Göygöl rayonunda III Milli Yaylaq Festivalının açılışı olub.
Vətəninfo.az xəbər verir, açılış mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov yaradılan şəraitlə tanış olub,
qurulan guşələrə baş çəkib.
Məlumat verilib ki, Xan yaylağında üç gün davam edəcək festival çərçivəsində orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə
yaradılıb.
Qəsəbədə yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, Cıdır meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”
(tamaşalar üçün səhnə), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər tematik sahələr
mövcuddur.
Etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənlikləri olacaq. Festivalda ölkəmizdən və xaricdən çoxsaylı qonaqlar
iştirak edir.
Festival şərti olaraq üç – mədəni-etnoqrafik, milli yaylaq (idman) oyunları və eko-etnoturizm hissədən ibarətdir.
Qeyd edək ki, festival “Cavad xan” Tarix və Mədəniyyət Fondu ilə “Kap.az” Fərqli Turizm MMC-nin təşkilatçılığı, Dövlət Turizm
Agentliyi, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası,
Gəncə şəhər, Göygöl Rayon İcra hakimiyyətləri, Dövlət Məşğulluq Agentliyi və KOBİA-nın dəstəyi ilə gerçəkləşir.
Xatırladaq ki, ilk festival 2019-cu ildə Gədəbəy rayonunda, ikincisi isə 2022-ci ildə Göygöl rayonunda keçirilib.