image-fb_img_1618496018746backend

Elçin Quliyev: Azərbaycan Prezidenti beynəlxalq konfrans vasitəsilə dünyaya mühüm mesajlar verdi

image-reklam_sirab_01

“Aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxış edərək bir sıra məsələlərə toxundu. Prezidentimiz İrəvana və Göyçəyə qayıdışın anonsunu verdi. Dövlətimizin başçısı post-müharibə dövründə regionun gələcək inkişafına Azərbaycanın baxışından danışdı, eləcə də beynəlxalq təşkilatların bundan sonrakı dövrdəki fəaliyyət istiqamətlərinə dair fikirlərini ifadə etdi”. Bu fikirləri sabiq millət vəkili Elçin Quliyev deyib.

Elçin Quliyev bildirib ki, “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans Azərbaycanın regionumuzda yaratdığı yeni şərtlərdə baş tutan ilk geniş formatlı beynəlxalq tədbir idi. Konfrans ADA Universitetinin yüksək səviyyəli təşkilatçılığı ilə baş tutdu. Hər şeydən öncə Azərbaycan Prezidenti bu konfrans vasitəsilə dünyaya iki mühüm ismarıc verdi.

Bunlardan biri artıq müharibənin və münaqişənin bitməsi, digəri isə Azərbaycanın yeni mərhələni inkişaf və əməkdaşlıq mərhələsi kim görməsinin bəyanı idi. Ancaq şübhəsiz ki, bunlar konfransda ifadə edilən çoxsaylı və mühüm fikirlərdən yalnız ikisi idi. Prezident İlham Əliyev dünyanın ən müxtəlif beyin mərkəzləri təmsilçilərinin suallarını cavablandırarkən keçmiş münaqişənin tarixindən, onun həlli ilə bağlı aparılan uzunmüddətli və səmərəsiz danışıqlardan başlamış, erməni vandalizminin ifşasına, Azərbaycan Ordusunun qəhrəmanlığına qədər, dost ölkələrin beynəlxalq hüququn və ədalətin yanında olmasından başlamış Ermənistanın təcavüzkarlıq siyasətini və faşist əməllərini dəstəkləyənlərə qədər çox geniş məsələlərə toxundu və bunu beynəlxalq ictimaiyyətin, qlobal informasiya məkanının diqqətinə təqdim etdi.

Onun sözlərinə görə, bu xüsusda cənab Prezident Azərbaycan xalqının tarixi keçmişi, ermənilərin necə Cənubi Qafqazda dövlət olmaları ilə bağlı da obyektiv tarixi bilgiləri arqumentləşdirilmiş şəkildə, açıqca dünyanın diqqətinə təqdim etdi. Lakin bununla belə, dövlətimizin başçısı Azərbaycanın hazırkı mövqeyinin yeni reallıqda əməkdaşlığın və inkişafın bərqərar olmasına, regionun kommunikasiya və iqtisadi bütövlüyünün təmin edilməsinə və bu prosesdə səmərəli əməkdaşlıq platformasının yaradılmasının vacibliyinə yönəldiyini bildirdi. Bunun üçün ilk növbədə Ermənistanın prosesə qoşulması və “azərbaycanfobiyadan”, “türkofobiyadan” qurtula bilməsi və yaranmış yeni reallığı obyektiv əsaslarda dərk edə və qiymətləndirə bilməsinin lazım olduğunu qeyd etdi. Artıq hər kəsə aydındır ki, Qafqaz kimi mürəkkəb bir regionda yaradılmış ən mürəkkəb münaqişə ocaqlarından birini Azərbaycan öz güclü ordusu vasitəsilə söndürə bilib. Bu, ölkəmizə yeni qalib ölkə statusu qazandırıb.Bütün dünya bu yeni reallığı düzgün qiymətləndirməli, Azərbaycanın əməkdaşlıq və tərəfdaşlıqla bağlı təşəbbüslərini tarixi fürsət kimi dəyərləndirməlidir. Ancaq hər şeydən öncə Ermənistan öz mövcudluğu üçün bu tarixi fürsəti əldən verməməlidir. Çünki Azərbaycan bütövlükdə regionumuzun tarixində geri dönülməsi mümkün olmayan mühüm strateji reallıq yaradıb və gec- tez hamı bununla hesablaşmalı olacaq.

