image-1687600330_cavansir_feyziyevbackend

Laçın şəhərinə həyatın qayıtması tariximizin ən qürurlu səhifələrindən biridir

image-reklam_sirab_01

1992-ci ildə Laçının işğal edilməsi Azərbaycan xalqının düşmən təcavüzü qarşısında müqavimətini əhəmiyyətli dərəcədə sarsıtmışdı. İşğalçı Ermənistanla Qarabağ separatçıları arasında son dərəcədə strateji əhəmiyyətli mövqeyə malik olan Laçın rayonunun itirilməsi savaşların nəticəsinə xeyli dərəcədə təsir göstərdi. Lakin belə böyük bir itki də xalqımızı sarsıtmadı, onun qələbə əzmini qıra bilmədi. Bütün işğal dövründə hər bir Laçınlı öz doğma torpaqlarına qayıtmaq inamı ilə yaşadı və qayıtdı. 31 illik işğaldan sonra Ordumuzun şücaəti və Prezident İlham Əliyevin mahir diplomatiyası sayəsində döyüşsüz təhvil alınan Laçın şəhəri yandırılmış və viran edilmişdi. Gecə-gündüz dayanmadan aparılan abadlıq-quruculuq işlərinin nəticəsində Laçın öz füsunkar simasını bərpa etməkdədir. Böyük Qayıdışın növbəti mərhələsi olan Laçına qayıdış artıq başlanıb. Keçmiş məcburi köçkünlər öz doğma evlərinə qovuşmağın sevincini yaşayır. 3 il öncə dekabrın 1-də işğaldan azad olunan Laçın şəhərində yeni həyat başlayıb. İlk Laçın şəhər günündə həsr olunmuş tədbirdə çıxış edən dövlət başçısı hər bir Laçınlının bu günü böyük qürur hissi ilə yaşadığını qeyd edərək demişdi: “Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük.”

