image-natig_mammadli_100621backend

Elə müsabiqə keçirmək istəyirik ki, jurnalistlərin əməyi layiqincə qiymətləndirilsin – MEDİA-nın şöbə müdiri (MÜSAHİBƏ)

image-reklam_sirab_01

Medianın İnkişafı Agentliyinin (MEDİA) Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli Trend-ə müsahibəsində Agentliyin jurnalistlər üçün elan etdiyi müsabiqənin yeni şərtlərindən və üstünlüklərindən danışıb.

Veteninfo.az Veteninfo.az Trend .az-a istandla N.Məmmədli ilə müsahibəsin təqdim edir:

– Bu gün MEDİA elan etdiyi fərdi jurnalist müsabiqəsi bu vaxta qədər elan olunmuş müsabiqələrdən nə ilə fərqlənir?

– Jurnalistlərimizin fərdi bilik və bacarıqlarının inkişaf etdirilməsi, potensiallarının üzə çıxarılması MEDİA Agentliyi üçün prioritet təşkil edir. Bunun üçün elə meyarlar və prinsiplər əsasında müsabiqə həyata keçirmək istəyirik ki, jurnalist həmkarlarımızın yaradıcı əməyi layiqincə qiymətləndirilsin, eyni zamanda haqsız rəqabət hallarına, digər subyektiv nüanslara yol verilməsin. Bu vaxta qədərki təcrübəni nəzərdən keçirərək tamamilə yeni mexanizmlər təklif etdik. Birinci növbədə, jurnalist yaradıcılığını məhdudlaşdıran bütün amillər aradan qaldırıldı. Agentlik hər hansı material hazırlamaq üçün sifariş vermir, əksinə jurnalistin özünün seçimi əsasında müsabiqə elan olunan günə qədərki son üç ay ərzində işıq üzü görmüş istənilən materialını təqdim etmək sərbəstliyini dəstəkləyir. Jurnalist öz işini yalnız müsabiqə şərtlərinə uyğun qurmur, şərtlər jurnalistin yaradıcı sərbəstliyinə uyğunlaşdırılır. İkincisi, müsabiqənin nominasiyaları praktik jurnalistikadan çıxış edərək müəyyənləşib ki, bu da mediamızın ümumi intellektual mənzərəsini yaratmağa imkan verəcək. Bu vaxta kimi bütün media subyektlərində çalışan həmkarlarımızın hamısının qatılıb faydalana biləcəyi müsabiqə formatı olmayıb. İndi isə qəzet və veb-sayt müxbirindən tutmuş – televiziya operatoruna kimi, bütün əməkdaşların iştirakına nail olmuşuq. Təqdim olunmuş materiallar ekspertlər tərəfindən qiymətləndirildikdən sonra 10 nominasiyanın hər biri üzrə 5 nəfər olmaqla qəzet və onlayn media subyektlərinin 50 əməkdaşı, audioviziual media üçün nəzərdə tutulmuş 5 nominasiyanın hər biri üzrə 4 nəfər olmaqla 20 əməkdaş qalib elan olunacaq.

– Qiymətləndirmə meyarları barədə nə deyə bilərsiniz?

– Müsabiqəyə təqdim olunacaq materialların qiymətləndirmə meyarlarında prinsipial dəyişikliklər var. Eyni materialın üç fərqli ekspert tərəfindən fərdi qaydada iyirmi ballıq sistemlə qiymətləndirilməsi aparılacaq və bu zaman qeyd etdiyimiz kimi, müəllif yanaşmasındakı orijinallığa önəm veriləcək. Müsabiqənin şərtləri əlçatandır, lakin bu, jurnalistin məsuliyyətini azaltmır. Müsabiqəyə material təqdim olunarkən nəzərə alınmalıdır ki, onların hamısı ekspert qiymətləndirilməsindən keçəcək. Bu zaman materialın jurnalistikanın ümumi prinsiplərinə uyğunluğu, üslubi keyfiyyətləri, dilin norma və qaydalarına əməl olunmasına fikir veriləcək. Materialın maarifləndirici əhəmiyyəti də qiymətləndirmə meyarları sırasında vacib amillərdən biridir.

– Qeyd etdiniz ki, müsabiqə mediamızın ümumi intellektual mənzərəsini yaratmağa imkan verəcək. Bununla nəyə nail olmaq istəyirsiniz?

– İnformasiya texnologiyalarının inkişafı mediaya ciddi təsirini göstərməkdədir. Azərbaycan jurnalistikası öz işini yeni çağırışlara cavab verərək qurmalıdır. Artıq ciddi media subyektlərimiz bu tendensiyalara uyğunlaşmaq üçün addımlar atırlar. Agentlik də öz növbəsində jurnalistlərin fərdi bacarıqlarının üzə çıxarılmasına və dəstəkləməsinə yönəlmiş müsabiqəsi ilə bu prosesə takan verir. Ənənəvi prinsiplər üzərində qurulmuş yazı tərzi, mövzu təqdimatı daha çox vizuallığa meyilli olan müasir oxucunun təlabatına cavab vermir. Reportajların hazırlanma formalarına, xüsusən də bədii publisistika janrının növlərinə verilən tələblər öz dinamikliyi ilə diqqəti cəlb edir. Müsabiqəyə təqdim olunan istiqamətlərdə məhz bu nüanslar nəzərə alınıb. Əvvəlki müsabiqələrdə yazıların həcmi və forması ön planda özünü göstərirdi ki, bu da əksər vaxtlarda sözçülüyə, təkrarçılığa gətirib çıxarır, jurnalistin fərdi üslubunu arxa plana keçirirdi. Yeni şərtlərdə biz mövzuların işlənməsindəki orijinallığa və məzmuna xüsusi diqqət yetirəcəyik. İndi jurnalist hazırladığı müsahibədən tutmuş – köşə yazısı və oçerkinə qədər, ən yaxşı hesab etdiyi istənilən materialını müsabiqəyə təqdim edə bilər. Eyni prinsiplər audiovizual media subyektlərinin təqdim edəcəyi materiallara da şamil edilir. Burada yalnız xronometraj həddi müəyyən edilib ki, bu da xəbər süjetləri üçün nəzərdə tutulmuş ümumi normativlərdən irəli gəlir.

Bir vacib amili də vurğulayaq ki, regionlarda çalışan həmkarlarımızın, habelə idman jurnalistlərinin fərdi müsabiqələrdə iştirakı faktiki olaraq mümkünsüz idi, hazırda isə onlar öz materiallarını istənilən nominasiya üzrə müsabiqəyə təqdim edə biləcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image