E.Quliyev qeyd edib ki, cənab Prezidentin tədbirdəki çıxışı təkcə Azərbaycan üçün yox, eləcə də bütün dünya üçün böyük maraq doğurdu: “Bir çox aktual, perspektiv doğuran məsələlərə Azərbaycanın dünyagörüşünü ortaya qoydu. Bütün bunların hamısı həm beynəlxalq hüquqa, həm mehriban qonşuluq siyasətinə, həm də Azərbaycanın maraqlarına cavab verən məsələlər idi. Cənab Prezident bir nüansı da xüsusi qeyd edərək bildirdi ki, biz Ermənistana qarşı torpaq iddiası etmirik. Amma tariximizi də bilirik. Qərbi Azərbaycana – İrəvan, Zəngəzur, Göyçə mahallarına, Azərbaycan xalqının oraya qayıtmaq hüququ mövcuddur. Bizim orada tarixi abidələrimizi axtarmaq, tariximizi öyrənmək, həmin torpaqlarda gəzmək hüququmuz var.

Zəngəzur dəhlizi işə düşdükdən sonra Ermənistanla Azərbaycan arasındakı münasibətlərin yeni mərhələyə qalxma şansı var. Artıq iki qonşu arasında böyük sülh müqaviləsi bağlayaraq sərhədlərin tanınması, diplomatik əlaqələrin qurulması kimi məsələlər təkcə Zəngəzur dəhlizi ilə bağlı deyil. Digər sahələrdə də – ticari, iqtisadi münasibətlər qura bilərik. Harada ki, normal dostluq, qonşuluq münasibətləri var, harada ki iqtisadi münasibətlər mövcuddur, orada gediş-gəliş olacaq. Orada sərbəst fəaliyyət də mümkündür. İrəvana qayıdışımızda ilk növbədə qonşu Ermənistan dövləti ilə normal münasibətlərin qurulmasını, bizim o dövlətə sərbəst gediş-gəlişimizi, mehriban qonşuluğumuzu möhkəmləndirmək üçün yeni variantlar axtarmaq üçün səfərlərimiz olacaq. Amma bu səfərlər, bu münasibət birtərəfli olmamalıdır. Ermənistan hesab etməməlidir ki, bu istiqamətdə addımlar ancaq Azərbaycan tərəfindən atılmalıdır. Ermənistan da Azərbaycanla mehriban qonşuluq siyasətində maraqlı olduğunu elan etməlidir. Bizimlə mehriban qonşuluq şəraitində yaşamaq istədiyini dilə gətirməlidir. Bu öhdəliyi öz üzərinə götürməlidir. Ermənistan cəmiyyətində revanşizmə, şovinizmə, türkofobiyaya, azərbaycanofobiyaya son qoyulmalıdır. Azərbaycan xalqının nümayəndələrinin həmin qədim torpaqlara gediş-gəlişi mütləq təmin edilməlidir.

Bir vaxtlar Ermənistan Azərbaycan torpaqlarını işğal edəndən sonra bu ölkə Azərbaycana öz torpaqlarını unutdurmaq siyasəti yeridirdi. Amma Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaratdı. Bu reallıq Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, Ermənistanın öz ərazisinə çəkilməyə məcbur edilməsi idi. Artıq indi Ermənistandan növbəti addımlar gözlənilir. İndiyə qədər – torpağımız işğal altında olarkən – Ermənistanla ticari-iqtisadi əlaqələr ola bilməzdi. Cənab Prezident Ermənistanın Azərbaycana qarşı etdiyi böyük fəsadlara baxmayaraq, bu ölkə ilə normaq münasibətlər qurmaq istəyini ortaya qoydu. Burada yenə də hər şey Ermənistanın özündən asılıdır. Azərbaycan özünü Ermənistana zorla dost kimi qəbul etdirməyəcək. Rəsmi Bakı İrəvansız da regionda söz sahibidir. Dünya birliyinin nüfuzlu ölkələrindəndir. Onun nüfuzu durmadan artır. Bu baxımdan Ermənistan istəyərsə, Azərbaycanın təşəbbüskarı olduğu iqtisadi layihələrdə yer ala bilər. Azərbaycanın və Türkiyənin iqtisadi potensialından yararlanması da mümkündür. İstəməyəcəksə, Ermənistanın bir dövlət kimi süqutu davam edəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki