Azərbaycanda həmişə təhsilə üstünlük verilmişdir və qeyd etmək lazımdır ki, hər bir güc strukturunda (DİN, DTX, FHN, Ədliyyə Nazirliyi və s.) yüksək ixtisaslı kadrlar buraxan öz ali təhsil müəssisələri mövcuddur. Lakin məntiqli sual meydana çıxır: «Prezidentin mühafizə əməkdaşı olmaq üçün harada təhsil almaq olar?», çünki dövlət Başçısının təhlükəsizlik xidməti də yuxarıda sadalanan orqanlar kimi Ali Baş Komandanın tabeliyindədir. Prezidentin xüsusi təhlükəsizlik xidmətinin təşkili və nəzarəti şöbəsinin keçmiş rəisi, «Azərbaycan – Ukrayna» beynəlxalq alyansının indiki sədri Elmar Məmmədov bu məsələ barədə öz fikrini bildirmişdir:
Açıq etiraf edirəm ki, Prezidentin təhlükəsizlik xidmətində iş asan deyil. Mən bu sistemdə 25 il işləyərkən bir çox incəlikləri dərk etdim. Hər gün yeni bir şey öyrənirdim, çünki Prezidentin mühafizə sistemi üzrə rəsmi elmi baza mövcud deyil. Baxmayaraq ki, dövlət Başçısının təhlükəsizliyi istənilən ölkədə ən əsas prioritetlərdən biridir. Prezidentin təhlükəsizlik xidmətində müxtəlif ali təhsil müəssisələrində təhsil almış, bu fəaliyyət üçün uyğun bilik və vərdişlərə malik, öz işinin peşəkarı olan insanlar çalışır, onlardan bəziləri xarici dil bilir, bəziləri döyüş sənətinə malikdir, ümumiyyətlə hər bir əməkdaşın bilik bazası fərqlənə bilər.
Bu səbəbdən mən bu istiqamət üzrə Ali təhsil müəssisəsinin təsis edilməsini təklif etmək istərdim, burada təhlükəsizlik vərdişlərinin öyrədilməsi, kommunikasiya, intellektual inkişaf üzrə və dövlətin birinci şəxslərinin xarici səfərlərini nəzərə alaraq, şübhəsiz ki, xarici dillər üzrə tədris proqramı işlənib hazırlana bilər. Bu təhsil müəssisəsi Prezidentin təhlükəsizlik xidmətində işin tələblərinə tam uyğun olan kadrlar buraxa bilər.