image-1backend

IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin qaliblərinin adları açıqlanıb

image-reklam_sirab_01

“National Music & Global Culture Society”nin (“Milli musiqi və qlobal mədəniyyət” cəmiyyəti) prezidenti, Azərbaycanın əməkdar artisti, fəlsəfə doktoru, professor Nərgiz Əliyarova IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin qaliblərinin adlarını açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, Kian Ravai (ABŞ) müsabiqənin qalibi olub. İkinci və üçüncü yerləri müvafiq olaraq Ceyhun Allahverdiyev (Azərbaycan), Xuanxo Villaroya Qrau (İspaniya) tutublar. Qaliblərə müsabiqənin diplomları, həmçinin pul mükafatları təqdim edilib. Qalib bəstəkar 2000, sonrakı yerlərin sahibləri 1000 və 500 ABŞ dolları alıblar.

Bundan başqa, Kozimo Bombardyeri (İtaliya), Sina Cafarikia (İran), Maykl Tan (Kanada), Ben Yi-Paulson (ABŞ), Rüfət Xəlilov (Azərbaycan), Cared Destro (ABŞ) və Braça Bdil (İsrail) müsabiqənin diplomlarına layiq görülüblər.

Müsabiqənin münsiflər heyətinin tərkibinə Nyu-Yorkun məşhur Culyard Məktəbi Bəstəkarlıq kafedrasının müdiri Melinda Vaqner (münsiflər heyətinin sədri), Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar artist Cəlal Abbasov, Şimali Texas Universiteti Musiqi kompozisiyası kafedrasının dosenti Sunci Qonq daxil olublar. Bu il müsabiqədə dörd qitədən 22 ölkənin nümayəndələri iştirak ediblər.

Nərgiz Əliyarova AZƏRTAC-a müsahibəsində deyib: “Bu, Azərbaycanın musiqi tarixində ilk və yeganə beynəlxalq bəstəkarlar müsabiqəsidir. Budəfəki müsabiqə Azərbaycan xalq mahnılarına həsr olunmuşdu”. O əlavə edib ki, layihənin məqsədi Azərbaycan xalq sənətinə məxsus bir sıra plagiat mahnılar və onların dünyada geniş təbliği məsələsinə diqqəti cəlb etməkdir. “Festival çərçivəsində müsabiqə laureatlarının əsərlərini təqdim etmək imkanına görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkür edir və layihəyə dəstək verdiyi üçün Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinə xüsusi minnətdarlığımızı bildiririk”, -deyə professor bildirib.

Sentyabrın 28-də saat 17:00-da Bakıda Kamera və Orqan Musiqisi zalında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində mükafatçı bəstəkarların əsərlərinin premyerası olacaq. Müsabiqənin qala-konserti isə noyabrın 8-də Nyu-Yorkdakı “Bruno Walter Hall”da yerləşən “Lincoln Center”də keçiriləcək.

Ən yaxşı əsərlər ABŞ vahid kolleksiyada toplanacaq, ABŞ Konqresi Kitabxanasında qeydiyyatdan keçəcək, kitabxana kataloqlarına daxil edilərək Nyu-Yorkda nəşr olunacaq. Artıq Nyu-Yorkda Üzeyir Hacıbəyli və Fikrət Əmirovun melodiyaları əsasında 1-ci və 2-ci bəstəkarlıq müsabiqələri laureatlarının iki əsər toplusu nəşr edilib.

2021-ci ildə keçirilən Birinci Beynəlxalq Bəstəkarlıq Müsabiqəsində 35 ölkədən 50-dən artıq, 2022-ci ildəki müsabiqədə 23 ölkədən 35, ötən il baş tutan üçüncüdə isə 22 ölkədən 54 bəstəkar iştirak edib. Bu illər ərzində Azərbaycan, Böyük Britaniya, ABŞ, Almaniya, Avstriya, İspaniya, Polşa, Çin, Kolumbiya, Gürcüstan və Ukraynanı təmsil edən iştirakçılar müsabiqələrin qalibləri olublar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image