müxalif düşərgə (Robert Köçəryan, Qagik Tsarukyan və digər qüvvələr) Paşinyanı “milli maraqlara xəyanət” və “təslimçi siyasət”də ittiham etsə də, cəmiyyətə daha effektiv təhlükəsizlik və inkişaf alternativi təqdim edə bilmir: “Köhnə rejim qalıqları kimi qəbul edilən müxalifət liderləri, xalq arasında geniş dəstək qazanmaqda çətinlik çəkir. Onların əsas taktikası küçə aksiyaları və ritorik təzyiqlər olsa da, seçki qutusu səviyyəsində bu, hələ ki, ciddi nəticə verməyib”. Arzuman Muradlı son sorğu nəticələrinin (xüsusilə aprel ayı məlumatlarının) seçki mənzərəsini aydınlaşdırdığını vurğulayaraq qeyd edir ki, sorğular göstərir ki, Paşinyanın ictimai dəstəyi 36%-dən 47%-ə yüksəlib. Bu artım, onun dövlət idarəçiliyindəki tək dominant fiqur olması və müxalifətin alternativsizliyi ilə bağlıdır: “Seçicilərin təxminən 37%-nin hələ də qərarsız olması seçki nəticələrində əsas sirrdir. Lakin mövcud metodoloji modellər və seçici meylləri bu qərarsız kütlənin böyük hissəsinin son anda Paşinyana səs verəcəyini proqnozlaşdırır”. Siyasi ekspertin sözlərinə görə, seçkilərdə iştirak səviyyəsinin yüksək olması (təxminən 89%) gözlənilir. Bu aktivlik, qərarsızların Paşinyanın xeyrinə “status-kvonu qorumaq” meyilləri ilə birləşdikdə, hakim partiyanın parlamentdə yenidən çoxluq əldə etməsinə şərait yaradır: “Ermənistan cəmiyyəti hazırda təhlükəsizlik qorxusu ilə Paşinyanın ‘praqmatik’ adlandırdığı siyasət arasında seçim etməyə məcburdur. Müxalifətin reytinqinin aşağı səviyyədə qalması və hakimiyyətin xarici siyasi konjonkturu (xüsusilə Qərblə əlaqələri) öz xeyrinə istifadə etməsi, 7 iyun seçkilərində Paşinyan üçün ciddi bir üstünlük yaradır. Lakin seçkidən sonrakı dövr, xüsusilə regiondakı geosiyasi gərginlik fonunda Ermənistan üçün yeni çağırışlarla dolu olacaq”.

 

Vətəninfo.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki