“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi tərəfindən kişilər arasında İİV-in profilaktikasında müasir yanaşmaların tətbiqi və TÖP (təmasdan əvvəl profilaktika) xidmətlərinin əlçatanlığının artırılması istiqamətində fəaliyyət həyata keçirilir.
2024-cü ildə Qlobal Fond və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin layihəsi çərçivəsində İİV-ə yoluxma riskinin azaldılması məqsədilə TÖP xidmətlərinin tətbiqinə yönəlmiş pilot layihəyə başlanılıb. Layihənin ilkin mərhələsində Bakı şəhərində 100 nəfərin əhatə olunması nəzərdə tutulub.
Layihənin başlanğıcında “Gender və Tərəqqi” əməkdaşları üçün TÖP-ün məqsədi, profilaktik əhəmiyyəti, müraciət edən şəxslərlə kommunikasiya və tibbi xidmətlərə yönləndirmə üzrə xüsusi təlim keçirilib.
Təşkilat tərəfindən TÖP barədə məlumatlandırma ilə yanaşı, pulsuz qoruyucular və lubrikantlar təqdim olunur, şəxslər anonim İİV testinə və zəruri tibbi xidmətlərə yönləndirilirlər.
Fevral ayı ərzində 10 nəfər TÖP xidməti barədə məlumatlandırılıb, 10 nəfər müvafiq xidmətlərə yönləndirilib və 10 nəfər profilaktik xidmətdən yararlanıb.
“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi hesab edir ki, TÖP xidmətlərinin tətbiqi İİV-in profilaktikası üçün əlavə və effektiv imkanlar yaradır və gələcəkdə bu xidmətlərin daha geniş əhali qrupları üçün əlçatan olması vacibdir.


