Ötən ilin 23 aprel tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulduğunu vurğulayan Prezident bildirmişdi ki, “…23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir.” Vətən Müharibəsi rəsmən 2020-ci ilin 9 noyabrında başa çatsa da Azərbaycanın öz suverenliyini tam bərpa etməsi məhz 23 aprel 2023-cü il tarixində Ermənistanla Azərbaycan arasında ilk sərhəd-buraxılış məntəqəsinin bərpa edilməsi ilə təmin olundu. 19-20 sentyabr tarixlərində keçirilən anti-terror tədbirlərindən sonra isə Xankəndi və onun ətrafındakı yaşayış məntəqələrində yuva salmış xunta rejiminin qalıqları bir sutka ərzində təslim oldular. Bu Azərbaycan dövlətinin gücünü, cəsarətini və xalqımızın dəmir iradəsini nümayiş etdirən əlamətdar bir hadisə idi.
Rəşadətli Azərbaycan Ordusunun yenilməz iradəsi nəticəsində 2022-ci ilin 26 avqust tarixində Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü və bununla Laçının tarixində yeni bir səhifə açıldı. Bu, təkcə müzəffər ordumuzun qazandığı növbəti hərbi uğur deyildi, həm də Azərbaycanın tarixi ədalətinin bərpası idi. Müzəffər Ali Baş Komandan hərbçilərimizin qəhrəmalığını ən yüksək səviyyədə qiymətləndirmiş, onun sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Həmin sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyənləşdirilmişdir.
Laçının işğaldan azad edilməsi bizim üçün həm də Laçın dəhlizinin Azərbaycanın nəzarətinə keçməsi baxımından olduqca əhəmiyyətli idi. Ermənistan qanunsuz olaraq ermənilərin Laçında məskunlaşdırılması siyasətini həyata keçirməklə bütün dünyaya qəbul etdirməyə çalışırdı ki, Laçın rayonu Ermənistanda qalmalıdır, ya da ən azından bütünlükdə rayon özü dəhliz kimi onların nəzarətinə verilməlidir. Lakin, Laçın şəhərinə daxil olmadan Laçın dəhlizinə alternativ yolun çəkilməsinə nail olan Azərbaycan Prezidentinin qətiyyəti, diplomatik məharəti göstərdi ki, onların bu röyası da öncəkilər kimi puç və əfsanə xəyallardan başqa bir şey deyil.
Artıq Laçın yenidən sülh və əmin-amanlıq dövrünə qayıdıb. Laçın bu gün yeni bərpa-inkişaf dövrünü yaşayır. Laçında aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri onun sakinləri üçün ən müasir standartlara uyğun həyat şəraiti təmin edir.
İşğaldan azad olunmuş digər rayonlarımızda olduğu kimi Laçında da cənab Prezident ilk öncə nəqliyyat infrastrukturunun bərpasına böyük əhəmiyyət verir. Rayonda yeni avtomobil yolları, tunellər, keçidlər inşa olunur. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən, uzunluğu 75,8 kilometrdir olan, Kəlbəcər – Laçın avtomobil yolu rayonun yol – nəqliyyat infrastukturu üçün mühüm əhəmiyyət daşıyır. Bu yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpünün də inşa edilməsi nəzərdə tutulur.
Təməli 2021-ci ildə qoyulmuş Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilən hava limanın uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq, burda 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Təbii ki, hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq, sosial-iqtisadi inkişafına təkan verəcək. Bu, postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq və strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.
“Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq cənab Prezidentin işğaldan azad olunmuş rayonlarımızın bərpasında xüsusi diqqət ayırdığı sahələrdən biri də enerji təhlükəsizliyidir. 2021 – ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təmin edə biləcək. Burada istehsal olunan elektrik enerjisi təkcə Laçının yox, qonşu rayonların da elektrik enerjisi ilə təmin edilməsində mühüm rol oynayacaq. Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan “Ağbulaq”, “Mişni” və “Alxaslı” Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tam yenidən qurulmuşdur. Hazırda “Merik” və “Ağbulaq” Su Elektrik stansiyalarında son tamamlama işləri aparılır. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları 2023-cü il avqustun 25-də, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları isə 2024-cü il mayın 10-da işə salınıbdır.
Laçında aparılan genişmiqyaslı quruculuq işlərinin önəmli bir hissəsi də yaşayış binalarıdır. Bu günə qədər 620 – si fərdi yaşayış binası olmaqla bütövlükdə 700 – dən artıq bina inşa edilmişdir. Laçın rayonunda 510 şagirdin təhsil alması üçün 2 nömrəli tam orta məktəb yerləşir. Həmçinin, dövlət başçısının sərəncamı ilə Laçın rayonunun, Zabux kəndində 176 şagird üçün nəzərdə tutulan tam orta məktəbinin binasının layihələndirilməsi, təmiri və bərpası işləri aparılır.
