Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə “Musiqi kimliyimiz” layihəsini növbəti dəfə təqdim edib.
Filarmoniyadan Vətəninfo.az-a verilən xəbərə görə, layihə bu dəfə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, el havaları və dastanların mahir ifaçısı, əbədiyaşar Aşıq Şəmşirin əziz xatirəsinə həsr olunub.
“Musiqi kimliyimiz” layihəsinin ilk günü Gəncə şəhər Fikrət Əmirov adına 1 saylı uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin, o cümlədən bir sıra aşıqların iştirakı ilə konsert proqramı keçirilib.
Tədbiri giriş sözü ilə açan Gəncəbasar Aşıqlar Birliyinin sədri Aşıq Saleh keçirilən layihəni yüksək qiymətləndirdiyini, zəngin irsi olan aşıq sənətini bugünkü nəslə çatdırdığı üçün təşkilatçılara təşəkkürünü bildirib.
Layihənin ilk günü Aşıq Rafiq, Aşıq Ramin, Aşıq Bəhruz və başqalarının çıxışı ilə yadda qalıb.