Bu ilin yanvar-avqust aylarında Azərbaycanın ixracının dəyəri 13 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 1,6 milyard dollar təşkil edib.
Veteninfo.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 429 milyon dollar və yaxud 37,1% artıb. 2021-ci ilin 8 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 364,7 milyon ABŞ dolları ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 1,5 dəfə, pambıq iplik 3,1 dəfə, şəkər 2,2 dəfə, kimya sənayesi məhsulları 68%, pambıq lifi 88,5%, alüminium və ondan hazırlanan məmulatlarda isə 45% artım qeydə alınıb.
Qeyri-neft sektoru üzrə ixracda artım 95,3% təşkil etməklə 230,4 mln ABŞ dolları olub. 2021-ci ilin avqust ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 53,1% artaraq 38,3 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 106,6% artaraq 192,1 milyon dollar təşkil edib.