Şəhərin bərpası prosesində onun turizm potensialı nəzərə alınaraq, uyğun infrastruktur yaradılır. Belə ki, Laçında 100 otaqlı, 10 kottecdən, kafe və restoranlar, əyləncə və istirahət mərkəzlərindən ibarət mehmanxana kompleksi inşa olunacaq.
2023 – cü ilin 25 avqust tarixində, adını Laçının əsas rəmzlərindən olan Hoçaz qayalıqlarından götürən, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olmuşdur. İki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarət olan, Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi hesab edilən bu studiya, çəkiliş məqsədilə regiona gələn yerli və xarici film istehsalçılarına bölgənin zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik və lokasiya xidmətləri göstərəcək, onları müvafiq avadanlıqla təmin edəcək.
Laçın bərpa və quruculuq işlərində istehsal müəssisələrinin yaradılması əhəmiyyəti rol oynayır. Belə müəssisələrdən biri də Laçın rayonun sənaye zonasında yaradılan, illik istehsal gücü 3 min kubmetr olan mebel fabrikidir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq, ümumilikdə 100 nəfər işlə təmin ediləcək. Laçın şəhərində yaradılan Aqro-Sənaye Parkında isə 46 müəssisə fəaliyyət göstərəcək.
Zerti Aqro-Sənaye Parkı kənd təsərrüfatının inkişafı sahəsində çox böyük əhəmiyyətə malikdir. Parkda yem istehsalı, həmçinin göyərti və tərəvəzlərin becərilməsi üçün konteyner tipli təsərrüfatlar yaradılıb. Burada 1100-dən çox iş yeri açılacaq.
Laçında heyvandarlığın inkişafı üçün də böyük imkanlar var. Belə ki, ötən ilin 25 avqust tarixində Qarabağın ilk nərəyetişdirmə təsərrüfatı olan “Həkəri Balıq Təsərrüfatı” fəaliyyətə başlayıb.
28 may 2023-cü il tarixindən başlayan Laçına qayıdış laçınlıların doğma yurd həsrətinə son qoyub. Bu zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşmüş, evlərin açarlarını onlara təqdim etmişdir. Cənab Prezident həmin görüş zamanı çıxışında söyləmişdir ki: “ Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun” .
Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib. Laçın rayonun Zabux və Sus kəndlərində də əhalinin köçürülməsi üçün hər bir şərait yaradılır. Belə ki, 245 ailənin köçürülməsi nəzərdə tutulan Zabux kəndində, 50 yerlik uşaq bağçası, inzibati bina inşa edilib. Evlərin, sosial obyektlərin, küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə edilən Zabux kəndində Dövlət Proqramına əsasən indiyədək 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin edilib. Tamamilə yenidən tikilərək istifadəyə verilən Sus kəndinə isə, 59 ailə – 214 nəfərin köçürülməsi nəzərdə tutulur. 25 hektar ərazini əhatə edən, 132 yerlik orta məktəb, 50 yerlik uşaq baxçası inşa olunan kəndə 20 ailənin köçürülməsi təmin olunub.
Böyük dağıntılara məruz qalmış bu qədim diyarda yenidənqurma sürətlə aparılır. Hazırda şəhər daxilində yeraltı kabel xətlərinin çəkilişi davam edir. Rayonun Zabux, Cağazur, Qorçu, Qaragöl istiqamətində elektrik şəbəkələrinin yenilənməsi yekunlaşıb, Şəlvə, Qaragöl, Sus, Bəylik, Zağazur, Minkənd istiqamətinə çəkilən 35 kV-luq hava xətti başa çatdırılıb. Quşçu kəndində isə yeni ÖİN-3 kabel hava xəttinin çəkilişinə başlanılıb. Hal-hazırda şəhər ərazisində yeni 35/0.4 kV-luq yarımstansiya və rəqəmsal idarəetmə mərkəzinin, eləcə də Minkənd ərazisində yeni 110/35/10 kV-luq yarımstansiyanın tikintisi üçün hazırlıq işləri görülməkdədir.
Bir sözlə, Şərqi Zəngəzurun dilbər guşələrindən olan bu ərazidə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra tam təhlükəsiz bir şəraitdə yurdlarına qayıtmasına əlverişli imkan yaradılıb.
Cənab Prezident İlham Əliyev Laçına 7 dəfə səfər etmişdir. Bu səfərlərin hər birində yeni avtomobil yollarının, sosial-infrastruktur obyeklərinin təməli qoyulmuşdur.
Laçın şəhərinin azad olunması tarixi ədalətin bərpası olmaqla yanaşı, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün təmin olunması istiqamətində də mühüm addım olmuşdur. Laçın artıq təkcə Azərbaycanın sərhəd şəhəri deyil, həm də ölkənin iqtisadi, mədəni və turizm potensialının yeni simvoluna çevrilən, inkişaf etməkdə olan, gələcəyi böyük uğurlar vəd edən əhəmiyyətli bir bölgəmizdir.
Bu gün Laçın və laçınlılar gələcəyə böyük inam və ümidlərlə baxırlar. Ölkəmizin ən cazibədar guşələrindən biri olan Laçın şəhərinə həyatın qayıtması ilə bütün Azərbaycan xalqı öz tarixinin ən qürurlu səhifələrindən birini yaşayır. Azərbaycan xalqı bu zəfəri qazananları və bu möhtəşəm tarixi yaradanları heç vaxt unutmayacaq.

Cavanşir Feyziyev
Fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki