Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının idarə heyətinin üzvü, Həkim Radioloq Aytəkin Haşımova saytımıza müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
-Aytəkin xanım, bu gün bəzi media orqanlarında yayılan məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən hazırlanan davamlı tibbi təhsil modeli artıq aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb və Milli Məclisə təqdim olunub. Bilirik ki, bu məsələyə qarşı keçirilən etiraz aksiyalarının əsas təşəbbüskarı siz olmusunuz. Bu yeniliklə bağlı fikirləriniz nədir?
-Bəli, məlumatlar doğrudur və bu xəbəri mən də böyük sevinclə həm mediada izlədim,həm də Səhiyyə Nazirliyin məsul əməkdaşı telefon zəngi ilə müjdələdi sağ olsun.
Düz üç ildir ki, bu məsələ ilə bağlı mübarizə aparırıq.
Mən Haşımova Aytəkin Yusif qızı, həkim-radioloq olaraq, bu prosesin başlanğıcında ilk imza toplayanlardan və məsələni rəsmi şəkildə qaldıran şəxslərdən biri olmuşam. Minlərlə həkimin imzasını toplayaraq, həm Səhiyyə Nazirliyinə, həm də Milli Məclisə təqdim etmişik. Müraciətlərimiz əsasında Səhiyyə Nazirliyi, parlamentin Səhiyyə Komitəsi və digər aidiyyəti qurumlarla bir çox görüşlər keçirildi. Xüsusilə cənab nazir Teymur Musayev dəfələrlə məni qəbul etdi və mövzuya diqqətlə yanaşdı. Nəhayət, bu gün bu problemin həllinə doğru atılmış real addımları görmək həm mənim, həm də bu yolda mənə dəstək olan bütün həmkarlarım üçün çox sevindirici xəbərdir.
– Bu prosesdə sizin şəxsi fəaliyyətinizə necə təsir olub?
-Təəssüf ki, bu mübarizə mənim praktik fəaliyyətimə başa gəldi. Sertifikasiya imtahanlarına etiraz etdiyim üçün Azərbaycanda həkim kimi rəsmi fəaliyyətimi davam etdirə bilmədim. Amma bu mənim üçün qorxulacaq bir şey deyildi, çünki məqsədim imtahandan qaçmaq deyildi – məqsədim bu vacib problemə diqqət çəkmək və tibb işçilərinin ümumi mənafeyini müdafiə etmək idi. Gənc və savadlı həkimlərimizin ölkəni tərk etməsinin, işsiz qalan tibb işçilərinin qarşısını almağın həlli yollarından biri də bu sistemin ədalətli şəkildə dəyişdirilməsi idi.
-Bu müddətdə peşəkar fəaliyyətinizi necə davam etdirdiniz?
– Rəsmi iş yerimdən uzaqlaşdırılsam da, könüllü olaraq fəaliyyətimi davam etdirdim. Azərbaycan Könüllü Həkimlər Assosiasiyası nəzdində idarə heyətin üzvü kimi şəhid ailələrinə, qazilərə, ehtiyaclı ailələrə, autizmli uşaqlara və valideyn himayəsindən məhrum olanlara xidmət göstərdim. Laçın-Xankəndi yolundakı ekoloji aksiyada ilk gündən son günə qədər və 2023-cü ilin antiterror əməliyyatları zamanı da könüllü həkim kimi iştirak etdim. Yerigəlmişən qeyd edim ki, elə bu xidmətlərimə görə Səhiyyə Naziri özü məni “Fəxri Fərmanla” təltif edib. Mənim üçün həkimlik sadəcə iş deyil, həyat missiyasıdır.
-Gələcək planlarınız nələrdir?
-Doğrusu ağ xalatım üçün çox darıxmışam.( sevinc və kədər qarışıq gülümsəyir) Ümid edirəm ki, Milli Məclis bu qanun layihəsini təsdiqləyəcək yenidən qanuni şəkildə praktik fəaliyyətə başlayacağam. Mən səbirsizliklə o günü gözləyirəm. Bu yol çətin olsa da, ədalətin bərqərar olacağına inanıram. Cənab nazir Teymur Musayevə bu məsələdə göstərdiyi həssas münasibətə görə bir daha təşəkkür edirəm. Arzum odur ki, nazirlikdən tutmuş sıravi həkimədək hər kəs birlikdə Azərbaycan səhiyyəsinin inkişafı üçün çalışsın və bu sahə ən yüksək səviyyəyə yüksəlsin.
Bizim bir şüarımız var: sağlam Azərbaycan naminə xidmət edirik!